Azad Xankəndidən Bakıya “Qürurla irəli!” yürüşü

post-img

Azərbaycanın idman ictimaiyyəti sevimli bayramını – 5 Mart Bədən Tərbiyəsi və İdman Gününü böyük təntənə ilə qeyd edir. Bu əlamətdar tarix münasibətilə fevralın 28-də start götürən “İdman həftəsi” böyük coşqu ilə davam edir. 

Respublikamızın demək olar ki, bü­tün regionlarında müxtəlif idman növləri üzrə təşkil edilən kütləvi idman tədbirləri arasında “Qürurla irəli!” şüarlı Xankəndi–Bakı ultramarafonunun təşkili tarixi anlar kimi, xüsusilə, diqqət mərkəzində oldu. Azərbaycanın dilbər guşələrindən biri olan Xankəndidə martın 29-da startı ve­rilən, idmançılarımızla yanaşı, digər ölkə təmsilçilərinin də qatıldıqları yarış hər bir azərbaycanlı üçün əsl qürur mənbəyinə çevrildi. 

Marafon iştirakçıları Xankəndi–Yev­lax, Yevlax–Ucar, Ucar–Hacıqabul, Ha­cıqabul–Qobustan mərhələlərindən son­ra martın 4-də Qobustan–Bakı marşrutu üzrə 55 kilometr məsafəni qət edərək Ba­kıya çatıblar. Onları idman ictimaiyyətinin nümayəndələri, eləcə də idmansevərlər böyük coşqu ilə qarşılayıblar. 

Sonuncu – beşinci mərhələdə Art­yom Əliyev finiş xəttini hamıdan birinci keçərək həm Qobustan – Bakı marşrutu­nun, həm də 380 kilometrlik ümumi ultra­marafonun qalibi olub. Yadigar Hüseynov yarışı ikinci, Seymur Şahbazov isə üçün­cü tamamlayıb.

A.Əliyev jurnalistlərə açıqlamasın­da uğurunu şəhidlərə həsr etdiyini bildirib: 

– Yarış çox gözəl təşkil olunmuşdu. Atletlərimiz bir ailə kimi həm səmərə­li məşq keçdilər, həm də yarışdılar. Bu qələbəni şəhidlərimizə həsr edirik. 

Belə bir tarixi marafonun qalibi olmaq­dan iftixar hissi keçirdiyini bildirən A.Əli­yev yarışın hər günündə, hər dəqiqəsin­də şəhidləri yad etdiklərini deyib. 

Xankəndi–Bakı ultramarafonunda 2-ci yeri tutan atlet Yadigar Hüsey­nov son iki mərhələdə fərqlənib. 5 mərhələdən ibarət yarışın Hacıqabul–Qobustan (70 km) və Qobustan–Bakı (55 km) mərhələsinin daha çətin keç­diyini vurğulayıb:

– Marafon yüksək səviyyədə təşkil olunmuşdu. Belə bir yarışda iştirak et­mək bizim üçün böyük şərəf idi. Son 2 mərhələ daha çətin oldu. Çünki əsasən yüksəkliyə doğru qaçmağa başladıq. 

Bu, təkcə bizim qələbəmiz deyil. Bi­zim üçün həyəcan keçirən, izləyən, eyni zamanda, təşkilatçıların və bütün xalqın uğurudur. 

Marafonda ümumi hesabda 3-cü olan Seymur Şahbazov yarışın əvvə­lindən sonuna qədər mübarizə apar­mağı düşündüyünü deyib: 

– 8 ildir həvəskar olaraq atletika ilə məşğul oluram. 380 kilometr məsafəni qət etmək üçün xüsusi hazırlıq keçmə­mişəm. Əlbəttə, bu məsafəni qət etmək rahat deyil. Peşəkar bir şəkildə yarışa ha­zırlaşmasam da, mükafatçılar sırasında yer ala bildim. Bu, mənim üçün böyük bir nəticədir.

Gənclər və idman naziri Fərid Qa­yıbov jurnalistlərə açıqlamasında Xankəndi–Bakı ultramarafonunda iş­tirakçıların 380 kilometr məsafəni qət etdiklərini qeyd edib. Nazir idman icti­maiyyətini 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib: 

– Hər il olduğu kimi, idman həftə­si çərçivəsində çoxlu tədbirlər keçiririk. Bununla insanları idmana daha çox cəlb etmək istəyirik. Ölkəmiz artıq suverendir. Qarabağda, Xankəndidə tədbirlər keçirə bilərik. Ötən il futbol üzrə Azərbaycan Kubokunun bir oyunu Xankəndidə təşkil olunmuşdu. Ultramarafonda 60-dan çox idmançı iştirak edirdi. Yarışa Meksikadan və qardaş ölkə Türkiyədən iştirakçılar dəvət etdik. Təbii ki, hamı axıra kimi qaça bilmədi. Çətin marafondur.

Azərbaycan Atletika Federasiya­sının vitse-prezidenti, Milli Məclisin deputatı Könül Nurullayeva ilk dəfə “Qürurla irəli” şüarı ilə təşkil edilən Xankəndi–Bakı ultramarafonunun əhəmiyyətini yüksək qiymətləndirib. O, yarışın qədim diyarımız Xankəndi­dən start götürməsinin yeni bir tarix olduğunu bildirib: 

– Bu gün tarixi bir gündür. Marafo­nun işğaldan azad olunan Xankəndidən start götürməsi möhtəşəmdir. 30 ildən sonra işğaldan torpaqlarımızı azad et­mişik. Bütöv, suverenliyi bərpa olunan Azərbaycanın övladlarıyıq. Bir vətəndaş olaraq qürur hissi keçirirəm. Ali Baş Ko­mandan İlham Əliyevin, eləcə də şəhid və qazilərimizin sayəsində biz torpaq­larımızı işğaldan azad etdik. Onların hesabına bu tarixi günə şahidlik edirik. Azərbaycan xalqı hər zaman birlik nü­mayiş etdirib. Xalqımız azadlıq uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsini hər zaman böyük hörmət və ehtiramla yad edir. Ən önəmlisi xalqımızın birliyi, milli iradəsi olmasaydı, biz bu gün Xankəndidən Ba­kıya marafonun, tarixi günün şahidi ola bilməzdik.

Ötən illər ərzində dəfələrlə mara­fonlarda uğurla iştirak edən Ayla Seyid də yarış iştirakçılarını qarşılayanlar arasında idi. Yarış barədə təəssürat­larını bildirən xanım atlet Xankəndi – Bakı ultramarafonunun digərlərinə bənzəmədiyini bildirdi:

– Fərqli hisslər yaşayırıq. Bu tarixi an­lara şahidlik etdiyimiz üçün qürurluyuq. Bu, adi yarış deyildi. Ötən günlər ərzində keçirdiyimiz sevinc hisslərini sözlə ifadə etmək çətindir. 

Yarışın 57 yaşlı xanım iştirakçısı Gülparə Əliyeva ilk dəfədir ki, mara­fonda iştirak edir:

– Ən böyük arzumu reallaşdırdım. Belə bir yarışda iştirak etmək unudulmaz hisslər bəxş edir. Vətənimizin hər qarışı gözəldir. Marafonun Azərbaycanın cən­nət guşələrindən biri olan Xankəndidən start götürməsi dillə ifadə edilməyəcək dərəcədə xoş hissdir. 

Sonra Xankəndi – Bakı ultramarafo­nunun mükafatlandırma mərasimi keçiri­lib.

Qaliblərə mükafatları gənclər və id­man naziri Fərid Qayıbov, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev təqdim ediblər.

Dünən “İdman həftəsi” çərçivəsində həmçinin, dövlət qurumlarının əməkdaş­ları arasında nərd yarışı keçirilib. Şəhid və qazi övladları üçün buz üzərində us­tad dərsləri də maraqlı mübarizə şəraitin­də baş tutub. 

Qeyd edək ki, “İdman həftəsi” çərçi­vəsində tədbirlər bu gün Quba şəhərində idman paradı ilə başa çatacaq. 

Leyla QURBANOVA
XQ







İdman