Ehtiramla anılan alim və pedaqoq

post-img

Sevinc Mustafayeva – 90

Bir əsrdən artıq zəngin və şərəfli tarixi olan Azərbaycan Dövlət Aqrar Universiteti özünün tanınmış məzunları ilə həmişə qürur duyub. Onların arasında görkəmli alimlər, böyük ziyalılar çox olub. Tanınmış alim Sevinc İmam qızı Mustafayeva isə bu ali təhsil ocağının həm məzunu, həm də müəllimi kimi ehtiramla xatırlanır. 

Əslən ölkəmizin dilbər guşəsi Qax rayonunun məşhur İlisu kəndindən olan Sevinc Mustafayeva 1933-cü ildə Bakı­da, alimlər ailəsində dünyaya gəlib. Ata­sı İmam Mustafayev biologiya elmləri doktoru, Azərbaycan EA-nın həqiqi üzvü olub, 1954–1959-cu illərdə respublikamı­za rəhbərlik edib. Daha sonra isə institut direktoru, həmçinin SSRİ EA Əlaqələndir­mə Şurasının üzvü, Genetika və seleksi­ya problemlərinə dair Elmi Şuranın sədri olub. Anası Lətifə xanım isə Azərbaycan Dövlət Universitetinin dosenti idi. 

Sevinc xanım 1951-ci ildə K.A.Timir­yazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına qəbul olunur. Bir il sonra, vaxtilə atasının da həm məzunu olduğu, həm də dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini iş­lədiyi Azərbaycan Kənd Təsərrüfatı İnsti­tutunun (ADAU) aqronomluq fakültəsinə köçürülür. 1957-ci ildə buranı fəqrlənmə diplomu ilə bitirir. 2 il Azərbaycan EA-nın Genetika və Seleksiya İnstitutunda işlədikdən sonra əmək fəaliyyətini Kənd Təsərrüfatı İnstitutunda davam etdirir. O, burada assistent, fakültə dekanının müav­ni, baş müəllim, dosent, kafedra müdiri və dekan əvəzi vəzifələrində işləyir.

S.Mustafayeva 1964-cü ildə Ümumitti­faq Bitkiçilik İnstitutunda uğurla namizədlik dissertasiyası müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Ge­netika, seleksiya, tarla, meyvə və tərəvəz bitkilərinin toxumçuluğu fənlərindən müha­zirələr aparıb.

Türk, rus, alman və fransız dillərində sərbəst danışan alim bir sıra beynəlxalq sessiya və yığıncaqlarda, o cümlədən, 1968-ci ildə Yaponiyada keçirilmiş XII Beynəlxalq genetiklər konqresində işti­rak edib. Bir neçə dəfə keçmiş İttifaqın tanınmış ali məktəblərində ixtisasartırma kurslarında təhsil alıb. Onlarla monoq­rafiya, tədris vəsaiti və elmi məqalələrin müəllifidir. 

Əsl pedaqoq, alim, Vətəninə, torpağı­na, xalqına sadiq, kişi xarakterli bir insan olan Sevinc Mustafayeva tələbələrinə xü­susi qayğı ilə yanaşıb, gənc müəllimlərə, xüsusilə də alim olmaq istəyənlərə ayrı­ca diqqət göstərib. Bu gün də qədirbilən ADAU kollektivi onu hörmət və ehtiramla xatırlayır. 

Nizami Seyidəliyev, kənd təsərrüfa­tı elmləri doktoru, professor: 

– Sevinc xanımı 1977-ci ildən tanı­yırdım. Bizə maraqlı mühazirələr oxuyub, həmişə onun dərslərindən əla qiymət almışam. O, dərin biliyə, təmiz ürəyə, tükənməz enerjiyə malik insan idi. İş yol­daşlarına, dostlarına qarşı sadə rəftarı və təvazökarlığı ilə fərqlənirdi. Mənim gene­tika və seleksiya üzrə alimlik dərəcəsinə yüksəlməyimdə onun müstəsna xidməti olub. Bu qayğını unutmaq olmaz. Dəyərli alim bu gün aramızda olmasa da, daim qəlbimizdədir.

Firudin Qurbanov, Əməkdar kənd təsərrüfatı işcisi, professor:

– Sevinc Mustafayeva bizə “Seleksi­ya” və “Toxumçuluq” fənlərini tədris edir­di.Tələbə-gənclərdə bu sahəyə böyük maraq oyadırdı. Odur ki, mən də gələcək həyatımı bu sahəyə həsr etməyi qərara al­dım. Onun sayəsində gələcək elmi rəhbər­lərim, məsləhətçilərim – akademik İmam Mustafayev və professor Adilə Əlizadə ilə tanış oldum. Sevinc xanımı “Tələbələrin anası” adlandırırdılar. Kimin nə çətinliyi olurdusa, ona müraciət edirdi. Maddi və mənəvi cəhətdən hamıya dayaq olurdu. 

Unudulmaz alim və pedaqoq ömrünün 40 ilini Azərbaycan Kənd Təsərrüfatı İnsti­tutu ilə bağlayıb, burada pedaqoji, elmi və böyük təşkilati işlər aparıb. “Taxıl və paxlalı bitkilər” sahəvi laboratoriyasının müdiri və­zifəsində çalışdığı dövrdə yerli taxıl bitkilə­rinin toplanması, öyrənilməsi, saxlanması və onların müxtəlif növ və formalarından geniş istifadə edilməsi problemi Sevinc Mustafayevanın elmi fəaliyyətinin əsas istiqaməti olub. Geniş tədqiqat diapazo­nuna malik idi, respublikada seleksiya və toxumçuluğun fundamental əsaslarını yaradanlardan idi. Onun rəhbərliyi ilə yeni qarğıdalı sortları yaradılıb. 

S.Mustafayevanın rəhbərlik etdiyi la­boratoriyada mədəni və yabanı taxıl bit­kilərinin 7 mindən artıq müxtəlif genefond nümunələri var. Burada bir çox qiymətli xassələrə malik nadir buğda, arpa, çov­dar, tritikale, qarğıdalı sortları toplanıb. Zamanında onun rəhbərliyi ilə tədris-təc­rübə təsərrüfatında 7 hektar sahədə səpin aparılırdı. Səpin, biçin, bütün analizlər əl ilə yerinə yetirilırdı. Hər gün səhər erkən sahəyə gedər, onun hazırlayıb gətirdiyi yeməklərlə nahar edərdik. Şər qarışa­na qədər gənc alimlərlə əkin sahələrini şəxsən müşahidə edərdi.

İnamla demək olar ki, 90 yaşını qeyd etdiyimiz Sevinc Mustafayevanın həyat­da səpdiyi toxumlar da saf və məhsuldar olub. Onun Azərbaycan aqrar elminə və milli pedaqogikamıza verdiyi töhfələr hə­mişə aktual olaraq qalır.

Nüsrət HÜSEYNOV,
Qabaqcıl təhsil işçisi, Maarif RZAYEV, ADAU-nun “Aqrar mütəxəssis” qəzetinin baş redaktoru

Mədəniyyət