28 NOYABR HƏSƏN BƏY ZƏRDABİNİN XATİRƏ GÜNÜDÜR
"Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar (azərbaycanlılar – XQ) arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı".
Bu vəsiyyət özündən çox, xalqının aqibətini düşünən böyük mütəfəkkir Həsən bəy Zərdabiyə məxsusdur. Babası Rəhim bəy isə ona bağışladığı qılıncın üstündə bu sözləri nəqş etdirmişdi: “Tanrıdan sənə ağlının və dilinin qılıncdan iti olmasını diləyirəm”. 1837-ci il iyunun 28-də dünyaya gələndə atası qulağına “Adın Həsəndir” – əkinçi Həsən – demişdi. Torpaq sahələri olan ata oğlunun o sahələrə sahib çıxacağını düşünmüş, bəlkə də onun bir ömür boyu xeyirxahlıq əkəcəyini ağlına da gətirməmişdi...
Şənbə günləri Tiflisdə yaşayan dayısı Fərəc bəy onu ziyalı məclisinə aparırdı. Mirzə Fətəli Axundovun evində toplaşırdılar. Həsən bəy bu məclislərdə Şamaxı məktəbini himayə edən İsmayıl bəy Qutqaşınlı, Tiflis Gimnaziyasında şərq dillərindən dərs deyən Mirzə Hüseyn Qayıbovu və bir çox azərbaycanlı aydınları tanıyırdı. Tiflis Gimnaziyasını medalla bitirdiyindən onu Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət bölümünə dövlət təqaüdü ilə oxumağa göndərdilər. O vaxt Tiflisdən bu ali məktəbə qəbul olunan gənclər arasında Həsən bəy yeganə müsəlman idi. Onu universitetdə təkcə yaxşı oxuduğu üçün tanımırdılar, həm də şərq ailələrinin adət-ənənələrindən mühazirə deyirdi. Hərtərəfli qabiliyyətinə görə fakültə dekanı professor Aleksandr Davıdov onu “filosof natiq” adlandırırdı.
Universiteti bitirəndə Həsən Məlikova universitetdə qalmaq təklif olunsa da, imtina edərək, Azərbaycana qayıtdı. 1865-ci ildə Tiflisdə “Mərz palatası”nda işə başladı. Onun bu sahədə fəaliyyəti sayəsində Borçalı mahalında yaşayan həmyerlilərinin hüquqları bərpa olundu, əllərindən alınan torpaqları özlərinə qaytarıldı.
Sonra Bakıya gələrək məktəbdə işə düzəldi. Həsən bəy o zaman Qafqazda fəaliyyət göstərən 10 gimnaziyanın müəllimləri arasında ali təhsilli yeganə azərbaycanlı idi.
Zərdabi bir gün "Qafqaz" qəzetində verilən elandan öyrənir ki, Tiflisdə Müqəddəs Nina qız məktəbini bitirənlərin arasında bir türk qızı var. Tiflisə yollanıb, qızı tapır, tanış olur, ona böyük arzularından bəhs edir. Məlum olur ki, Hənifə də onunla həmfikirdir. Beləcə, onların ulduzu barışır və ailə qururlar. Maarifpərvər ailə öz evində məktəb açır.
Ardınca Zərdabi milli mətbuatın özülünü qoymağa qərar verir. 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə nail olur. Xalqın öz dilində çıxan bu qəzetdə milli fikirlərin səslənməsi imperiya qulluqçularını narahat edirdi. Təqiblər, təsirlər son nəticədə 1877-ci il sentyabrın 29-da "Əkinçi"nin nəşrinin dayandırılmasına səbəb oldu.
Həsən bəy Zərdabi həm də Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və gimnaziya şagirdləri Nəcəf bəy Vəzirovla Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulub.
1907-ci ilin noyabrın 28-də səhər saatlarında Həsən bəy dünyadan köçdü. Zərdabinin dəfni qədər möhtəşəm mərasim o günə qədər Bakıda olmamışdı. Tabutu üstünə qızıl çərçivəli portreti qoyulmuşdu. “Əkinçi”nin qızıl çərçivəyə salınmış birinci nömrəsi dəfn karvanının önündə aparılırdı.
Bir neçə il əvvəl Nazirlər Kabinetinin qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısına daxil edilib. Görkəmli publisist, pedaqoq, maarifçi demokrat və ən əsası, Azərbaycan milli mətbuatının və teatrının banisinin xatirəsi daim əziz tutulur.
Ramilə QURBANLI
XQ