Yevlaxın daha bir küçəsi əvvəlki görkəminə, yaraşığına görə rayon mərkəzini gözəlləşdirəcək. Seyid Cəfər Pişəvərinin adını daşıyan küçədə əsaslı təmir işləri başa çatdırılmaqdadır.
Şəhərin bu küçəsi uzun müddət təmir olunmadığı üçün istismara yararsız hala düşmüşdü. Hazırda burada qızğın iş gedir. Köhnə asfalt örtüyü yenilənir, piyada səkiləri və yeraltı kommunikasiya xətləri bərpa olunur, yağış sularına qarşı barmaqlıqlar quraşdırılır, nişanlanma xətləri çəkilir. Tikinti norma və standartlara uyğun aparılır, təmir işləri zamanı beton səki daşları çəkilir, yeni işıq dirəkləri quraşdırılır.
Yevlaxlılar yaxşı başa düşürlər ki, xalqımızın görkəmli oğlu, Azərbaycan Demokrat Firqəsinin banisi və sədri,Güneydə Milli Hökumətin rəhbəri Pişəvərinin adı ilə bağlı kücə ona layiq olmalıdır. Yevlaxlıların bu hüsni-rəğbəti təkcə belə amillərlə bağlı deyildir. 1947-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində müəmmalı nəqliyyat qəzasında dünyasını dəyişən demokrat liderin ruhu burada əbədiyyətə qovuşub.
Rayonda Seyid Cəfər Pişəvərinin adı və əməli ilə bağlı nə varsa qiymətli xatirə kimi qorunub saxlanılır. Qəbiristanlıqda onun və silahdaşlarının şərəfinə abidələr ucaldılıb, onların mübarizəyə milli birlik, qəhrəmanlıq ruhlu tədbirlər keçirir. Pişəvəri küçəsi isə bu şəhərdə Güney sevgisinin böyüklüyünü təcəssüm etdirir.
Hüseyn RƏHİMZADƏ