Yeni nəslin kitab xəzinəsi

post-img

Gənclər Kitabxanası – 95

Hər bir xalqın malik olduğu milli-mənəvi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, qorunmasında, təbliğində və gələcək nəsillərə ötürülməsində kitabxanaların rolu əvəzsizdir. Bu il 95 illik yubileyini qeyd edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da sırada mühüm yer tutur. 

Bu kitab məbədinin yaranma tarixi 1928-ci ildə kiçik bir qiraət zalından baş­layıb. İllər keçdikcə fədakar mütəxəssis­lərin və kitabsevərlərin birgə səyi nəticə­sində kitabxana zəngin fonda və böyük oxucu kütləsinə malik mütaliə ocağına çevrilib. Sonra kitabxana geniş imkanla­ra malik yeni, daha yararlı binaya köçü­rülüb. Cəfər Cabbarlının yaxın dostu ol­muş aktyor, rejissor, Əməkdar incəsənət xadimi Məmməd Əlili xatirələrində yazır­dı: “1957-ci il mənim üçün əziz ildir. Yeni binaya köçdükdən sonra kitabxana sanki yenidən yaranmış, daha da gözəlləşmiş­dir. Böyük dramaturqumuz Cəfər Cab­barlının adını daşıyan kitabxana mənəvi sənət mülkünə çevrilmişdir”.

1976-cı ildə gənclər kitabxanası statu­su almış mədəniyyət müəssisəsi hazırda öz ətrafında 16 mindən çox oxucu kütləsi toplayıb. Bu ünvan təhsil prosesinin işti­rakçısı, kütləvi mütaliə mədəniyyətinin aşılayıcısı kimi tanınır. Ziyarətçilərinə həm ənənəvi, həm də elektron xidmət­lər göstərən 8 şöbədən ibarət kitabxa­nanın fondunda Azərbaycan, rus, ingilis və s. dillərdə bütün elm sahələrini, bədii ədəbiyyat və ensiklopedik nəşrləri əhatə edən 40 min adda 153 min nüsxə kitab cəmlənib. Burada elmi, tarixi, bədii əhə­miyyətini bu günə kimi saxlayan qeyri-la­tın qrafikalı 1000-dən çox kitabdan ibarət depozitar fond da mövcuddur. Ən “yaşlı” kitab 1891-ci ilə aiddir. 

Kitabxanada 2018-ci ildən ALİSA – Azərbaycanın Avtomatlaşdırılmış Kitabxa­na İnformasiya Sistemi, həmçinin rəsmi sayt üzərindən elektron xidmətlər və istifa­dəçilərlə virtual ünsiyyət üçün bir sıra yeni funksiyalar tətbiq edilir. Elektron xidmət­lərinə daim yenilənən 140 mindən artıq yazını cəmləyən elektron kataloq, 7 min 742-dən çox kitabı olan elektron kitabxa­na, 20 elektron məlumat bazası, 50-dən artıq nəşr nümunəsi olan dövri nəşrlərin elektron bazası, 200 ədəd səsli kitab fondu daxildir. Oxucular kitabxanaya gəlmədən onlayn xidmətlərdən yararlana bilirlər. 

Burada fondun tələblərə uyğun kom­pektləşdirilməsinə xüsusi həssaslıqla yanaşılır, 20-dən çox nəşriyyatla əmək­daşlıq edilir ki, satınalma layihəsi sayə­sində son 2 il ərzində fond 6 mindən çox kitabla zənginləşdirilib. Kitab təbliğatı ilə bağlı olaraq virtual sosial şəbəkələr­dən geniş istifadə edilir. Bu gün gənclə­rin ən çox toplandığı və istifadə etdikləri kitabxananın sosial şəbəkə platformaları yeni kitablar, maraqlı məlumatlar, əlamət­dar tarixlərlə əlaqədar hazırlanan multi­media məhsullarının gündəlik paylaşım­ları ilə ön sıralardadır. 

Kitabxanada tez-tez ünlü yazar­larla görüşlər, imza günləri, gənclərin ədəbi-bədii kompozisiyaları, sərgilər və ekskursiyalar təşkil edilir. Yaddaqalan tədbirlərdən Türkiyə–Azərbaycan Dost­luq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attarın “Qarabağ zəfəri. 44 günün pərdəarxası”, tarixçi alim Ziyad Əmrahovun “İrəvan qu­berniyasının tarixi (1850–1917-ci illər)” kitablarının, yazıçı-publisist Yunus Oğu­zun Vətən müharibəsindən bəhs edən “Cığır” tarixi romanının təqdimatlarını, görkəmli ədəbiyyatşünas alim Qəzənfər Paşayevin 85 illik yubileyini, “Azərbay­can Ədəbiyyat Fondu” və “Azərbaycan–Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Müharibə dövrü ədəbiyyatı” mövzusun­da dinləmələri qeyd etmək olar. 

Son 2 ildə Gənclər Kitabxanasının ideya müəllifliyi ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sənədli materiallar əsasında yazılan “Tariximizin Heydər Əliyev zirvəsi”, gənc yazarların Azərbaycanın şanlı Zəfər Tarixi mövzu­sunda qələmə aldıqları 30-dan çox ədə­biyyat nümunəsinin toplandığı “Sən azad­san” və digər kitablar işıq üzü görüb. 

Kitabxana “Heydər Əliyev İli” ilə əlaqədar “Tarix yaradan şəxsiyyət – Hey­dər Əliyev – 100” layihəsini də həyata keçirib. Layihə çərçivəsində ulu öndərə həsr olunan 4 hissədən ibarət mini-film, virtual kitab sərgiləri, elektron məlumat bazası hazırlanıb, sosial şəbəkələrdə çoxlu sayda paylaşımlar edilib. Həmçinin kitabxananın rəsmi saytında “Heydər Əli­yev – 100” adlı bölmə yaradılıb və bura­da ölkənin aparıcı mətbuat orqanlarında Ulu öndərdən bəhs edilən 100-dən çox məqalə toplanılıb. 

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərə və Qarabağda Şəhər günlərinə aid virtual ki­tab sərgiləri, videomateriallar və elektron resurslar bazası da maraqla qarşılanıb. Kitabxanada müntəzəm olaraq gənclər üçün poliqrafik və veb dizayn mövzusun­da təlimlər, şəhər və rayon MKS-lərinin əməkdaşları üçün elektron xidmətlər, treninqlər təşkil edilib. Təlim-tədris pro­sesindən kitabxananın öz əməkdaşla­rı da kənarda qalmırlar. Son 2 ildə 10 kitabxanaçı kompüter proqramları üzrə tədris kurslarına göndərilib. 

Gənclər Kitabxanasının əməkdaşları beynəlxalq konfrans, vebinar, forum və tədbirlərə də qatılırlar. Bir sıra ölkənin məşhur kitabxanaları ilə sıx əməkdaşlıq edilir. 

Yubilyar kitabxana özünün müasir texnologiyalarla təchiz edilmiş oxu zalı, zəngin fondu ilə oxuculara daim yüksək xidmət göstərmək əzmindədir. Ən başlı­cası isə burada çalışan peşəkar biblioqraf və kitabxanaçılar ziyarətçiləri təbəssümlə qarşılamaqdan, onlara səviyyəli xidmət göstərməkdən hədsiz məmnunluq duyur­lar. 

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət