Anti-Rusiya “barıtı” və Avropa Parlamentindəki “Paşinyan çəlləyi”

post-img

Bu gedişlə Nikolu, deyəsən, “ildırım vuracaq”

Baş nazir Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı həm Ermənistan daxilində, həm də xaricdə müxtəlif reaksiyalar doğurub. Hökumət tərəfdarları və Avropa rəsmiləri Paşinyanın Avropa ilə yaxın münasibətlər qurmaq istəyindən danışmasını və Rusiyaya qarşı üstüörtülü tənqidini məmnuniyyətlə qarşılayıblar. Digərləri isə Nikolun söylədiklərini onsuz da təhlükəsizlik problemləri ilə üzləşən ölkə üçün əlavə təhlükə kimi qiymətləndiriblər. Bundan əlavə, Moskvada adı çəkilməyən yüksək rütbəli mənbə baş nazirin dediklərini “tamamilə məsuliyyətsiz və təxribatçı” fikirlər adlandırıb.

Əlbəttə, N.Paşinyanın Avropa Par­lamentində oktyabrın 17-dəki çıxışı özlüyündə əlamətdardır. O anlamda ki, Nikol Avropanın qanunverici orqanının tribunasından çıxış etmək üçün dəvət olunan ilk erməni liderdir. Amma unut­maq olmaz ki, bu, Ermənistan–Rusiya münasibətlərinin pisləşməsi, eyni za­manda, birincinin özü üçün təhlükəsizlik problemlərini kəskinləşdirməsi fonunda baş verən hadisədir.

Əvvəllər rəsmi İrəvan dəfələrlə Mos­kvanın mövqeyindən narazılığını bildi­rib. Çünki Ermənistan hakimiyyətinin qeyd etdiyi kimi, Rusiya Azərbaycanla qarşıdurmada ona hərbi-siyasi dəstək göstərməyib. Son vaxtlar isə bu ziddiy­yətlər Ermənistanın Rusiya hökumə­tinin yüksək rütbəli nümayəndələrinin həbsinə order vermiş Beynəlxalq Ci­nayət Məhkəməsinin yurisdiksiyasını tanımasından – Roma statutunun ratifi­kasiyasından sonra daha da dərinləşib.

Doğrudur, Avropa Parlamentində çıxış edən N.Paşinyan Ermənistanın Qərbyönümlü ictimai-siyasi dairələrinin gözləntilərinin əksinə olaraq, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təş­kilatından çıxa biləcəyi ilə bağlı heç nə demədi. O, bundan əvvəl də ölkənin İctimai televiziyasına müsahibəsində əmin etmişdi ki, İrəvan özünün xarici si­yasət vektorunu dəyişmək yolu ilə get­mir. Ancaq yuxarıda da vurğuladığımız kimi, baş nazirin 40 dəqiqəlik nitqində konkret vurğular var idi. O vurğular ki, onları Moskvada anti-Rusiya və təxri­bat xarakterli fikirlər kimi qəbul ediblər. Görünür, Nikol Avropanın gözləntilərini yalnız bu formada doğrulda bilir. Yəni, yarımçıq şəkildə. 

***

Bəli, N.Paşinyan Avropa Parlamen­tinin Strasburqda keçirilən iclasında Qarabağın erməni əhalisinin bölgədən çıxması fonunda Rusiya sülhməramlı­larını fəaliyyətsizlikdə ittiham edib. Hal­buki Moskva dəfələrlə bildirib ki, Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri aydın şəkildə yerinə yetirib. Bunu Prezident Vladimir Putin də son günlərdəki çıxışlarında bir neçə dəfə vurğulayıb. O, xüsusən “Valday” Dis­kussiya Klubunun iclasındakı nitqində məsələyə çox geniş yer ayıraraq deyib ki, Qarabağdakı rus sülhməramlılarının missiyası qarşı tərəflər arasında atəş­kəs rejiminin saxlanılmasına nəzarət olub. Rusiyanın dövlət başçısının fikrin­dən gəlinən qənaət isə budur ki, Ermə­nistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla qarşı duran tərəflərdən biri olmaq istəməyib. Buna görə İrəvanın Moskvadan incik düşməyə əsası yox­dur. 

Digər bir məqam da var. Nikolun üstüörtülü ittihamlarında Ermənistanın təhlükəsizlik üzrə müttəfiqlərinin Qara­bağ ətrafındakı vəziyyət fonunda “açıq şəkildə ölkədə hakimiyyətin dəyişdiril­məsinə çağırıblar” motivi də yer alıb. Heç şübhəsiz, o, Rusiyanı nəzərdə tu­tub və bunu dana bilməz. Çünki başqa müttəfiq yoxdur. Moskvada mövcud məqam kifayət qədər aydın dərk edil­məkdədir.

Bəli, əvvəldə də bildirdiyimiz kimi, Rusiyada erməni baş nazirin üstüörtü­lü tənqidini cavabsız qoymamağı zəruri hesab ediblər. Lakin məsələyə birbaşa deyil, anonim “yüksək rütbəli mənbə”­nin dili ilə cavab veriblər. Diqqət yetirək, mənbə Paşinyanın çıxışını “tamamilə məsuliyyətsiz və təxribatçı” formada qiymətləndirdiyini TASS-a deyib. Hər halda TASS-ın Rusiyada nə demək ol­duğunu bilməyənlər olmaz. Bu agent­lik ölkənin dövlət mediasıdır və orada səslənmiş fikrin çəkisinin mövcudluğu şübhəsizdir. Yeri gəlmişkən, mənbə onu da bildirib ki, Paşinyan Ukrayna Prezi­denti Volodimir Zelenskinin izi ilə fəal şəkildə getməkdədir: “Biz Moldovanı 2 nömrəli Ukrayna hesab etsək, Ermə­nistanı 3 nömrəli Ukraynaya çevirməyə çalışdıqlarını görürük. Paşinyan isə Ze­lenskinin yolu ilə sıçrayış edir”.

Görünür, Paşinyanın komandasında da baş nazirin çıxışında, necə deyərlər, barıtı çox etdiyini düşünürlər. Amma or­taya tamamilə qeyri-ciddi durum çıxır. Qeyri-ciddilik baxımından isə Ermənis­tanın xarici işlər nazirinin müavini Pa­ruyr Hovannisyanın söylədikləri diqqət çəkməkdədir. Onun sözlərinə görə, Nikol çıxışında heç bir ölkənin adını çəkməyib, müttəfiqlərin davranışından məyusluğunun olduğunu deyib, hansı müttəfiqləri nəzərdə tutduğunu qeyd et­məyib. Yəni, Hovannisyan Paşinyanın uşaq oyununa haqq qazandırır. Əslin­də, buna haqq qazandırmaq mümkün deyil. 

***

Erməni politoloq David Arutyunov Ermənistan hakimiyyətinin öz xarici siyasətini Qərbə yönəltmək istəyinə əmindir. Politoloq deyib ki, eyni zaman­da, Qərb və Rusiya ilə münasibətlərin müvafiq şəkildə yenidən qurulması üzrə real sistemli iş aparılmır və ya bu iş məhdud miqyasda aparılır. “İrəvanın hərəkətləri anti-Rusiya ritorikasında cəmlənib və bunun müqabilində erməni tərəfi Qərbdən dəstək alacağını gözlə­yir. İndiyədək yalnız xarici siyasət sfera­sında Qərblə təmasların intensivləşdiril­məsi və Rusiya istiqamətində fəaliyyətin əhəmiyyətli hissəsinin dondurulması, eləcə də təhlükəsizlik sahəsində aktiv axtarış formasında real addımlar müşa­hidə olunub”, – deyən Arutyunov Ermə­nistanın Rusiyaya alternativ silah təda­rükçüləri axtarmasını da münasibətlərin kəskinləşdirilməsi baxımından mühüm cəhət kimi vurğulayıb.

Digər erməni politoloq Beniamin Poqosyan Ermənistan hökumətindən hazırkı xarici siyasət kursunu dəyişmək üçün aydın siqnallar görmədiyi qənaə­tindədir. Onun sözlərinə görə, rəsmi İrəvanın hansı məqsədləri güddüyü aydın deyil. Çünki hakimiyyət daxilin­də strukturlaşdırılmış qərar qəbuletmə mexanizmi yoxdur. “Ermənistanın baş nazirinin qərarlarını necə əsaslandırdığı aydın deyil. Onun kimə və nə vəd etdiyi qeyri-müəyyəndir”, – deyən Poqosyan, eyni zamanda, belə düşünür ki, Ermə­nistan Rusiyadan uzaqlaşmaq üçün hələ də simvolik addımlar atır. Məsələn, Paşinyanın həyat yoldaşı Anna Akop­yan Kiyevə səfər edir, ölkənin Rusiya­nın hakim rol oynadığı təşkilatlarda üzv­lüyü faktiki olaraq dondurulub və sair: “Lakin Ermənistanın KTMT-dən, Avra­siya İqtisadi İttifaqından çıxması prose­sinin başlaması və ya İrəvanla Moskva arasında böyük dostluq və qarşılıqlı yardım müqaviləsinin ləğvi kimi real ad­dımlar yoxdur. Bu baxımdan, Nikolun hakimiyyətdə qalmaq naminə Qərbdən daha çox dəstək almaq üçün imitasiya ilə məşğul olduğunu, yoxsa, doğrudan da, Rusiyadan real məsafə saxlamağa getdiyini söyləmək çətindir”.

***

Qeyd edək ki, N.Paşinyan Avropa Parlamentindəki çıxışında Ermənistanı Cənubi Qafqazda demokratiya qalası kimi göstərdi. Sanki elə təəssürat ya­randı ki, ölkə diktaturanın təzyiqləri ilə üz-üzədir və əgər təhdidlər güclənsə, demokratiya məhv olacaq. Əlbəttə, Ni­kolun belə ritorika ilə hansı hədəfləri nişan aldığı məlum idi. Onun çıxışında adını çəkdiyi ölkə Azərbaycandır. Ni­kol Bakını işğalçı kimi göstərdi. Bu, öz yerində. Yəni, bildirdi ki, Azərbaycanın guya ekspansionist hərəkətləri Ermə­nistan daxilində onun hakimiyyətinə qarşı çıxanları hərəkətə gətirməkdədir. 

Əlbəttə, Nikolun söylədiklərində sırf ölkəmizə yönəlik gizli motiv də var. Paşinyan Avropanın bəzi dairələrinin ənənəvi anti-Azərbaycan ritorikasına siyasi sərmayə yatırmaqla məşğuldur. Məlum olduğu kimi, həmin ritorikanın tərkibində, guya, Azərbaycanda insan hüquq və azadlıqlarına etinasız müna­sibətin olduğuna dair yanaşmalar var. Erməni baş nazir diktaturanın təzyiqi deyimində məhz bu motivə də köklən­miş oldu. Başqa sözlə desək, Avropanı qıcıqlandırmaq yolunu tutdu. 

Bir qədər əvvəl fikirlərini diqqətə çatdırdığımız Beniamin Poqosyan da təxminən mövcud məqamın üzərin­də dayanır. Ancaq bir qədər fərqli. O deyir ki, Nikol özünü böyük demokrat kimi qələmə verməklə, hər kəlməsinin əvvəlinə və axırına demokratiya yarlığı yapışdırmaqla, əslində, Qərbin Ermə­nistanda gedən anti-demokratik pro­seslərə göz yummasına çalışır. Başqa sözlə desək, hakimiyyətini qorumaq üçün əlavə immunitet axtarır. Baş nazir Avropa Parlamentinin tribunasından da məhz həmin məqsədi reallaşdırmaq na­minə bəhrələndi. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət