Müharibə mövzusu böyük ekranda

post-img

Azərbaycan kinosu – 125

 

Azərbaycan kinematoqrafiyasında müharibə mövzusunda xeyli gözəl film var. İkinci Dünya müharibəsinə aid olan “Uzaq sahillərdə”, “Sizi dünyalar qədər sevirdim”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Mən ki gözəl deyildim”, “Bizim küçə”, “Ölsəm, bağışla”, “Tütək səsi” filmləri mükəmməldir. Bu ekran işlərində həm döyüş səhnələri göstərilib, qəhrəmanlıq tərənnüm olunub, həm də topsuz-tüfəngsiz arxa cəbhədəki insan taleləri əsas götürülərək savaşın faciələrinə işıq tutulub.

Ermənistan–Azərbaycan münaqişə­sinə gəlincə isə, bu mövzuda hələlik Bi­rinci Qarabağ müharibəsi mövzusunda müəyyən filmlər çəkilib: “Dolu”, “Fəryad”, “Yarımçıq xatirələr”, “Ümid”, “Girov”, “Ya­lan”, uşaqlar üçün “Ağ atlı oğlan” və s. Debüt filmi sayılan “Qara bağ” da bu sı­raya aid edilməlidir. Məsələ bundadır ki, istər bədii, istərsə də sənədli janrda lentə alınan bütün filmlər ümumən tarix üçün, eyni zamanda gələcək nəsillər üçün bir növ xronika kimi vacibdir. 44 günlük “Zəfər yürüşü”, şəhidlərimizin qəhrəman­lığı, dünyada analoqu olmayan uğurlu döyüş əməliyyatları, psixoloji məqamlar hələ özlərinin ekran təcəssümünü gözlə­yir. Bir sözlə, Qarabağ müharibəsi özü­nün hər üzü ilə dünyaya çatdırılmalıdır.

Onu da xatırlayırıq ki, bir neçə il əv­vəl kinoda Qarabağ mövzusu ölkəmizin sərhədlərini də adlayıb. Söhbət türk rejis­soru Gökalp Yamenin “Qarabağ – Turan” adlı 18 dəqiqəlik qısa filmindən gedir. Mübariz İbrahimovun qəhrəmanlığının da geniş yer aldığı həmin ekran işinin Şimali Kiprin Yaxın Doğu Universitetində təqdimat mərasimi də keçirilib. 

Son dövr kinomuzda Qarabağ möv­zusunda uğurlu filmlərin rejissoru kimi ta­nınan Əməkdar incəsənət xadimi Elxan Cəfərovun bu barədə fikirləri maraqlıdır: “Bilirsiniz ki, mən vaxtında bu mövzuda üç film işləmişəm. “Dolu” (2012), “Ya­rımçıq xatirələr” (2015) və “Qarabağdır Azərbaycan” (sənədli-bədii film 2009). Əgər bundan əvvəl bizim filmlərdə Qa­rabağa necə qayıtmağımız, Qarabağ­sız Azərbaycan, “Biz Qarabağı heç vaxt unutmayacağıq” kimi mövzular əsas idisə, bundan sonrakı dövrdə kinonun Qarabağla bağlı paradiqması artıq dəyi­şib. Biz Qarabağ savaşında qalib gəldik, torpağımızı qaytardıq və bundan sonra Qarabağımızı necə dirçəldəcəyik, orada necə möhkəmlənəcəyik kimi məsələlər də önə keçməlidir”.

Avqustun sonunda Mədəniyyət Nazir­liyinin Azərbaycan Ədəbiyyat Fondu ilə “Ədəbiyyatın kinoya transferi” mövzusun­da keçirdiyi dinləmələrdə də bu məsələ ətraflı müzakirı olunub. Fondun baş di­rektoru, tanınmış yazıçı Varis Yolçuyevin dediyinə görə, həmin tədbirdə məqsəd keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino sənayesinə daha yaxından cəlb edilməsi olub. Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin katibləri İlqar Fəhmi və Elçin Hüseynbəyli, birliyin dramaturgiya sek­siyasının müdiri Firuz Mustafa, Azərbay­can Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, rejissor Adil Azay və başqaları ədəbiyyatla kinonun vəhdətindən, yaxşı filmlərin çəkilməsi üçün yaxşı dramatur­ji materialın olması zərurətindən bəhs ediblər. Mədəniyyət naziri Adil Kərimlinin kinodakı durğunluğu aradan qaldırmaq üçün atdığı zəruri tədbirlərə diqqət çəki­lib. Müharibə mövzusunda filmlərin ən yaxşı müəlliflər tərəfindən çəkilməsi zə­rurəti vurğulanıb və bildirilib ki, bu möv­zuda film müsabiqəsi keçirmək nəzərdə tutulur. 

Ölkənin kino cameəsinin birləşməsi, “Debüt studiyası”nın bərpası, mediası­nın maliyyələşdirilməsinə başlanılması, prodüser mərkəzlərinin çoxalması və təkmilləşməsi üçün atılan addımlar nik­binlik yaradır. Mədəniyyət Nazirliyinin se­leksiya yolu ilə tələbələr arasından, gənc istedadlar arasından yeni rejissorlar, sse­naristlər, operatorlar, aktyor və aktrisala­rın seçilməsində maraqlı olması da inam yaradan amildir. 

Nazirlik, həmçinin, dünyaçaplı studi­yaların gəlib Azərbaycanda filmlər çək­məsini gerçəkləşdirmək, hətta onları ma­liyyələşdirmək əzmindədir. Azərbaycan ərazisində film çəkən bütün xarici şirkət­lərdən yalnız bir şey tələb olunacaq: 60–70 faiz yerli kadrlardan – azərbaycanlı mütəxəssislərdən istifadə etsinlər ki, ki­noda milli kolorit hiss olunsun. 

Bu günlərdə müharibə mövzusunda iki filmin təqdimatının keçirilməsi fərəhli hadisədir. Biri qəhrəmanlıq xronikasına aid olan “Oğul”, digəri isə müharibə itkin­ləri haqqında çəkilmiş “Coğrafiya müəlli­mi” adlı qısametrajli bədii-sənədli filmdir. Bu ekran işlərinin ingilis dilində titrlərlə müşayiət olunması filmləri xarici audito­riyaya çıxarmaq məramına xidmət edir. 

Şübhə etmirik ki, şanlı qələbədən sonra Vətən müharibəsi haqqında daha güclü ssenarilər yazılacaq, filmlər çəkilə­cək. Ali Baş Komandanın bu 44 gündə xalqa müraciətləri, əsgərlərimizin qəhrə­manlıqları və sair əsl salnamədir, tarixdir, bütöv seriallar üçün münbit materialdır. Bu mövzular ədəbiyyatda və kinoda özü­nün layiqli əksini tapacaq. 

Amma kinematoqrafçılar unutmama­lıdırlar ki, Qarabağ müharibəsi haqqın­da maraqlı və dərin məzmunlu filmlərin çəkilməsi hər zaman aktual məsələ ola­raq qalacaq. Dünya arenasına çıxmağın başqa yolu yoxdur. 

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət