Milli ədəbiyyatşünaslıq məbədi

post-img

AMEA Ədəbiyyat İnstitutu – 90

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin böyük akt zalında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi münasibətilə mərasim keçirilib. 

“Ədəbiyyatşünaslıq elminin baş qə­rargahı: ənənələr, mərhələlər və çağı­rışlar” adlanan tədbirdə Milli Məclisin deputatları, ali təhsil ocaqlarının, müxtəlif qurumların təmsilçiləri, AMEA-nın əmək­daşları və media mənsubları iştirak edib­lər. Əvvəlcə Ədəbiyyat İnstitutunun nəşr­lərindən ibarət sərgi ilə tanışlıq olub.

AMEA-nın prezidenti, Ədəbiyyat İns­titutunun direktoru, akademik İsa Həbib­bəyli tədbiri açaraq qeyd edib ki, Azərbay­canda ədəbiyyatşünaslıq tədqiqatlarının qədim tarixi və böyük ənənələri var və dövrünün tanınmış simalarından olan Xətib Təbrizinin apardığı sistemli elmi tədqiqatlarla ədəbiyyatşünaslıq elminin möhkəm bünövrəsi yaradılıb. O, həmçinin bildirib ki, orta əsrlərin ədəbiyyat təzkirələ­ri özünün forma və məzmununa görə döv­rün ədəbiyyat antologiyaları və ədəbiyyat tarixi materialları rolunu oynayıb. Azər­baycanda peşəkar ədəbiyyatşünaslıq Mir­zə Fətəli Axundzadə ilə başlayıb. Mirzə Fətəli təkcə Azərbaycan dramaturgiyası­nın və bədii nəsrin deyil, həm də professi­onal ədəbiyyatşünaslığın banisidir. Lakin etiraf etmək lazımdır ki, Azərbaycanda ədəbiyyatşünaslıq müstəqil və sistemli elm sahəsi kimi XX əsrin əvvəllərində ya­ranıb. Görkəmli ədəbiyyatşünas və böyük ictimai xadim Firudin bəy Köçərlinin bu dövrdə yazdığı məşhur “Azərbaycan ədə­biyyatı tarixi materiallları” adlı çoxcildlik əsəri ölkəmizdə professional ədəbiyyat­şünaslığın ən mühüm nailiyyəti sayılmağa tamamilə layiqdir”, – deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Qeyd edilib ki, sovet dövründə fəa­liyyətə başlayan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti ilə Azərbaycanda el­min digər sahələri kimi, ədəbiyyatşünas­lıq elmi sahəsində də ilkin təşkilatlanma işinə start verilib, sonrakı onilliklər və xü­susilə də müstəqillik illəri Ədəbiyyat İnsti­tutunun və Azərbaycan ədəbiyyatşünas­lıq elminin inkişafında xüsusi bir mərhələ təşkil edib. 

AMEA rəhbəri Azərbaycan ədəbiy­yatının daha geniş və sistemli şəkildə, azərbaycançılıq idealları və milli-mənəvi dəyərlər əsasında araşdırılıb öyrənil­məsini təmin etmək məqsədilə 2013-cü ildən sonra Ədəbiyyat İnstitutunda zə­ruri struktur islahatlarının aparıldığını, Nizamişünaslıq, Mühacirət ədəbiyyatı, Mətbuat tarixi və publisistika, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı və digər şöbələrin, Füzulişünaslıq sektorunun ya­radıldığını söyləyib.

Son dövrlərin institutun elmi həyatın­da əsl dönüş və intibah illəri olduğu vur­ğulanıb. Rəhbərliyin təşəbbüsü ilə yeni tədqiqat şöbələri yaranıb, elmi araşdırma­ların kəmiyyət və keyfiyyəti yüksəlib. 10 cilddə yeni ədəbiyyat tarixinin hazırlanma­sına rəvac verilib, 44 müəllifin imzası ilə “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” monoqrafiyası işıq üzü görüb. “Azərbay­can ədəbiyyatı: dövrləşdirmə konsepsiya­sı və inkişaf mərhələləri” kitabı ilk sistemli ədəbiyyat tarixi layihəsidir. 

Yubiley tədbirində TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, bu insti­tut ötən 90 ildə Azərbaycanda ədəbiyyat­şünaslığın mərkəzi funksiyasını yerinə yetirir və Türk dünyası ilə elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində müstəs­na xidmətlər göstərməkdədir. Sonra qonaq dahi Azərbaycan şairi Nizami Gəncəvinin portretini və TÜRKSOY-un “Şərəf” nişanını akademik İsa Həbibbəy­liyə təqdim edib. 

Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov isə çıxışında bildirib ki, bu gün Ədəbiyyat İnstitutu iki ölkə alimləri­nin əməkdaşlığını daha da canlandırır, Türk dünyasında elmin, innovasiyanın və yeni kəşflərin təməli “Özbəkistan–Azər­baycan – 2030” strategiyası çərçivəsində fəaliyyətə dəstək verir.

Azərbaycan Respublikası Ağsaqqal­lar Şurasının sədri, Milli Məclisin depu­tatı Eldar Quliyev, Milli Məclisin deputatı Xalq şairi Sabir Rüstəmxanlı, Azərbay­can Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Həmkarlar Təşkilat­ları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov, Avrasiya Yazıçılar Birliyi­nin sədri Yaqub Öməroğlu və filologiya üzrə fəlsəfə doktoru Aysel Qurbanova çıxışları zamanı Ədəbiyyat İnstitutunun tarixi xidmətlərindən və qarşıda duran vəzifələrdən söz açıb, müəssisənin kollektivini təbrik ediblər. Natiqlər qeyd ediblər ki, Ədəbiyyat İnstitutu yalnız el­min laboratoriyası olmaqla kifayətlən­məyib. Müasir yaradıcılıq tendensiyala­rının öyrənilməsində maraqlı olub, ədəbi prosesin dominant mövzularının müəy­yənləşməsində aparıcı rolunu oynayıb, mühitdə müəyyən rezonans yaradan əsərləri müzakirə etməklə onu peşəkar, elmi-nəzəri düşüncənin mərkəzinə gəti­rib. 

Bu günədək Ədəbiyyat İnstitutunda açılan yeni şöbələr, nəşr olunan kitab və jurnallar, xarici ölkələrlə davamlı əmək­daşlığa atılan imzalar, beynəlxalq konf­ranslar, yubiley tədbirləri, elmi sessiya və yaradıcılıq müşavirələri və s. irəliyə doğ­ru atılan mühüm addımlardır. 

Sonda yubileylə əlaqədar Ədəbiyyat İnstitutunun əməkdaşları müxtəlif nomi­nasiyar üzrə təltif olunublar.

Əli ƏLİYEV
XQ





Mədəniyyət