Suqovuşanda düşmənin sol cinahı çökdürüldü

post-img

...Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsində strateji əhəmiyyət daşıyırdı. Çünki bu qəsəbənin coğrafi mövqeyi əlverişli idi və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük verirdi. Bu qələbə çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğur idi.

Döyüşlər isə davam edirdi. O tarixi günlərə nəzər salanda görürük ki, düş­mənin Suqovuşanda ağır məğlubiyyətə uğradılmasında, tutduğu mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkil­məyə məcbur edilməsində polkovnik-ley­tenant Əfqan Abdurahmanov və tabeli­yində olan bölmələr ölüm-dirim savaşına çıxıb. Ermənistan ordusunun müxtəlif is­tiqamətlərdə hərəkət edən hərbi kolonları o günlərdə bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edildi. Düşmən isə Suqo­vu-şanın itirilməsi ilə heç cür barışa bil­mirdi, bu önəmi yaşayış məntəqəsini geri almaq üçün bir neçə dəfə əks-hücuma keçdi. Lakin ordumuz həmin hücumlarn qarşısını aldı və ermənilər çoxsaylı can­lı qüvvə və texnika itirərək geri çəkilməli oldular. 

Oktyabrın 4-ü, 5-i və 6-sı Suqovuşan yaşayış məntəqəsi yaxınlığında yerləşən yüksəklikdə əlverişli mövqe tutan Əfqan Abdurahmanov buradan iki hərbi hissə­nin bölmələrinin “530”, “951” yüksəklik­ləri və Gödəkburun dağı istiqamətində olan ərazilərin azad edilməsi əməliyya­tını istiqamətləndirdi. Rabitədə Bayram İbişovun işarəsi “Bayram-01”, Əfqanınkı isə “Əfqan-36” idi. Döyüşlərin gedişində yalnız iki səs gəlirdi. Yuxarı qərargahla danışıqları onlar aparırdılar.

Oktyabrın 4-də işğalçı qüvvələr dörd tank və bir ədəd iriçaplı silahdaşıyan zirehli texnikanın (BMP) köməyi ilə Ağ­dərə istiqamətindən Suqovuşan yaşayış məntəqəsinə doğru əks-hücum əməliy­yatı həyata keçirmək istədilər. Müdafiədə duran döyüş növbətçilərimiz bu barədə dərhal polkovnik-leytenant Əfqan Abdu­rahmanovla Bayram İbişova məlumat verdilər. Suqovuşanın yuxarısından dö­yüşə hazır vəziyyətdə olan “SPQ-9” si­lahı ilə düşmənin desant daşıyan zirehli texnikası məhv edildi. Sonrakı atəşdə mərmi düşmənin olduğu yerə düşdü. Onlar kifayət qədər itki verdilər, yaralıları daha çox idi. Digər zirehli texnikaların ta­leyi də əvvəlkindən fərqlənmədi. 

Suqovuşanın yaxınlığında “Teleqüllə” yüksəkliyində mayor Mirdamət Bağıye­vin qrupu yerləşirdi. Həmin ərazidən ət­raf zona müşahidə altında idi. İki tankı qrup “SPAYK” ilə məhv etdi və düşmən əks-həmləni kəsməyə məcbur oldu. Okt­yabrın 5-də Qaçay Abdullayev yaralandı. O, Vətən müharibəsinin ilk günündən dö­yüş əməliyyatlarında iştirak etmiş, Suqo­vuşan uğrunda döyüşlərdə yanına düşən minomyot mərmisinin partlaması nəticə­sində sağ ayağını dizdən aşağı itirmişdi. Sol qulağı da ciddi zədə almışdı. 

Kapitan Vüqar Əliyev o günləri xatır­layaraq deyir: 

– Qaçay adlı cəsur bir gizirimiz var­dı, döyüş vaxtı yanına minaatan mərmisi düşdü, yaralandı. Gördüm ki, məni ça­ğırır. Tez yanına qaçdım. Dedi: “Hər şey yaxşıdır, heç nəyə görə narahat olma”. Halbuki onun ayağını mərmi üzüb qopar­mışdı. Tez ona morfi vurdum, ilkin tibbi yardım göstərib təxliyə etdik. “Məndən ötrü narahat olma, uşaqlar sizə əmanət­dir”, – dedi. Yəni o cür yaralı vəziyyətdə belə heç kim ruhdan düşmürdü.

Oktyabrın 6-da isə bölük komandiri Elçin Ağayev şəhid oldu. O, Vətən mü­haribəsinin ilk günlərindən döyüşlərdə iştirak edib, bir sıra uğurlu əməliyyatlarda şücaəti, ilə əsgərlərinə nümunə olub, onları qətiyyətlə düşmən üzərinə aparıb. Hərbi hissə qarşısında qoyulmuş tap­şırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib. Oktyabrın 7-də ar­tıq Azərbaycan bölmələri şərqdəki bütün yüksəklikləri götürmüşdü.

Ümumiyyətlə, Talış–Suqovuşan əmə­liyyatında düşmənin 6-cı dağatıcı 193-cü desant həmlə taboru, 022 xüsusi təyinatlı qüvvələrin iki taboru, 77-ci əlahiddə tank taboru məhv edildi, 7-ci, 5-ci dağatıcı alay­larına, 38-ci əlahiddə mexanikləşdirilmiş briqadaya ağır zərbələr endirildi. Düşmə­nin ümumilikdə 96 tankı məhv edildi, 13 tank və 161 avtomobil texnikası, 24 ədəd “D-30” topu ordumuz tərəfindən qənimət kimi götürüldü. Suqovuşanda silah-sursat anbarı da ordumuza qaldı.

Bununla da yenilməz deyilən xətlərin keçilməsi, erməni ordusunun məhv edil­məsi, silah-sursatının ələ keçirilməsi, əs­gərlərinin döyüşü tərk edib qaçması, ordu­sunun dağılması, tarazlığının pozulması baş verdi. Başlıcası isə düşmənin döyüş əzmi və qərarlılığı məhvə düçar oldu. Bü­tün bunlar nəticə etibarı ilə erməni xalqı­nın, dövlətinin psixoloji olaraq çökməsinə, sonun başlanğıcına səbəb oldu.

P.ƏFƏNDİ
XQ



Sosial həyat