Adına şeirlər, nəğmələr yazılan, Azərbaycan xanımının nəcibliyinə naxış kimi yaraşan kəlağayı heç vaxt itirməyəcəyimiz bir dəyərdir. Bu örtük gözəllik, ismət ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, qədim tariximizi, mədəniyyətimizi, adət-ənələrimizi özündə qoruyub yaşadır. 2014-cü ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri maddi-mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş kəlağayımız dünya səviyyəsində təqdim olunmuş və tanınmışdır.
26 noyabr Azərbaycan Kəlağayısı Günü münasibətilə Mədəniyyət Nazirliyinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Anam kəlağayılı bir muğamıydı” adlı sərgi və konsert keçirilib. “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri, şair-publisist Güllü Eldar Tomarlı “Kəlağayı əlvan qıyqacı” layihəsi haqqında danışıb:
– Bu il Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində “Kəlağayı əlvan qıyqacı” layihəmiz qalib oldu. Layihə çərçivəsində eyniadlı ilk şeirlər kitabı işıq üzü gördü. Həmçinin Qazax, Şəki, İsmayıllı və Bakıda kəlağayıya həsr olunmuş ədəbi-bədii gecələr təşkil olundu. İlk dəfə olaraq noyabrın 1-dən 26-dək Azərbaycanın dilbər guşələri olan Tovuz, Qazax, Gəncə, Naftalan, İsmayıllı, Şəki və digər bölgələrdə kəlağayı bayramları təntənəli şəkildə qeyd olundu. Bu gün artıq 12-ci konsert proqramımız Beynəlxalq Muğam Mərkəzində təşkil olunur.
Konsertdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Gürcüstanın “Şərəf” ordenli şairi, “Sazın Sözün Butası” təşkilatının sədri Səadət Buta, yazıçı, ədəbiyyatşünas Turan İbrahimov, “Dədə Ələsgər Ocağı” İB-nin sədri Xətai Ələsgərli, “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin üzvləri və gənc şairlər çıxış edərək, kəlağayı haqqında maraqlı fikirlər səsləndirdilər. Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, “Səma” rəqs qrupu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Xəzər” xor kollektivi, aşıq Rəfiqə Göyçəli və digər sənət adamları bir-birindən maraqlı çıxışlar etdilər.
Tədbir çərçivəsində Kəlağayı Ev Muzeyinin 200 qədim kəlağayıları, əlilliyi olan şəxslərin əl işləri, Tarix üzrə fəlsəfə doktoru Gülzarə Abdulovanın milli geyimləri, rəssam Gülnarə Məmmədovanın və xalçaçı-rəssam Natiq Nəcəfzadənin rəsm əsərləri, rəssam Sehran Allahverdinin “Kəlağayı” kompozisiyası, Güllü Eldar Tomarlının toxuduğu əl işləri tədbir iştirakçılarına nümayiş etdirildi.
Fidan SALMANOVA
XQ