Füzuli Dövlət Dram Teatrında Sevinc Elsevərin “Həyat elə bir oyun ki...” mono-pyesi əsasında Nicat Mirzənin hazırladığı eyniadlı tamaşanın premyerası keçirilib.
Tamaşada əvvəl qonaqlar – Teatr Xadimləri İttifaqının gənclər sektorunun rəhbəri Dağlar Yusif Əfəndi, teatrşünaslar Vidadi Qafarov, Aliyə Dadaşova, Lənkəran və Qazax Dövlət Dram teatrlarının nümayəndələri Füzuli teatrının heyəti və yaradıcılıq imkanları ilə tanış olublar.
Sonra 35 ildən bəri teatrda çalışan ali dərəcəli aktrisa, Prezident mükafatçısı İntizar Quliyevanın 60 illik yubileyinə həsr olunan benefis-tamaşa oynanılıb. Səhnədə cərəyan edən hadisələr, həqiqətən də, həyatın canlı bir oyun olduğunu göstərir. Rejissorun yozumu ilə bu oyun fərqli çalarlarda təzahür edir. Baş qəhrəman olan bəxtsiz qadın tamaşaçıları yaşadığı çətinliklər aləminə aparır. Qadın aktrisa bu dəfə öz həyatını oynayır. Elə buna görə də səhnələr son dərəcə canlı təsir bağışlayır. Özü demişkən, əyilməz, mübariz qadınların əksəriyyətinin taleyi belədir – ömür tərəzisinin bir gözündə sevinc, bir gözündə qəm...
Səhnə əsərinin quruluşçu rejissoru Nicat Mirzə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanov, rejissor assistenti Gülgəz Soltanovadır. Yaradıcı heyətin çıxışı tamaşaçıları təsirləndirib, alqışlarla qarşılanıb.
Tamaşadan sonra Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, əsərin müəllifi Sevinc Elsevər, teatr tənqidçiləri çıxış edərək yeni səhnə əsərinin məziyyətlərindən danışıblar. Yubilyara diplom və gül dəstələri təqdim olunub.
Qeyd edək ki, “Həyat elə bir oyun ki...” tamaşası 2024-cü ilin ilk rübündə Lənkəran teatrının səhnəsinə dəvət alıb.
XQ