Güney Azərbaycan mövzusu Xalq şairi, “İstiqlal” ordenli Məmməd Arazın yaradıcılığında davamlı və geniş əksini tapıb.
Çağdaş milli şeirimizin dəyərli poetik nümunələrini yaradan ustad Məmməd Arazın bədii irsində Araz mövzusu seçilən və təsirli yer tutur.
Təsadüfi deyil ki, Məmməd Araz Güney mövzusunda şeirlər silsiləsi yaratmış az sayda tanınmış şairlərimizdən biridir. Bunlardan “Araz dili”, “Yenə Arazı gördüm...”, “Bu gecə yuxumda Arazı gördüm”, “Mən Araz şairiyəm”, “Arazın işıqları”, “Araz üstə çinar gördüm”, “Araz yadıma düşüb”, “Arazın nəğməsi” şeirləri və “Araz axır” poeması mahiyyət etibarı ilə torpaqlarımızin 2 yerə bölünməsinə, xalqımızın Güney faciəsinə xidmət edir və bütövlükdə ümummilli məsələyə köklənib.
Azərbaycan nəzm və nəsr ədəbiyyatının bir çox nümayəndələri Araz çayına xitab edərək şeirini onun Vətənimizi 2 hissəyə ayırmasına, yurdumuzun ortasında sərhədə çevrilməsinə həsr ediblər. Bəzən bu çayı bir xalqı ikiyə bölən qəddar bir sədd kimi qiymətləndirənlər, bəzənsə vahid Azərbaycan probleminin baisi, səbəbkarı, qınaq yeri kimi də müraciət edənlər az olmayıb. Amma Məmməd Araz yaradıcılığında Araz nə zavallı, nə də günahkardır, Araz hər zaman məğrurluq rəmzidir.
Onun şeirlərindəki sətiraltı mənalar şairin Araz təxəllüsü ilə səsləşən obrazıdır. Şairin həyatdakı canlı prototipi elə Araz çayının özüdür. Məmməd Arazın bu mövzuda yaradıcılığı məğrurluq, yenilməzlik, vüqarlılıq üstündə qurulub. Haqsızlığa tab gətirməyən, ədalətsizliyə boyun əyməyən dağ əzəmətli, qaya vüqarlı bir döyüşkən poeziya nümunəsi dayanır qarşımızda. Məmməd Araz şeriyyəti oxucusunu valeh etməklə yanaşı, hər zaman düşündürür. Aforistik deyimləri, müdrik kəlamları, filosofsayağı düşüncələri oxucusunu əfsunlamaqla yanaşı, eyni zamanda, düşünməyə və dərs çıxarmağa sövq edir.
Məmməd Araz yaradıcılığı bütövlükdə bir tarixdir. Öz millətinin, vətəninin yazılmayan salnaməsi, tarix dərsidir. Bəzən qəhrəmanlıq tarixi, bəzən mərdlik nümunəsi, bəzənsə ürəkparçalayan taleyidir. Şairə görə Araz Azərbaycan həqiqətlərinin qan yaddaşıdır:
Seyr elə Arazı bir yaz səhəri,
Bir tarix dil açar onun səsində.
Araz – şair Məmməd İbrahimovun, sadəcə, təxəllüsü deyil, onun qəlbindəki ən məhrəm duyğuların, ən gizli sirlərin sadiq dostu, dərddaşı və ömürnaməsidir. O, Arazdan, sadəcə, yazmır, cayın axışına, füsunkarlığına şeirlər həsr edərək onu vəsf etmir. Şair çaya bir xalqın taleyinin, tarixinin, keçmişinin canlı şahidi kimi müraciət edir. Yazıçı-publisist Aqil Abbas Məmməd Arazın təxəllüsünün niyə Arazdan gəldiyini və onun Araz sevgisinin ilahiliyini səciyyələndirərkən yazır: “Şairin ən böyük dərdi, şairin ən böyük ağrısı Araz dərdi, Araz ağrısıdır. O Araz ki, Azərbaycanı iki yerə bölüb. Yüz illərdir bu xalqın bir arzusu var, o da birləşmək arzusu! Şair də bu arzu ilə yaşayır və elə məhz ona görə də özünə “Araz” təxəllüsü götürüb”.
Hər bir Azərbaycan vətəndaşı, ələlxüsus da naxçıvanlı Araz çayını dəfələrlə görüb. Bir çoxları üçün, sadəcə, su axınından ibarət olan bu çay şair Məmməd Araz üçün ilham mənbəyi olmaqla yanaşı, bir qibləgahdır. Araz mövzusu Məmməd Araz yaradıcılığının sütununu təşkil edir. Bütövlükdə, Araz cayı şairin yardıcılığında bir vəsf obyekti, təbiət lövhəsi deyil, Araz bəzən baş qəhrəmandır, bəzən canlı bir obrazdır, bəzənsə sirdaş, dərddaş, xitab yeridir. M.Araz Arazı xalqımızın mübarizə, döyüş rəmzi kimi rəmzləşdirir. O, sanki, Arazla canlı insan kimi dərdləşir, bəzən insanlara deyə bilmədiyini Araza deyir, asta-asta, həzin-həzin sızlayır, bəzən hayqırır:
Mən neçə yol danışmışam Arazla...
Hansı dildə danışmışam? – Bilmirəm!
Bu misralar şairin yaddaşlarda unudulmaz izlər buraxan “Araz dili” adlı şeirindən götürülüb. Məmməd Arazın Araza yazdığı şeirlərindən ən təsirlisi “Araz dili”dir. Burada Azərbaycan xalqının dünəni və bu günü məharətlə, ən seçkin sözlərlə və bəzən də təbii ümumxalq dilindən gələn diləyatım ifadələrlə əksini tapıb:
Araz dili nə qılıncdı, nə hədə,
Araz dili: ürək dili, göz dili,
Torpaq dili, hava dili, göy dili
Mən neçə yol danışmışam Arazla...
Bu şeir və həmçinin Araz mövzusu Məmməd Arazın fərdi duyğularının poetik təzahürüdür. Onun bütün yaradıcılığında olduğu kimi, bu şerində də fəlsəfi dərinlik, hikmətli düşüncə, dərin məntiq hakimdir. Çünki Məmməd Araz Araz çayına adi bir şair gözü ilə baxıb onu hər hansısa gözəlliyini vəsf etmir, poetik tablo yaratmır. Onun üçün Araz cənub mövzusunda həsrətin və dərdin rəmzidir . Məmməd Arazın bəhs etdiyimiz mövzudakı şeirlərindən şairin ürəyinə saplanan Araz dərdinin sızıltısı duyulur.
Məmməd Araz hər bir təbiət lövhəsinə bədii don biçməkdən çox, onu fəlsəfiləşdirən şairdir. Biz “Araz şairi” Məmməd Arazın yaradıcılığında çayın bədii təsvirinə, poetik tablosuna rast gəlmirik. Buna görə də Araz onun üçün vəsf obyekti olmaqdan çox xitab yeridir. Araz mövzusu şairin yaradıcılığının ana xəttini təşkil etməklə yanaşı, onun əsas qayəsinə, məramnaməsinə çevrilir. Araz mövzusu həm də şair üçün vasitədir. O, fərqli mətləbləri qələmə almağa, deyilməmiş fikirləri ifadə etməyə xidmət edir.
Məmməd Arazın bədii duyğuları da Araz çayı kimi durmadan axır. Onun da yaradıcılığı Araz çayı kimi başıbəlalıdır. Bir təxəllüs şair taleyini özündə bu qədərmi ehtiva edər, özü ilə bütünləşdirə bilər? Bir şair öz təxəllüsünə bu qədərmi bənzəyər, bir təxəllüs sahibi ilə bu qədərmi bütünləşər?! Oxucu bu sintezin bədii lövhələrini “Yenə Arazı gördüm...” şeirində görür.
Şair Araz çayının sahilini dodağına, ləpələrini dilinə, sahil boyu uzanan çinarlarını yazan əlinə bənzədir. Ləpədöyən bərk qayaların həssaslığını qəlbi kimi həzin, hər bir pıçıltını hiss edən hissiyyatı ilə qarşılaşdırır. Şair dəyişən əhvalını, rəngbərəngə çalan şair ruhunu, bədii ovqatını bu çayın axar-baxarı ilə müqayisə edir və “Tutqundur qaşqabağın, Bu qaşqabağım kimi” deyir.
Bütövlükdə “Yenə Arazı gördüm...” şeirini M.Araz dünyasında Araz təxəllüsünün yozumu, açıqlaması və ya sirri kimi dəyərləndirmək olar:
Mən sənə bir şair,
Sən mənə Araz de.
Elə bil, nə mənsiz
Sən Araz,
Nə sənsiz mən şair olardım...
Bu misralarda şairin şairliyinin əsas ilham mənbəyinin Araz çayı olduğunu açıq-aydın görürük. Bu məqama bağlı olaraq akademik İsa Həbibbəyli yazır: “Azərbaycan ədəbiyyatında çox məsuliyyətli olan Araz təxəllüsünü daşımaq haqqını qazanmaq Məmməd Araza nəsib olmuşdur”.
Zülfiyyə İSMAYIL,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, fəlsəfə doktoru, dosent