Türk xalqları filmlərinin Bakı paradı

post-img

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Bakıda “Şuşa - Türk Dünyasının Mə­dəniyyət Paytaxtı 2023" ili çərçivəsində "Qorqud Ata" III Türk Dünyası Film Festivalı baaşlanıb. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Dörd gün davam edəcək festivalın açılış mərasimindən öncə Türk dün­yasının birliyini əks etdirən videoçarx nümayiş etdirilib. Sonra tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fə­rid Cəfərov festivalın məqsədinin türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək olduğunu bildirib. 

Tədbirdə digər çıxış edənlər - Bey­nəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Sait Yusuf, “Qorqud Ata” Film Festivalının direktoru, kino tənqidçisi İhsan Kabil, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev türk xalqları arasında müxtəlif sahələrdə, o cümlədən mədə­niyyət sahəsində əlaqələr, Azərbayca­nın zəngin mədəni irsi, kino ənənələri barədə məlumat veriblər. Qeyd olunub ki, bu film festivalı bütün Türk dünyası­nı bir araya gətirən mühüm mədəniyyət layihəsidir.

Festival iştirakçılarından alınan qısa müsahibələri təqdim edirik:

Orxan Fikrətoğlu, Mədəniyyət na­zirinin müşaviri, Əməkdar incəsənət xadimi:

– Türk dünyası hər bir sahədə oldu­ğu kimi, kino sahəsində də birləşir və bu, çox müsbət cəhətdir. Əvvəlki festi­vallar İstanbul və Bursada olub, indi isə kino xadimləri Bakıda toplaşıblar. İşti­rakçıların Şuşa şəhərinə tanışlıq səfəri və Bakıda zirvə toplantısının keçirilmə­si də nəzərdə tutulur. 

Sabir Məmmədov, Azərbaycanın Xalq artisti:

– Bakıda belə festivallar tez-tez keçirilsə, yaxşı olar. Bu cür möhtəşəm tədbirlər Azərbaycan kinosunun tanı­dılması baxımından önəmlidir. 

Suğra Bağırzadə, Əməkdar ar­tist: 

– Festival bütün Türk dünyasının birləşməsi deməkdir. Biz bir-birimizi daha yaxşı anlayırıq, bu baxımdan fes­tival dünya miqyasında tanınmaq üçün ilkin fürsətdir. 

Festivala Azərbaycan, Türkiyə, Öz­bəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqır­dıstandan (Rusiya Federasiyası), həm­çinin azsaylı türk xalqlarından təqdim olunan 32 bədii, sənədli və animasiya filminin Nizami Kino Mərkəzində nüma­yişi baş tutacaq.

XQ



Mədəniyyət