Türk aşıq sənətinin “Qoca qartal”ı

post-img

 TÜRKSOY-un 2024-cü il təqvimində anadan olmasının 100 illiyi türk dünyasında yüksək səviyyədə yad olunan XX əsrin ustad sənətkarı Mikayıl Azaflı təkcə Azərbaycanda deyil, Türkiyə və İranda da yaxşı tanınan, sevilən el sənətkarlarından olub.

 Yaradıcılığı və şəxsiyyəti ilə el-obada geniş tanınan və nüfuz qazanan Azaflı sovet dövründə Azərbaycan aşıq sənətini layiqincə təmsil edib, lakin haqq aşıqlarının bir çoxu kimi acı tale yaşayıb. Gənc yaşlarından təqiblərə məruz qalıb, məhbəs həyatı yaşamalı olub. Amma rejim onu susdura bilməyib, “Zindan şeirləri” ilə daha da məşhurlaşıb.

Mikayıl Azaflının yaradıcılığı barədə görkəmli tədqiqatçılar, folklorşünas-alimlər dəyərli fikirlər söyləyiblər. Amma onun Türk dünyasında tanıdılmasında türkiyəli tədqiqatçı Ali Kafqasiyalının xüsusi yeri var. Quzey və Güney Azərbaycan türklərinin Ali Kafqasiyalı həm də Azaflının həyat və yaradıcılığına həsr olunmuş doktorluq işinin və Türkiyədə nəşr edilmiş “Mikayıl Azaflı: həyatı, sənəti, əsərləri” və “Qoca qartal Azaflı”  kitablarının müəllifidir. Aşağıda sağlığında ustad aşıqla dəfələrlə görüşən və həmsöhbət olan  professor Əli Kafkasiyalının Mikayıl Azaflının Vətən və millət məhəbbətini qədərincə dəyərləndirən yazısını təqdim edirik.

          İnsan ürəyi təhlükə hiss etdikdə dərhal bədənin qanını özünə çəkər, zədə zamanı onun axmasının qarşısını alır. Qanın çəkilməsi ilə insanın bənizi solar,rəngi qaçar, amma  bədənin hər hansı bir hissəsi zədələnəndə qan çıxmaz.

Millətin ürəyi olan şairlər, yazıçılar, ziyalılar ölkə darda olanda xalqın can damarı olan milli-mənəvi dəyərlərini qorumağa çalışırlar. Çünki bilirlər ki, millətin yaşaması onun dilinin, mədəniyyətinin varlığından asılıdır. Dilini, mədəniyyətini qoruyub saxlayan xalqlar gec-tez dünya səhnəsində öz layiqli yerini tuta bilirlər.

Dünyanın müxtəlif guşələrində yaşayan bəzi türk xalqları da təəssüf ki, bu ağır durumu yaşayıblar. Bu günkü İran türklərinin həyatı bunun ən bariz nümunəsidir. Arada qısamüddətli istiqlal dadını dadsalar da, yüz ilə yaxın türk dili və təhsilindən məhrumdurlar. 2024-cü ilin günümüzə qədər qırx milyona yaxın türkün dili və mədəniyyəti ozan və şairlərin ümidinə qalıb. İki mindən çox fədakar və qəhrəman el aşıqları hər cür təqib və zülümlərə dözərək fars hegemonluğu altında yaşayan türkləri sazsız, sözsüz, ədəbiyyatsız, musiqisiz qoymadılar. Çox zəngin sənət olan aşıqlıq ənənəsi ilə milli-mənəvi dəyərlərini yaşatdılar.

Şimali Azərbaycanda da uzun illər oxşar vəziyyət hökm sürüb. Bir çox şairlər, yazıçılar, alim və ziyalılar Çar Rusiyasının hakimiyyəti, xüsusən də bolşevik istilası dövründə həbs edilib Sibirə sürgün edildi və ya güllələndi. Kommunist rejimi tərəfindən əzilən və ömrünün bir hissəsini zindanlarda keçirən belə sənətkarlardan biri də Aşıq Mikayıl Azaflı olub. O,  XX əsrin  ikinci yarısında  xalqın yetişdirdiyi  görkəmli  el sənətkarıdır,  şairdir, eyni zamanda,  görkəmli saz  havaları yaradan ustaddır. Sovet dövründə Mikayıl Azaflının əsərləri əldən-ələ gəzsə də,  toplu şəkilində işıq üzü görə bilmədi. Çünki aşıq sənətinin el arasındakı  hörmətindən bəhrələnməyə çalışan sovet rejiminin tələblərinə boyun əymədi, müqəddəs aşıq sənətini kommunist təbliğatının alətinə çevirilməsinə imkan vermədi. Bu səbəbdən də uydurma “cinayətlərlə” hələ gənç yaşlarında  təqsirli bilinib azadlıqdan məhrum edildi. 

“Dövran zindanlara atdı daşımı,

Amansız cəllada verdi başımı”

 - deyən aşığın əsərlərininin çapına  təbii ki, icazə verilməməliydi.

Azaflı bütün yaradıcılığı ilə xalqın dərdlərinin tərcümanı idi. Hər cür təzyiqlərə baxmayaraq, sazını yerə qoymadı, fikrini söyləməkdən çəkinmədi. Yuxarıda ürək metaforası ilə ifadə etdiyimiz kimi, o, Azərbaycan türklərinin döyünən ürəyi olmuş, milli-mənəvi dəyərlərə qanad vermişdir. Həyatı min cürə haqsızlıqlara məruz qalsa da şeirlərində vətən oğullarını mərdliyə, mübarizəyə səsləmişdir: 

Alçaq olma bu beş günlük dünyada,

Nəsimi tək soyulsan da kişi ol.

Babək kimi doğrasalar qolunu,

Öz qanınla yuyulsan da kişi ol.

Sovetlər İttifaqında uzun illər “türk” sözünün işlədilməsinə  icazə verilməsə də, şəxsiyyət vəsiqələrindən “türk” adı çıxarılsa da, Azaflının şeirlərində bu ad qürür, öyünc yeri olub: 

Türkəm, Türkün balasıyam, 

Hər dərdinə galasıyam, 

Əbədi od alasıyam, 

Söndürəmməz sellər məni, 

Unutmasın ellər məni.

Azaflının sənət dünyasında insan, el, millət, türk adı ən hörmətli, müqəddəs dəyərlərdir. O, 1989-cu ilin noyabrında İstanbula dəvətlə iştirak etdiyi mərasimdə  oxuduğu “Sizin ellər, bizim ellər” rədifli şeirində tarixdə böyük iz qoymuş türk millətinin, xüsusilə Quzey və Güney Azərbaycanında yaşayan türklərin ayrılıq yazılmış ağır taleyini diqqətə çatdırsa da, türk dünyasının birliyinə - qardaş ölkələrin bir araya gəlib əl-ələ verməsi ilə mümkün olacağına da eyham vurub: 

Tarixlərdə qoymuşdur iz,

Taleyi kəm gəldi təmiz,

Türk, İstanbul, Bakı, Təbriz,

Sizin ellər, bizim ellər.

Azaflı türk dünyasının ən böyük qanayan yarası olan Güney Azərbaycan türklüyünü heç vaxt gözündən, ürəyindən uzaq tutmadı. O, İran türklərinin göz yaşlarının, könüllərinin səsi olan Şəhriyara müraciət edərək dərdlərini dilə gətirib, onunla həmdərd  olduğunu bildirib:

Ey Şəhriyar, aman gardaş hardasan?

Bilməyirəm ya azadsan, dardasan. 

Yoxsa sən de mənim kimi dardasan?

Göz yaşımdan yaranmışdır dəryalar,

Harayıma haray versin dünyalar.

 

Ey Şehriyar, açma yaram hoylanar, 

Var, dəvlətim yad əllərdə paylanar, 

O sahildən bu sahilə boylanar, 

İki gardaş birbirindən aralı, 

Firqətindən könlüm olmuş yaralı.

 

Ey Şehriyar, atalarım asıldı, 

Körpələrin ürəkləri yarıldı, 

Qardaşlarım Sibirlərdə gırıldı, 

Biləmmədim məzarının yerini, 

Fələk gırdı gollarımın pərini.

Azaflının vətən, millət  sevgisi ölçüyə gəlməyəcək dərəcədə hədsizdir. Bu Leylinin Məcnuna, Kərəmin Əsliyə, Fərhadın Şirinə olan sevgisi kimidir. O, həyatını buna həsr edib. Yaşadığı bəlaların çoxu bu sevgidən qaynaqlanırdı. Bu müqəddəs varlıq üçün hər cür əzab-əziyyətə dözdü, saçını ağartdı, canını yaxdı.  “Ey Vətən” şeirində Vətəndən ən ülvi məcazlarla bəhs edib:

 Sən məkanım, sən ilhamım, sən yazım,

Ömrüm, günüm, sevdam, səsim, avazım, 

Məhəbbətim, eşqim, arzum, murazım, 

Şöhrətimsən, büsatımsan, ey Vətən.

“Mən sənin eşqinlə” adlı başqa bir şeirində Vətəni insan üçün dünyanın ən müqəddəs varlığı olan anaya bənzədir, ona sadiq bir oğul kimi bağlı olduğunu bildirir. Şeirin birinci bəndində deyir:

Sən əziz ananın balasıyam mən. 

Çəkmə gözlərimdən gözünü, Vətən.  

Günəş ziyasıyla, bahar əliylə, 

Haqqetdim sinəmə özünü, Vətən.

Azaflı vətənini sevməyənləri qınayıb, lənətləyib, canını, ən qiymətli varlığını vətənini sevənlərə “qurban olum” deyərək qurban verib:

Lənət şər oğluna, şeytana lənət, 

Vətəni sevməyən insana lənət, 

Yaxşi ad batıran yamana lənət, 

Həmişə damgadır yaman xalqına 

 

Harda varsa qananların, 

Aşiqiyəm o canların,

Vətən üçün yananların, 

Məlalına qurban olum.

Azaflı şeir yaradıcılığında xalqımıza üz vermiş bəlalar  tam çılpaqlığı ilə açılıb göstərilir. Onun  “Sən demə” adlı zahirən çox adi  görünən qoşmasında tale yüklü dərdlərimizi, öz əlimizlə öz başımıza gətirilənlərin təqdimatını görürük: 

Məni bəlalara gərq edən, bilsən, 

Sən demə, öz dostum, qardaşım imiş 

Gözlərimi tutan, başımı kəsən, 

Sən demə, eloğlum, sirdaşım imiş.

 

Bir afət düz yoldan qaytarır məni, 

Elə bil dünyamdan qoparır məni, 

Gördüm bir daşqın sel aparır məni. 

Sən demə, özümün göz yaşım imiş.

 

Azaflı, o zalim zülmə "nur" deyir, 

Dəryalar üstünde saray qur deyir. 

Bir özgə səs mənə "durma, vur" deyir 

Sən demə, döydüyüm öz başım imiş!

Son olaraq deyə bilərik ki, Mikayıl Azaflı məmləkətin keşməkeşli dövrünə təsadüf edən həyatında qəlbini millətə, yurd sevgisinə bağlayan, onun dərdini öz dərdi bilən, böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq olub. Xalqın yaddaşında da bu cür qalacaq və əbədi yaşayacaq…

Ali Kafqasiyalı,

Ərzincan Binəli Yıldırım Universitetinin 

türk dili və ədəbiyyatı kafedrasının professoru







Mədəniyyət