Füzulinin barıt qoxulu günləri

post-img

(Qazinin gündəliyindən)

Müharibə dedikdə yadıma ilk olaraq Füzuli–Cəbrayıl cəbhəsi düşür. Füzuli dedikdə isə Kürdlər, Dördçinar və s. istiqamətlər...

Bu kəndlərin qarşısında düşmən önündə müəyyən yüksəklik–təpələrin bəzisində bizim batalyon yerləşib. Qarşı­lıqlı olaraq düşmənin artileriya hücumları başlayır. Həm orda qalmağa imkan ver­məməliyik, həm də üstümüzə toplardan və minaatanlardan mərmi yağdırılır. 

Dərinliyi dizdən olan, ot basmış sən­gərə yerləşirəm heyətimizlə. Qazılma is­tiqaməti və sairdən aydın hiss olunur ki, bu səngər 1-ci Qarabağ savaşından qal­madır. Allah bilir, o zaman orada kimləri­miz şəhid olub. İndi onların övladlarıdır o səngərdə olanlar. Bu qədər mərmi yağ­muru olsa da, hələ itkimiz yoxdur. Bəlkə Birinci Qarabağ savaşında orda şəhid olanların ruhudur bizi qoruyan?!

Bir neçə dəqiqə sonra sağ istiqamə­timizdə yerləşən düşmən bölükdən artil­leriya atışlarından sonra bir zabitimiz və iki əsgərimiz yaralanır. Səhv etmirəmsə, baş leytenant Əmrahov sağ əlinin bar­maqlarını itirir. Bir əsgər boğazından, di­gəri isə bədənindən yaralanır. Digər böl­mələrin də köməkliyi ilə yaralılar oradan aparılır. 

Bunun ardınca bizim ordunun şiddətli əks artileriya hücumu, atışları başlayır. Bir neçə partlayışsa raket atıldığının ba­riz nümunəsi idi. Həm təhlükə var, həm də bu raket partlayışlarına olan marağı­mı öldürə bilmirəm. Bu nədir, bu nə part­layışlardır belə... Torpağın bağrı yarılır sanki.

Bu atışlardan sonra düşmən artileri­yası səngiyir, sonra isə tam dayanır. Ge­cəyə yaxın bizə məlumat verilir: Bir az­dan "qonaqlarımız" olacaq, heç bir halda qarşı tərəfə, hərəkətliliyə atəş açmayın. Bildiyiniz qüvvələr, yəni bizim ordu – XTQ və digər bölmələr gecəylə hücuma keçə­cək.

...Qısa müddət ərzində yuxarıda adlarını sadaladığım kəndlər, həmin məntəqələrin qarşısı və digər istiqamət­lər düşməndən tam təmizlənir. Amma sonrakı günlər ərzində digər döyüşlərdə batalyonumuz 4 şəhid verir, 20-yə yaxın hərbçimiz yaralanır. 

Bu şəkil isə həmin kəndlər və qarşısı təmizləndikdən sonra çəkilib. Orda nəfəs kəsən gərgin günlərdən sonra 2-3 gün dincəlmək olardı...

P.S. Şəhər gününüz mübarək, əziz füzulilər!

Emin PİRİ,
şair-publisist

Sosial həyat