Cənub bölgəsinin ədəbi dünyası

post-img

Azərbaycan Yazıçılar Birliyi (AYB) Lənkəran bölməsinin 45 yaşı tamam olur. Bölgədə ədəbi mühitin yaranmasının isə qədim tarixi var. Lənkəran şəhəri orta əsrlərdən bölgənin mədəniyyət mərkəzi olub. Cənub bölgəsində yazıb-yaratmış alimlərdən, şairlərdən zəngin irs qalıb. 

Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin Lənkərana elm öyrənmək üçün gələnlərdən olub. O da, digərləri də öz irfani fikirlərini xalqa şeirlə çatdırıblar. Bu böyük şəxsiyyətlərin yaradıcılığı bölgə ədəbiyyatının ilkin nümunələri sayılır. 

XIX əsrin ortalarında Lənkəranda məş­hur ədəbi məclis - "Fövcül-füsəha" ("Gözəl danışanlar məclisi") fəaliyyət göstərib. Məclisə Usta Hüseynqulu Şuri və Molla Fəttah Səhban, Mirzə İsmayıl Qasir rəh­bərlik ediblər. Məclis XX əsrin əvvəllərinə qədər davam edərək yeni maarifpərvər ziyalıların yetişməsində müstəsna rol oy­nayıb. Maarifçilər isə ədəbiyyatın inkişa­fında misilsiz xidmətləri olub. Bu müəlliflər "Şərqi-Rus", "Molla Nəsrəddin" və başqa mətbuat orqanları ilə əlaqə saxlayıb ya­zılarını çap etdiriblər. Rayonda yeni ya­radılan Xalq Teatrı üçün pyeslər yazılırdı. 1928-ci ildə yerli müəlliflərdən Teymur Şahverdiyevin "Altı vəfat" və "Həqiqi röya" adlı birpərdəli, Mirzə İsaq Möhsünzadənin isə "Cəmşidabad" adlı beşpərdəli pyesləri Xalq Teatrında tamaşaya qoyulub. 

Ötən əsrin 30-cu illərində Lənkəranda nəşr olunan "Sosialist subtropikası" qəzeti bütün bölgənin mətbu orqanı idi. Qəzetin oxucuları altı rayonu əhatə edirdi. Bu da rayonlararası ədəbi-mədəni əlaqələrin genişləndirilməsinə xidmət edirdi. 60-cı illərdə isə bütün respublikada olduğu kimi, Lənkəranın ədəbi mühitində də yeni bir canlanma özünü göstərib. Yazarlar “Lənkəran” qəzetinin redaksiyasında və şəhər mərkəzi kitabxanasında ədəbi məc­lislərini davam etdiriblər. Məclisə Şəkər Aslan, Yaşar Rzayev, Mirhafiz Bahadır, Mirhaşım Talışlı kimi qələm sahibləri rəh­bərlik ediblər. Burada öz imzalarını res­publikada təsdiq edən ədəbi nəsil yetişib. Firudin Ağayev, Camal Yusufzadə, Vaqif Hüseynov, Əlisa Nicat, Hüseynağa Qə­niyev, İltifat Saleh, Xeyrulla Mehdi, Məm­mədhüseyn Əliyev, Həbib Səfərov, Manaf Manafov və başqaları məhz Lənkəran ədəbi məclislərində yetişiblər. Bu inkişaf bölgədə Azərbaycan Yazıçılar İttifaqının Zona Şöbəsinin yaradılması zərurətini yaradıb və bu da 1978-ci ilə təsadüf edib. Yazıçı Məmmədhüseyn Əliyev şöbənin məsul katibi təyin edilib. Zona şöbəsi 8 ra­yonu: Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Biləsuvar, Neftçala və Lənkəran rayonlarını əhatə edirdi. Bu rayonların ədəbi qüvvələri bir yerə toplaşaraq ədəbi müzakirələr aparıb, maraqlı tədbirlər keçi­riblər. 

Cəlilabaddan Abbasağa Azərtürk, Ma­lik Rzayev, Masallıdan Xanəli Tolış, Nov­ruz Xoşbəxt, Rafiq Əliyev, Nurməmməd Ağa, Astaradan Novruz İbadoğlu, Aqil Yaqub, Şahverən Cavad, Lerikdən Xanlar Həmid, Nəzir Şaban, Hacıməmməd Qulu­zadə, Yardımlıdan Sahib Əliyev, Neftçala­dan Soltan Abbas, Zabil Pərviz, Müzəffər Məzahim, Lənkərandan Vaqif Hüseynov, Həzi Əliyev, Yaşar Rzayev, Xudaqulu Canıyev, Malik Şərif, Hüccətulla Məm­mədov, Mirhaşım Talışlı, Firudin Aslanov, Əli Nasir, Ziyafət Əkbərov, Etibar Əhədov, Sərraf Talıb, Baloğlan Cəlil İdrisi, gənc­lərdən Ağamir Cavad, Balayar Sadiq və başqaları ədəbi müzakirələrdə fəal iştirak edirdilər. Bəyənilən əsərlər çap olunmaq üçün respublikanın müxtəlif qəzet və jur­nallarına göndərilirdi. Bundan əlavə şöbə ədəbi orqanlarda nəşr olunmaq üçün xü­susi səhifələr hazırlayıb redaksiyalara təqdim edirdi. Şair və yazıçıların əməkçi insanlar və tələbələrin qarşısında çıxışı onları yeni əsərlər yazmaq üçün daha da ruhlandırır, stimul verirdi. Rayonlarda tez-tez ünlü söz ustalarının yubiley tədbir­ləri, görüşləri təşkil olunurdu. 

Lənkəran Dövlət Dram Teatrının səh­nəsində Məmmədhüseyn Əliyevin "Ana fəryadı " və "Prokuror", Şəkər Aslanın "Sən kimsən, ata" və "Birtərəfli hərəkət", Vaqif Hüseynovun "Yuxuda zarafat" , Baba Rzayevin "Mirmustafa xan" və "Şeyx Zahid", Ağamir Cavadın "Füzuli" dramları müvəffəqiyyətlə tamaşaya qoyulub.

Azərbaycan müstəqilliyinə qovuşan­dan sonra söz və mətbuat azadlığı ədəbiy­yatın inkişafı üçün yeni imkanlar yaradıb. Zona şöbəsinin məsul katibi M.Əliyevin redaktorluğu ilə "Şəfəq" jurnalı nəşr olun­mağa başlayıb. Bundan başqa Lənkə­randa Ş.Aslanın redaktorluğu ilə "Söz", Lerikdə Hacıməmməd Quluzadənin re­daktorluğu ilə "Məşəl", Astarada Tarif Əs­gərin redaktorluğu ilə "Alov" ədəbi-bədii jurnalları, Hacı Etibar Əhədovun redaktor­luğu ilə "Aşkarlıq" qəzeti nəşr olunmağa başlayıb və bu mətbu orqanlar bölgədə ədəbiyyatın inkişafına böyük təkan verib. 

1992-ci ildə tədqiqatçı-alim və şair Mirhaşım Talışlı "Fövcül-füsəha" məclisini yenidən bərpa edib. O, klassik ənənələri qorumaq və inkişaf etdirmək üçün şairlə­ri əruz vəznini öyrənməyə və bu vəzndə də əsərlər yazmağa həvəsləndirib. Məclis Bakıdakı "Məcməüş-şüəra" ilə sıx əlaqə saxlayırdı. 

Şəkər Aslanın və İltifat Salehin rəhbər­lik etdikləri dövrlərdə AYB Lənkəran böl­məsi daha da fəallaşıb. Bir çox istedadlı müəllifin kitabları işıq üzü görüb, yaddaqa­lan ədəbi-bədii tədbirlər təşkil olunub.

Bölmənin sədri şair İltifat Salehin və­fatından sonra üç ildir ki, AYB Lənkəran Bölməsinin sədri vəzifəsi mənə həvalə olunub. Bu müddətdə bölmənin balansın­da olan otaqların sayı artırılıb, təmir işləri aparılıb və zəruri inventlarla təmin edilib. Artıq bölmədə 35-40 nəfərin iştirakı ilə tədbirlər keçirmək imkanımız da var. Böl­mənin əhatə etdiyi digər 5 rayonda tədbir­lərin hazırlanması və həyata keçirilməsinə kömək məqsədilə əlaqələndiricilər təyin edilib. Bölmədə əvvəllər mövcud olan “Söz” ədəbi məclisinin və “Şəfəq” ədə­bi-bədii jurnalının fəaliyyəti bərpa olinub. Son üç il ərzində bölməmizdə çoxsaylı kitab təqdimatları, şair və yazıçılarla gö­rüşlər, ədəbi müzakirələr, anım və yubi­ley tədbirləri keçirilib. Bölmə tərəfindən ümumən 2021-ci ildə müxtəlif səpkili 36, 2022-ci ildə 45 və 2023-cü ilin 9 ayı ərzin­də isə 37 tədbir reallaşdırılıb. 

Fəaliyyətimizin bir qolu da bölgədə yaşayan, lakin ölkənin öncül ədəbiyyat dərgilərində çap olunmayan yazarların, xüsusən də gənclərin daha genişmiqyas­da tanıdılması layihəsidir. “Azərbaycan”, ”Ulduz”, ”Xəzan”, “Yurd” və s. jurnallarda, “Ədəbiyyat qəzeti”ndə və digər mətbuat səhifələrində bölgə yazarlarının əsərləri vaxtaşırı dərc edilir. 

AYB rəhbərliyi və Lənkəran Şəhər İcra Hakimiyyəti bölmənin fəaliyyətinə hərtərəfli diqqət göstərirlər. Ötən il və bu il bir neçə bölgə yazarının Prezident təqaü­dünə, müxtəlif ədəbi mükafatlara layiq gö­rülməsi, bir neçə nəfərin AYB üzvlüyünə qəbul olunması buna əyani sübutdur. 

Bu günlərdə AYB-nin Natəvan klubun­da bölməmizin 45 illik yubileyi qeyd edi­lib. Bundan sonra da AYB Lənkəran Zona Bölməsi bölgədə ədəbi mühitin daha da inkişafına, qarşıda duran vəzifələrin uğur­la yerinə yetirilməsinə nail olmaq üçün səylərini əsirgəməyəcək. 

Qafar CƏFƏRLİ,
AYB Lənkəran Bölməsinin sədri, yazıçı-publisist



Mədəniyyət