Ulu öndərin əbədiyaşarlıq salnaməsi

post-img

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının yenicə çapdan çıxmış “Ölüm son deyil” kitabında onun ulu öndər Heydər Əliyev haqqında özəl xatirələri toplanıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə göstərir ki, görkəmli dövlət xadimi Heydər Əliyev bir çox öncül ziyalılarımız kimi, Sabir Rüstəmxanlının da taleyində və yaddaşında xüsusi yeri olan unudulmaz dahi şəxsiyyətdir. 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında vətəndaşlıq poeziyasının əsas simalarından biri olan müəllifin yaradıcılığında ictimai-siyasi motivlər, ümummilli ideallar və yüksək vətəndaşlıq missiyası həmişə ön mövqedə olub.    Sabir Rüstəmxanlı ədəbiyyatda milli-azadlıq düşüncəsinin,  özgür dövlətçilik məfkurəsinin pərvərişində böyük rolu olan qələm sahibidir. Hörmətli akademikin də yazdığı kimi, bütün bunlar onun yaradıcılığını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə milli-mənəvi özünüdərk və milli istiqlal uğrunda apardığı mübarizə ilə doğmalaşdırır. 

Məlum olduğu kimi, Heydər Əliyevin xalqın milli mənlik şüurunu gücləndirmək səyləri, vətənsevər ziyalıları qoruması həm Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı vaxtlar, həm də respublikaya rəhbərlik etdiyi dönəmlərdə bəlli konkret faktlarda əksini tapıb. “Əslində, ulu öndərin XX əsrin 60-cı illərinin axırlarından başlayaraq, 40 ilə yaxın davam edən milli intibah mücadiləsi Azərbaycan ədəbiyyatında görkəmli istiqlalçı şairlərin: Xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk kimi qüdrətli sənətkarların geniş miqyasda fəaliyyət göstərmələrinə dəstək olmuşdur”.

Sabir Rüstəmxanlı yaradıcılığında da milli istiqlal ideyalarının qol-qanad açmasında ümummilli liderin uzaqgörənliklə təməl daşlarını qoyduğu müstəqillik ideyasının xüsusi rolu var. Artıq bir qərinədir ki, reallaşmış bu  təməl ideya yeni kitabdakı yazıların da ümumi ruhunun ana xəttini təşkil edir. Mütaliə boyunca şahidi oluruq ki, Heydər Əliyev Sabir Rüstəmxanlıya tərcümeyi-halının və taleyinin ən müxtəlif məqamlarında güclü dəstək, qayğı göstərib. Ümumi kontekstdə bu, ulu öndərin ədəbiyyata və sənətkarlara münasibətinin mahiyyətini   göstərir. Elə bu həqiqət Xalq şairinin ulu öndər haqqında kitab yazmasının məntiqi əsaslarını meydana qoyur.   

Müəllif ulu öndəri sovet dövründə ona qismət olmuş görüşlərdən, 1992-ci ildə Naxçıvanda ziyarətlərindən tutmuş, sonrakı təmaslarına qədər onunla görüşlərini xatırlamaqla, Azərbaycan xalqının milli azadlıq və müstəqil dövlətçilik uğrunda mübarizəsində Heydər Əliyevin müstəsna rolunu baş vermiş ictimai-siyasi hadisələrin və iştirakçısı olduğu proseslərin fonunda obyektiv şəkildə təqdim edib. “Heydər Əliyevin həyatı və çıxışları XX yüzil Azərbaycan tarixinin salnaməsidir”,– deyən Sabir Rüstəmxanlı canlı xatirələri əsasında dövlət müstəqilliyimizin xilas edilməsi, saxlanılması və daha da möhkəmləndirilməsində Heydər Əliyevin adı ilə birbaşa bağlı olan tarixi məqamları oxuculara çatdırır. Xalq şairi Gəncə qiyamı hadisələrinin silahsız, qansız yatırılması, süni şəkildə Talış–Muğan Respublikası adlandırılmış separatçı qurumun tərksilah edilməsi və digər taleyüklü olaylarda müşahidə etdiklərini qələminin sücgəcindən keçirərək, Heydər Əliyevin xilaskarlıq missiyasına önəmli yönlərdən işıq salır. 

Ümummilli lider haqqında çoxlu kitablar yazıldığını qeyd edən Sabir Rüstəmxanlı bildirir ki, bunlara nə isə əlavə etmək çətindir: “Mənim belə bir niyyətim də yoxdur. Heydər Əliyev minlərlə insanla ünsiyyətdə olub, çiyin-çiyinə çalışıb, o insanların yaddaşına köçüb. Bu yaddaş səhifələri açılsa, qeyri-adi bir mənzərə yaranar. Mənim yazdığım minlərlə, milyonlarla insandan yalnız birinin görüb-bildiyidir. Bir damladır. Lakin Günəşi əks etdirən damladır”. 

Müəyyən mənada həm də avtobioqrafik toplu olan kitabdakı yazıların tam əksəriyyəti – dialoqlar, çıxışlardan və məktublardan nümunələr konkret faktlar, mötəbər mənbələr əsasında gözəl publisistik yöndə yazılmış xatirələrdən ibarətdir. Burada siyasi, ictimai və ədəbi kuluarlarda olmuş görüşlər xronikal tərzdə deyil, məhz xalqın, millətin və dövlətin taleyində müstəsna rolu olan dahi şəxsiyyətlə bağlı özəl səciyyələndirmələr kimi sırf obyektiv ziyalılıq aspektindən yazılıb.

Kitabdakı son yazıda görkəmli dövlət xadiminin 100 illiyi münasibətilə Milli Məclisdə  keçirilən yığıncaqda qonaq qismində iştirak etmiş xarici ölkə parlamentarilərinin çıxışlarından bəzi örnəklər misal gətirilir və bu da böyük şəxsiyyətə, onun ölməz ruhuna qlobal yöndən işıq salınması baxımından yerinə düşür.    

Nəhayət, qeyd edək ki, Xalq şairi Sabir Rüstəmxanlının “Qanun” nəşriyyatında çap edilmiş “Ölüm son deyil” kitabı “Heydər Əliyev İli”nə və ulu öndərin  əsrlik yubileyinə sanballı töhfədir.

Əli NƏCƏFXANLI 
XQ

 

Mədəniyyət