701-ci briqada – AXC şərəfinə yaradılmış hərbi hissə

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində Vətən Müharibəsi Veteranları İctimai Birliyi və 701 saylı hərbi hissənin Müharibə Veteranları Şurasının dəstəyi ilə Ordumuzun təməl daşı olan 18110 - 701 saylı briqadanın ya­radılmasının 32 illiyinə həsr edilmiş “Fədailər” adlı tədbir keçirilib.

Bu münasibətlə 701 saylı hərbi hissə­nin müharibə veteranları şurasının üzv­ləri, hərbi hissənin keçmiş döyüşçüləri, veteranlar oktyabrın 9-da Şəhidlər xiya­banına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən öv­ladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Tədbirdə hərbi hissənin müharibə veteranları şurasının sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək 701 saylı hərbi hissənin yaran­ma tarixi, keçdiyi şanlı döyüş yolu ilə bağlı məlumat verib. Vurğulayıb ki, Azər­baycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün oktyabrın 9-da ilk desant hücum taboru - 18110 saylı hərbi hissə yaradılıb, 1992-ci ilin mart ayından adı dəyişdirilərək Şərqin ilk demokratik Respublikasının 701 gün yaşaması şərəfinə “701” adlandırılıb. Briqadanın şəxsi heyəti – əsgərdən tut­muş yüksək rütbəli zabitə kimi Qarabağ müharibəsi zamanı bütün əməliyyatların ən gərgin nöqtələrində öz vəzifələrini böyük qətiyyətlə yerinə yetirib. Şuşa ra­yonunun kəndlərinin, həmçinin Ağdərə, Kərkicahan, Tərtər, Xocalı, Kəlbəcərin müdafiəsi uğrunda gedən qanlı döyüş­lərdə, Daşaltı, Füzuli və Murovdağ is­tiqamətindəki hücum əməliyyatlarında iştirak edərək böyük qəhrəmanlıq və rə­şadət göstərib: “Döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 701-ci briqadanın əsgər və zabitlərindən 4-ü Azərbaycanın Milli Qəhrəmanı adına, 11-i “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb, 18-i isə “İgidliyə görə” medalı ilə təltif edilib. 

Bu gün 701 saylı hərbi hissənin vete­ranları gənclərdə hərbi vətənpərvərlik ru­hunu yüksəltmək istiqamətində gərgin iş aparır. Artıq 701 saylı briqadanın döyüş yolu Müdafiə Nazirliyinin tədris müəs­sisələrində ətraflı öyrənilir”.

Azərbaycan Vətən Müharibəsi Ve­teranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, həmin hərbi hissənin tərbiyə­vi işlər üzrə müavini, müharibə veteranı İntiqam Mirzəyev, ehtiyatda olan polkov­nik-leytenant Qurban Qurbanov çıxışla­rında briqadanın keçdiyi döyüş yolundan söhbət açıb, hərbçilərimizin göstərdikləri qəhrəmanlığın təbliğinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində vacib rol oynadığını vurğulayıblar.

Leyla QURBANOVA
XQ

Sosial həyat