2008-ci ilin yayı idi. Pekində növbəti XXIX Yay Olimpiya Oyunları keçirilirdi. İkiqat Avropa çempionu cüdoçu Elnur Məmmədli avqustun 11-də final görüşünün 12-ci saniyəsində rəqibi üzərində ipponla qələbə qazanaraq, bu nüfuzlu yarışın qızıl medalına sahib oldu. Bu, Azərbaycan idmanının ən fərəhli və heyrətamiz səhifələrdəndir!
Dünya mətbuatı o günlərdə yazırdı ki, azərbaycanlı cudoçu Olimpiya Oyunları tarixində beş görüşün hamısında vaxtından əvvəl qələbə qazanan ilk idmançıdır. Onu da qeyd etmək lazımdır ki, Elnur Məmmədli həm də Azərbaycanın Olimpiya Oyunları tarixində ilk qızıl medal qazanan cüdoçumuzdur.
O gün Pekində qaliblərin təntənəli təltifolunma mərasimi də yaxşı yadımdadır. Azərbaycan Prezidenti İlham Əliyev qalibləri bir-bir təbrik edərək onlara medalları təqdim etdi. Növbə qızıl medalın sahibinə çatanda, dövlətimizin başçısı Elnuru hərarətlə bağrına basdı.
Bir neçə saniyədən sonra zalda müstəqil Azərbaycanın himni səsləndirildi və üçrəngli bayrağımız hamıdan ucada dalğalanmağa başladı. Bu, son dərəcə qürurverici anlar idi.
E.Məmmədli bu barədə söz düşəndə belə demişdir:
– Həmin gün qalib olmasaydım, özümü heç vaxt bağışlamazdım. Hər bir əsgər general olmaq istəyir. Hər bir cüdoçu olimpiya çempionluğunu arzulayır. Bu gün cüdo 200-dən çox ölkədə tətbiq olunan ən populyar idman növlərindən biridir. Azərbayan idmançısı kimi Olimpiya çempionu olmaqdan qürur duyuram.
Elnurdan əvvəl də, sonra da dünya idman olimpinin zirvəsinə yüksələn, ölkəmizin idman şərəfini ucalara yüksəldən idmançılarımız olub, bundan sonra da olacaq. Azərbaycanda idman inkişaf və tərəqqi yolundadır. Bu, danılmaz faktdır, reallıqdır. Dünyada çox az ölkə tapmaq oalr ki, bu gün idmana və idmançıya bizdəki qədər diqqət və qayğı göstərilsin. İdmaançılarımız bunu hiss edir, qürurlanırlar, öz növbələrində ölkəmizin idman icmicini daha da yüksəltmək üçün əllərindən gələni edirlər.
Bu gün isə idmançılarımızın peşə bayramdır. Belə ki, Prezident İlham Əliyevin "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli sərəncamına əsasən, 5 Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Dahi siyasətçi Heydər Əliyev milli dövlətçiliyimizin təməllərini qurarkən ölkəmizdə idmanın inkişafına xüsusi önəm verirdi. Çünki idman təkcə yarışlar və medallar deyil, həm də gənclərin sağlam həyat tərzi deməkdir. Bu fikri 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşü zamanı xüsusi vurğulayıb. Dahi siyasətçi həmin gün İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artmışdır Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanması üçün davamlı tədbirlər həyata keçirilmişdir.
Bu istiqamətdə görülən titanik işlərin müsbət nəticələri özünü çox gözlətmədi. Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında parlaq uğurları başladı. Təkcə yuxarıda adını çəkdiyimiz Pekin Olimpiya Oyunlarında imançılarımız 7 medal qazandılar və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdular.
Sonrakı dönəmdə də Azərbaycanda idmanın sürətli inkişafı üçün böyük işlər görülüb. Son illər ərzində Bakıda və bütövlükdə, Azərbaycanda ən yüksək beynəlxalq standartlara cavab verən idman infrastrukturu yaradılıb. Hər şey göz qabağındadır. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri və s. bu sahədə görülən nəhəng işlərdən soraq verir.
İndi təkcə Bakıda deyil, demək olar ki, ölkəmizin əksər bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Təsadüfi deyiil ki, bu gün ölkəmiz ən yüksək səviyyəli idman yarışlarına ev sahibliyi edir: Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. Bunlar ölkəmizdə son bir neçə keçirilən tədbirlərdir. Bu siyahını uzatmaq da olar.
Yeri gəlmişkən, 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük nailiyyət kimi idman tariximizə düşüb. 17 gün ərizində dünya bu elit idman yarışında xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyinin bir daha şahidi oldu. Əslində, “Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixin yaddaşına yazıldı. Cəmi 2 il sonra, ölkəmizdə yenidən böyük uğurla təşkil olunan İslam Həmrəyliyi Oyunlarında Azərbaycan birinci yerə çıxaraq bir daha gücünü göstərdi.
Dünyanın ən qədim və gözəl şəhərlərindən olan Bakı “Formula-1” yarışlarına da böyük uğurla ev sahibliyi edir. 1950-ci ildən etibarən hər il keçirilən bu tədbirin möhtəşəmliyi üçün paytaxtımızda lazımi şərait yaradılıb. Bu nüfuzlu yarışın planetin 190 ölkəsində 500 milyondan artıq azarkeşi var. Azərbaycan “Formula-1”i ən yüksək səviyyədə təşkil etməyi bacaran ölkələrin ilk sırasındadır. Yarışın dünyanın hər yerindəki çox sayda fanatları bunun fərqindədir və fürsət düşən kimi öz dərin minnətdarlıq duyğularını dilə gətirməyi özlərinə borc bilirlər.
Prezident İlham Əliyev daim vurğulayır ki, Azərbaycan idmançıları çox peşəkar və vətənpərvərdirlər. Onlar hər dəfə ən məsul yarışlarda qələbə uğrunda əzmlə mübarizə aparmaqla, milyonlarla Azərbaycan vətəndaşına hədsiz sevinc hissləri bəxş etməyə çalışırlar. İdmançılarımız xalqımızın və dövlətimizin adını, idman şərəfini hər yerdə uca tutmağa çalışırlar. Dünən də belə olub, bu gün də belədir. Azərbaycan idmanı humanist, bəşəri dəyərlər üzərində bərqərar olub, idmançılarımız bu gözəl ənənələri dəyərli bir estafet kimi nəsillərdən-nəsillərə ötürürlər.
Bütün varlığı, ruhu, gücü ilə ölkəmizin idman uğurları üçün çalışanlardan biri də təcrübəli cüdoçu, ikiqat Paralimpiya çempionu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu, milli idmanımızın fəxri isimlərindən olan İlham Zəkiyevdir. O, Prezident İlham Əliyevin sərəncamı ilə iki dəfə “Şöhrət” ordeninə layiq görülən görkəmli idmançılarımızdandır.
Dünən xətrini çox istədiyim hörmətli İlham Zəkiyevə telefon açdım. Təbriklərimi minnətdarlıq hissi ilə qəbul edərək fəxrlə dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində idmanımız sürətli inkişaf yolu keçibdir. Qarşıdakı illərdə isə idmançılarımız yeni, bir-birindən parlaq uğurlar qazanacaqlar.
Məsaim ABDULLAYEV
XQ