“Vətən uğrunda ölərəm”

post-img

Oturub düşünsən bir az dərindən

Bu torpaqda ulu hər yan, hər yerdi.

Bu qədər dəyərsiz idisə Vətən,

Mübariz nə üçün canını verdi?!

Bu misraları yazanda əsgər Əlikram Xanışovun heç 20 yaşı yox idi. Qonşu rayondan olan əfsanəvi Milli Qəhrəman Mübariz İbrahimov haqqında düşüncələ­rini qələmə almağa çalışmışdı. Elə bu duyğularla da onun yolunu davam etdir­mək üçün müddətli hərbi xidmətdən cəmi 20 gün sonra müqavilə əsasında işləyən kiçik komandir heyətinə qəbul olunmuş­du. 

Bir neçə ay keçməmiş Vətən mühari­bəsi başlananda həyatını hərb işinə həsr edən Əlikram sevinmişdi ki, nəhayət, iş­ğalçılardan qisas almaq üçün fürsət yara­nıb. Buna görə də ön cəbhədə mərdliklə döyüşür, azacıq sakitlik yaranan kimi isə qeyd dəftərçəsinə Vətənlə bağlı poetik duyğularını yazırdı: 

İnsan deyərəm mən sənə, haqqına can ver,

Gəl, saxlama öz haqqını pünhan ürəyində.

Bəli, Vətən uğrunda şərəflə vuruşa­raq ölmək onun amalı idi. Odur ki, döyüş­lər başlanandan bir həftə sonra şəhadətə ucalması ilə sanki arzusuna qovuşdu Əlikram. “Əgər ölsəm, eləyin cismimə bayrağı kəfən”, – deyən şəhid, arzuladı­ğı kimi, üçrəngli Azərbaycan bayrağına bükülərək doğma Göytəpə şəhərinə gə­tirildi... 

Əlikram Xanışov ölümündən sonra Prezident sərəncamları ilə “Cəsur dö­yüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Cəlilabad Rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə çap olunan şe­irlər kitabına isə onun müqəddəs məslə­kinə uyğun ad qoyulub: “Vətən uğrunda ölərəm”. 

Cəlilabad şəhərindəki 3 nömrəli tam orta məktəbin geniş akt zalında şəhid şairin kitabının təqdimat mərasiminə top­laşanlar – hərbçi dostları, qazilər, əmək və müharibə veteranları, ictimaiyyət nü­mayəndələri, müəllim və şagirdlər öncə onun ölməz xatirəsinə baş əyiblər. Ra­yon Veteranlar Təşkilatının sədri – kita­bın redaktoru və ön sözünün müəllifi, şair Ədalət Salman Vətən müharibəsi şəhidi Əlikramın həyat və döyüş yolu haqqın­da danışıb, onun fitri istedad sahibi kimi erkən yaşlarından yaradıcılıqla məşğul oldugunu bildirib. Qeyd edib ki, kitabdakı şeirlərin böyük əksəriyyəti vətənpərvərlik ruhunda yazılan nümunələrdir. 

Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, tanın­mış mədəniyyət işçisi Xeyrulla Şahba­zov, hərbçi mayor Elşən Abbasov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Rəşidov, şəhidin döyüş yoldaşı Mirnatiq Cabbarlı, AYB üzvləri Əfrahim Abbas, İman Abdulla, Sakit İsayev, xeyriyyəçi sahibkar Rafiq Abışov və başqaları çıxış edərək torpaq­larımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu, şəhid ailələrinə və qa­zilərə dövlətimizin daim diqqət və qayğı göstərdiyi xüsusi vurğulayıblar. Şəhid Əlikram Xanışovun məktəblilərin ifasın­da səslənən şeirləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Şəhidin anası Xoşqədəm Xanışova kitabın nəşrini və təqdimatını təşkil etdi­yinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Sonda şəhid Əlikram Xanışovun "Vətən uğrunda ölərəm" adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub.

Ə.ƏLİYEV
XQ

Sosial həyat