Üzeyir Hacıbəyli festivalı davam edir

post-img

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-də başlanmış ənənəvi  Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bir-birindən maraqlı tədbirlərlə sənətsevərlərin könüllərini oxşayır.  

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, tanınmış memar və rəssam Elturan Avalovun əsərlərindən ibarət sərginin açılışı da musiqi bayramının yaddaqalan tədbirlərindən  olub.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov sənətkarı yeni sərgisi münasibətilə təbrik edərək ona yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, rəssam bu günlərdə 150-dən artıq əsərini nazirliyə təqdim edib.

Elturan Avalovun bu sərgisində Üzeyir Hacıbəylinin musiqili komediyalarına və xalq mahnılarımıza çəkdiyi illüstrasiyalar, qrafik əsərlər nümayiş olunur. Ümumilikdə 50-yə yaxın əsərin yer aldığı sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Kinofilmlərdən musiqi” adlı konsert proqramı da hər kəsə xoş anlar yaşadıb.   

Proqram Azərbaycan kinosunun 125, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiklərinə həsr olunub. Layihənin ideya müəllifi tanınmış vokalçı, Əməkdar artist Ramil Qasımovdur.

Konsert Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Xalq artisti Ənvər Sadıqovun “Qaytağı” ansamblının iştirakı ilə keçirilib. Əvvəlcə Azərbaycan kinosunun yaranma tarixi və kino musiqimiz haqqında məlumat verilib. Ramil Qasımov Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Əsgərin ariyası”nı və Tofiq Quliyevin “Bəxtiyar” filmi üçün bəstələdiyi “Sevgilim” mahnısını ifa edib. Vokalçı həmçinin Üzeyir bəy dühasından, kino musiqimizin zənginliyindən, Azərbaycan kino musiqisində xüsusi adı olan bəstəkarlarımızdan söz açıb.  

Konsert proqramı kino musiqiləri ilə davam edib. “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Yenilməz batalyon”, “Telefonçu qız”, “Möcüzələr adası”, “Dədə Qorqud”, “Baladadaşın ilk məhəbbəti”, “Yuxu”, “Romeo mənim qonşumdur”, “Görüş”, “Əhməd haradadır?” və s. filmlərdən musiqilər təqdim edilib. Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Lalə Məmmədova, İnarə Babayeva, Zamiq Hüseynov, ifaçılar Fatimə Cəfərzadə, Amil Həsənoğlu və digər solistlərin ifasında səslənən mahnılar alqışlarla qarşılanıb.

Qeyd edək ki, Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı paytaxt Bakının mədəniyyət və ali təhsil ocaqları  ilə bərabər, Gəncə, Şuşa vəŞəmkir şəhərlərində də keçirilir. Proqrama salonlarda və açıq havada təşkil olunan konsertlərlə yanaşı, teatr tamaşaları, elmi-praktiki kon­franslar, ustad dərsləri və s. tədbirlər daxildir.

Festival sentyabrın 28-də başa çatacaq.

Ə.DOSTƏLİ 
XQ

 

Mədəniyyət