“Qorqud əfsanəsi” Azərbaycan teatrı səhnəsində

post-img

   TÜRKSOY-un I Beynəlxalq Teatr Festivalı tədbiri çərçivəsində Türkistan (Qazaxıstan Respublikası) Musiqili Dram Teatrının iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Ermek Amanshayevin “Qorqud Əfsanəsi” tamaşası nümayiş olunub.

   Plastik quruluşda səhnələşdirilmiş tamaşa türk dünyasının mənəvi atası sayılan Qorqud irsinə və qədim türklərin çaldıqları əsas musiqi aləti olan qopuza hörmətin nümayişidir. Müasir xareoqrafiyaya malik tamaşa Qorqudun dünyaya gəlişi, yarandığı gündən zülmət və vəhşi təbiətlə müşayiət olunması ilə başlayır. Qorqud yuxuda insanların ona qəbir qazdıqlarını görür. Bu kabusdan xilas olmaq üçün Zelmaya adlı dəvəsinə minərək olduğu yeri tərk edir, uaq diyarlara üz tutur. Lakin ölüm mələyi cildinə girən Pəri Martunun kölgəsi onu rahat buraxmır, qarabaqara izləyir. İnsanların xoşbəxt yaşadığı müqəddəs Zeruyik vadisinin axtarışına çıxan Qorqud Sırdərya çayı sahilində yerləşən dogma torpağına geri qayıdır. Məşəqqətli keçən səyahəti ona həyatın əbədi, insan taleyinin isə müvəqqəti olmasını öyrədir. O, həyatın vacib missiyasını qopuzun füsunkar melodiyaları vasitəsilə insanlara xidmət etməkdə görür. 

   Tanrının varlıqların həyatındakı rolu, müasir dünyada həqiqi incəsənət mövzusu tamaşanın əsas məğzini təşkil edir. 

   Tamaşanın müəllifi Ermek Amanshayev, xareoqraf ustası və direktoru Konstantin Semenov, bəstəkarı Khamit Shangalievdir.

   Rolları Türkistan (Qazaxıstan Respublikası) Musiqili Dram Teatrının aktyorları Elaman Abdikalyk, Farkhat Sadvokassov, Akylai Sydygalieva, Malika Minizini, Rustam Shaikhov, Sakai Mao və digərləri ifa edirlər. 

   Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 və TÜRKSOY təşkilatının 30 illiyi  münasibəti ilə keçirilən festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edirlər.

 

Fidan SALMANOVA

XQ

Mədəniyyət