Aprelin 17-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə təşkilatçılığı ilə “Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda ictimai dinləmə keçirilib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında Prezident İlham Əliyevin Hacıqabulda yenidən qurula-caq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışına toxunaraq dünyada baş verən hadisələrin, ətraf mühit və iqlim dəyişikliklərinin bütövlükdə bəşəriyyəti düşündürdüyünü deyib.
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan komitə sədri ölkəmizin işğaldan azad olunmuş ərazilərinin “Yaşıl enerji” zonası elan olunmasının əhəmiyyətindən söz açıb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu il Azərbaycanda keçiriləcək COP29 çərçivəsində görüləcək işlərə toxunub, ölkəmizdə ekoloji sağlamlığın təmin olunması, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımların atıldığını söyləyib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında deyib ki, Prezident İlham Əliyevin 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etməsi dövlətimizin ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə böyük diqqətinin və qayğısının təzahürüdür.
Səhiyyə nazirinin müavini İlqar Qasımov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, deputatlar Jalə Əliyeva, Asim Mollazadə, Naqif Həmzəyev, Nəsib Məhəməliyev, İltizam Yusifov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və başqaları çıxış edərək əhalinin sağlamlığının müdafiəsinin vacibliyini şərtləndirən amillərindən söz açıblar, ətraf mühitin mühafizəsinin gücləndirilməsinin və ekoloji maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.
XQ