“20 sentyabr Azərbaycan tarixində xüsusi bir gün kimi yadda qalmışdır. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində dövlətimizin suverenliyinin bərpa olunduğu, üç onillikdən artıq davam edən işğal və separatizm dövrünün tamamilə sona çatdığı gündür.
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Azərbaycan xalqı uzun illər bu həsrəti yaşayıb, Xocalı soyqırımının ağrılarını daşıyıb, Xankəndinin və digər şəhərlərimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyib. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyü tam bərpa edildi və həmin tarixi gözlənti gerçəyə çevrildi.
Onun sözlərinə görə, bu tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin Konstitusiyasına tam uyğun şəkildə həyata keçirilmişdir. Azərbaycan Ordusu qısa müddətdə qanunsuz silahlı dəstələri zərərsizləşdirdi, mülki əhalinin təhlükəsizliyini təmin etdi və bölgədə sabitliyi bərpa etdi.
Bu gün artıq Azərbaycan xalqı qürur hissi ilə bəyan edə bilər ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımız dalğalanır. Bu, yalnız hərbi uğur deyil, həm də milli birlik, dövlətimizin siyasi iradəsi və xalqımızın əzminin təntənəsidir.
Deputat qeyd edir ki, 20 sentyabrın tarixi mahiyyəti ondan ibarətdir ki, bu gün Azərbaycan xalqının 30 ildən artıq davam edən ədalət mübarizəsinin yekun zəfəri rəmzinə çevrilmişdir. İndi qarşıda duran əsas vəzifə həmin torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərini sürətləndirmək, Xocalı da daxil olmaqla bütün şəhərlərimizin əvvəlki simasını daha müasir formada bərpa etmək, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz doğma yurdlarına dönüşünü təmin etməkdir.
Azərbaycan dövləti bütün bu məqsədlərə nail olmaq üçün kifayət qədər güclü iradəyə, siyasi qətiyyətə və iqtisadi potensiala malikdir. Xalqımız isə bu yolda dövlətinin yanındadır.
20 sentyabr — Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü həm dövlətçilik tariximizdə, həm də milli yaddaşımızda əbədi olaraq qalacaqdır. Bu gün azadlıq və qələbə günüdür, milli qürurumuzun zirvəsidir.”