Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində xidmət göstərilən qazilərlə görüş olub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən biliriblər.
Vətən müharibəsinin 3-cü ildönümü ilə əlaqədar keçirilən görüşdə agentliyin əməkdaşları, hərbi ekspertlər, QHT nümayəndələri, müharibə veteranları iştirak ediblər. Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov 3 il əvvəl müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, qəhrəman hərbçilərimizin göstərdikləri şücaətlərdən öyünclə söz açıb, Vətən müharibəsindən sonra icra olunan geniş miqyaslı sosial dəstək proqramı çərçivəsində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, bu proqram çərçivəsində aparılan işlərin bir istiqaməti olaraq şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 49 min 500 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 1990 şəxs 43 min 100 reabilitasiya vasitəsi, o cümlədən 439 hərbçi 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
QHT nümayəndələri müəssisədə əlilliyi olanlara, habelə müharibə ilə əlaqədar əlilliyi olanlara göstərilən reabilitasiya xidməti ilə də tanış olublar. Reabilitasiya kursu keçən müharibə əlilləri diqqət və qayğı, həmçinin keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıb, göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Zərifə BƏŞİRQIZI
XQ