Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Bakı Dövlət Universitetinin dosentləri Aynur Nəsirova və Xatirə Hüseynovanın “Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” adlı kitabı çap olunub.
Qloballaşan dünyanın nailiyyətlərindən olan internet cəmiyyətin həyatına əvəzsiz uğurlar gətirsə də, öz yalanları ilə ciddi problemlər də yaradır. YouTube, Facebook, İnstagram, Twitter, Tik-tok, Whatsapp, Telegram kimi resurslar həm də dezinforimasiyaların tirajlanmasında ciddi rol oynayır. Bəla burasındadır ki, ənənəvi mediadan fərqli olaraq, sosial media yaydığı informasiyaya görə cəmiyyət qarşısında heç bir məsuliyyət daşımır.
Təqdim olunan kitabda sosial mediada ziyanlı proseslərin yaranma səbəbləri araşdırılır, fəallaşan informasiya savaşının ümumi mənzərəsi göstərilir, çoxsaylı faktlara istinad edilir. Müəlliflər dünya informasiya proseslərini həm nəzəri, həm də praktik çəhətdən araşdırmaqla saxta məlumatların qarşısının alınması yollarını da göstəriblər.
“Qanun” Nəşrlər Evində çap olunan 120 səhifəlik kitaba filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli ön söz yazıb. Filologiya elmləri doktoru Vüqar Zifəroğlu nəşrin elmi redaktoru, fəlsəfə doktoru Nüşabə Hüseynli isə redaktorudur.
XQ