HƏMAS yaraqlıları isə raket zərbələrini davam etdirirlər
İsrailin Baş naziri Binyamin Netanyahunun şənbə günü ölkəsinin HƏMAS-a qarşı müharibədə olduğunu bəyan etməsindən sonra Nazirlər Kabineti müvafiq qərar verib. Kabinetin səsverməsindən öncə Netanyahu İsrailin HƏMAS-dan “möhtəşəm qisas” alacağını bildirib.
Bu gün artıq dördüncü gündür ki, Yaxın Şərqdə barışmaz hesab olunan rəqiblər arasında son 50 ilin ən qanlı silahlı qarşıdurması baş verir. Dünən İsrailin cənubundakı şəhərlər boyunca küçələrdə İsrail əsgərləri ilə HƏMAS yaraqlıları arasında ağır döyüşlər davam edib. Eyni zamanda, İsrail təyyarələri Qəzzadakı hərbi hədəflərə zərbələr endirib.
İsrailin Müdafiə Qüvvələri tərəfindən Qəzza sektorunda artıq mindən çox hərbi hədəfin vurulduğu qeyd edilib. Bununla bərabər, nazirliyin rəsmisi həmin bölgədən ölkənin ərazisinin raket atəşinə tutulduğunu deyib. Hər iki tərəfdən ölən və yaralananların sayı durmadan artır.
Qəzzada hazırda ağır humanitar böhran yaşanır. Əhalinin elektrik enerjisi və su qıtlığından kəskin əziyyət çəkdiyi bildirilir. BMT-nin dünən gecə saatlarında yaydığı son hesabata əsasən, 120 mindən çox fələstinli yaşadıqları evləri tərk etməyə məcbur qalıb və onlardan 74 mini məktəblərə sığınıb. Qeyd edək ki, Qəzza bölgəsində 2,3 milyondan çox əhali yaşayır və bu ərazi dünyanın ən sıx məskunlaşmış yerlərindən biridir.
Yaxın Şərqdə baş verənlər dünya birjalarında enerji qiymətlərinin kəskin artmasına səbəb olub. Analitiklər bahalaşmanın hərbi eskalasiyadan sonra neft daşımalarında fasilələrin yaranacağı ehtimalından qaynaqlandığını bildirirlər.
İsrail ordusu HƏMAS-ın ələ keçirdiyi bütün ərazilərdə nəzarəti bərpa edib. Bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi, kontr-admiral Daniel Həcəri məlumat verib. Onun sözlərinə görə, hazırda həmin ərazilərin heç birində hərbi əməliyyatlar aparılmır.
ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına eksklüziv müsahibəsində deyib ki, Birləşmiş Ştatlar döyüşlər zamanı həlak olanlar arasında amerikalıların da olması ilə bağlı xəbərləri araşdırır.
Xatırladaq ki, ABŞ hökuməti yüzlərlə mülki vətəndaşın ölümü ilə nəticələnən terror hücumundan sonra İsrailə dəstək üçün özünün ən yeni və ən qabaqcıl təyyarədaşıyan gəmisini tam aviadaşıyıcı zərbə qrupu ilə birlikdə regiona göndərib.
Müdafiə naziri Lloyd Ostin verdiyi açıqlamada ABŞ-ın “regional çəkindirmə səylərini gücləndirmək üçün Müdafiə Nazirliyinin bölgədəki mövqeyini gücləndirmək” məqsədilə “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin zərbə qrupunu Aralıq dənizinin şərqinə köçürdüyünü açıqlayıb.
Bundan əlavə, müdafiə naziri ABŞ-ın Yaxın Şərqdə ABŞ Hərbi Hava Qüvvələrinin “F-35”, “F-15”, “F-16” və “A-10” döyüş təyyarələri donanmasını gücləndirmək üçün addımlar atdığını bildirib.
Oxucular bu məqamda haqlı olaraq fələstinlilərlə israillilər arasında son qanlı toqquşmaların nə səbəbdən başladığını soruşa bilərlər. BBC müxbiri Qüdsdən yazır ki, Fələstin ərazilərinə nəzarət edən silahlı HƏMAS qrupu, Qüdsün “Əl-Əqsa” məscidini İsrailin “təcavüz və terrorizmindən” qorumaq üçün səy göstərdiyini bəyan edib.
Məlum olduğu kimi, həmin ərazini həm müsəlmanlar, həm də yəhudilər özləri üçün müqəddəs hesab edirlər. Bir müddət əvvəl fələstinlilərin Şərqi Qüdsdəki evlərindən qovulmaq təhlükəsi ilə üzləşməsi onların qəzəbinə səbəb olub.
Belə ki, İsrail məhkəməsi Şərqi Qüdsdə Şeyx Cərrah məhəlləsində bir neçə fələstinli ailənin evlərindən çıxarılması barədə qərar verib. Məhkəmə qərarında əsas kimi həmin evlərin keçmişdə, daha dəqiq desək, 1947-ci ilə qədər yəhudilərə məxsus olduğu göstərilib.
Qərardan sonra Qüdsün əsasən ərəb əhalisinin yaşadığı hissəsində etirazçılarla İsrail polisi arasında bir ayadək davam edən toqquşmalar başlayıb. İsrail polisi isə müsəlmanlara “Əl-Əqsa” məscidinə girişi qadağan edib. Bu hadisə fələstinlilərin qəzəbini daha da artırıb.
Fələstinlilər İsrail polisini daşa tutub, İsrail polisi isə kütləni dağıtmaq üçün rezin güllələrlə atəş açıb, nəticədə 300-dək insan xəsarət alıb. Bunun ardınca HƏMAS təşkilatının hərbiləşdirilmiş qanadı İsrail ərazisini atəşə tutmağa başlayıb.
Hadisələrin sonrakı gedişatı artıq bəllidir. Oktyabrın 7-də səhər tezdən HƏMAS yaraqlıları İsrail ərazisinə beş minə yaxın raket atıblar. Bundan başqa, yaraqlılar bir neçə istiqamətdə İsrail ərazisinə soxularaq onlarla həbçini və dinc sakini əsir götürüb.
Ötən gün ABŞ, Avropa İttifaqı və Britaniya hər iki tərəfi ən qısa zamanda gərginliyi azaltmağa çağırıblar. Bu məsələ ilə bağlı Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Türkiyə və Rusiya liderləri, eləcə də bir çox ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri tərəfləri munaqişəyə son qoymağa səsləyiblər.
BMT-nin Yaxın Şərqdə rəsmisi Tor Wennesland bildirib ki, İsraillə fələstinlilər arasında son münaqişədəki hazırkı vəziyyət “tammiqyaslı müharibə həddinə yaxınlaşıb”. O, gərginliyin azaldılması üçün beynəlxalq səylərin artırılmasını vacib sayır.
Sonda bildirək ki, HƏMAS-ın hücumları nəticəsində İsraildə ölənlərin sayı 900-ə çatıb, 2616 nəfər yaralanıb. Qəzza zolağında isə ölənlərin sayının dörd yüz nəfəri keçdiyi bildirilir. Təəssüf ki, bölgədə ağır zorakılıqlar davam edir və nə vaxt bitəcəyi bəlli deyil.
M.HACIXANLI
XQ