“Qərbi Azərbaycan folkloru”
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Qərbi Azərbaycan folkloru” toplusunun I və II cildləri nəşr olunub.
Cildlər müxtəlif rayonlarda və Bakıda məskunlaşmış qərbi azərbaycanlılardan toplanmış örnəklər əsasında tərtib olunub. Müxtəlif bölmələrdə əfsanə və rəvayətlər, nağıllar, lətifələr, inanclar, bayatılar, nəğmələr, uşaq oyunları yer alıb. Folklor toplamaları göstərir ki, insanlar arasında savadlılıq artdıqca onlar mədəni ehtiyaclarını təkcə şifahi deyil, həm də yazılı mənbələr vasitəsilə ödəyirlər. Nəticədə kitab mənşəli mətnlər şifahi ənənəyə daxil olaraq onu zənginləşdirir. Kitabın müsbət cəhətlərindən biri də budur ki, bir çox nümunələr işləndiyi kontekst daxilində verilib. Bundan başqa, kitabda şifahi ənənədən yazıya alınmış yuxular və fal mətnləri də yer alıb ki, bu da bir ilkdir.
Beləliklə, Qərbi Azərbaycan folkloruna dair yuxarıda qeyd olunan məsələlər, həm də bölgənin etnoqrafik həyatı, Qərbi Azərbaycandakı toponimlər, nəsillər və tayfalar, onların tarixi, deportasiya zamanı çəkdiyi müsibətlər, ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələr haqqında daha ətraflı məlumat əldə etmək üçün Folklor İnstitutunun oxuculara təqdim etdiyi bu kitablar zəngin material verir.
Kitabın layihə rəhbəri akademik Muxtar İmanov, redaktoru dosent Əziz Ələkbərli, I cilddəki folklor örnəklərini toplayanlar dosent Ləman Vaqifqızı (Süleymanova) və Məhsəti Süleymanova, tərtibçisi Ləman Vaqifqızı, II cildi toplayıb tərtib edən dosent İlkin Rüstəmzadədir.
“Divanü lüğat-it-türk” – 950
Özbək əsilli məşhur Azərbaycan alimi, 30-cu illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş Xalid Səid Xocayev Türk dünyasının ən qiymətli kitablarından olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə edib.
O, bu kitabın tərcüməsinə görə və “əksinqilabi pantürkist təşkilatın üzvü, həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq, 1937-ci ildə güllələnməyə məhkum edilmişdi. Təhlükəsizlik orqanları evində axtarış aparan zaman “Divan” üzə çıxmamış, itmiş hesab olunmuşdu. Bundan 86 il sonra – 2023-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli əsəri institutun arxivindən tapıb. Elə kitabın nəşri də onun rəhbərliyi ilə həyata keçirilib.
“Ön söz”ün müəllifi AMEA prezidenti, akademik İsa Həbibbəyli, giriş söz və şərhlərin müəllifi, kitabın tərtibçisi Nadir Məmmədli, elmi redaktoru professor Osman Mert olan “Divanü lüğat-it-türk”ün I cildi çap olunub.
Ə.DOSTƏLİ
XQ