Dünyanı dolaşan balet “Heydər Əliyev ili”nə sənət töhfəsidir
Sentyabrın 18-i və 19-da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin uzun fasilədən sonra Heydər Əliyev Sarayında təqdimatı keçirildi.
Əslində buna premyera da demək olar. Müstəqillik dövründə ilk dəfədir ki, bu sənət əsəri Azərbaycan Opera və Balet Teatrı solistlərinin ifasında təqdim edilir. 1961-ci ildə o vaxtkı Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariinski Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş “Məhəbbət əfsanəsi” baleti həmin dövrdə xoreoqrafiya sənətində yeni səhifə açıb. 1962-ci ildə isə əsər ilk dəfə Bakıda oynanılıb. Son dəfə 10 il əvvəl Sank-Peterburq Mariin Teatrı qastrol səfəri zamanı baleti Bakıda oynayıb. Heydər Əliyev Sarayının foyesində “Məhəbbət əfsanəsi” baletinin indiyədək yayımlanan afişaları və Arif Məlikovun yaradıcılığına dair foto və məlumatlardan ibarət sərgi də açılıb. Qonaqlar sərgi ilə maraqla tanış olurdular. Sarayda sənət bayramı əhvalı duyulurdu. İnsanların üzündə də bir sevinc, təntənə sezilirdi. Tamaşaçı, sanki, “Məhəbbət əfsanəsi” baleti kimi şedevr sənət əsəri kimi Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı çərçivəsində təqdimatını ikiqat intizarla gözləyirdi.
Baletin təqdimatını izləmək üçün xarici ölkələrdən qonaqlar da gəlmişdilər. Məsələn, İtaliyanın ən böyük konsert salonu “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi, dünyaca məşhur FAZIOLI royallarını istehsal edən fabrikin yaradıcısı Paolo Fazioli, Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Nikolay Tsiskaridze də qonaqlar arasında idi.
Gecəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli açaraq Arif Məlikovun məşhur əsərinin Azərbaycanda səhnələşdirilməsini çoxdan arzuladığını dedi: “1962-ci ildə Bakıda ilk dəfə “Məhəbbət əfsanəsi” baleti səhnəyə qoyulanda mənim 16 yaşım var idi. O zaman bütün məşqlərdə iştirak etmişdim. Bu balet böyük uğur qazandı və demək olar bütün ölkələrdə nümayiş olundu. Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə çox minnətdaram ki, illər sonra bu tamaşa yenidən Bakıda oynanılır”.
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov qonaqları ingilis dilində salamladı, tamaşaçıları böyük sənət bayramı münasibəti ilə təbrik etdi. Ardınca pərdələr açıldı və çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin nümayişi başlandı.
Xatırladaq ki, Nazim Hikmətin ölümsüz “Fərhad və Şirin” əsəri əsasında 3 pərdə, 7 şəkildən ibarət “Məhəbbət əfsanəsi” baletini Arif Məlikov 1958-ci ildə yazmağa başlayıb və onu 2 ilə bitirib. Nazim Hikmət isə bu əsəri Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından ilhamlanaraq qələmə alıb.
Artıq klassikaya çevrilmiş tamaşada əsas rolu - şahzadə Məhmənəbanunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur Böyük Teatrının premyeri, beynəlxalq müsabiqələr laureatı Denis Rodkin, Şirini isə Böyük Teatrın aparıcı solisti, beynəlxalq müsabiqələr laureatı Mariya Vinoqradova ifa edirdilər.
Baletin quruluşçu rejissoru Yuri Qriqoroviçdir. Bakı premyerası isə Qriqoroviçin köməkçiləri baletmeyster-rejissor Oksana Şvetnitskayanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Rusiyanın Əməkdar artisti Ruslan Proninin quruluşunda təqdim edilir. Əsər ilk dəfə səhnəyə qoyulanda dirijoru maestro Niyazi olub. Heydər Əliyev Sarayında isə “Məhəbbət əfsanəsi” Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim edildi.
Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfsanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması təsadüfi deyil. 2023-cü il Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Ümummilli lider Heydər Əliyev görkəmli bəstəkar Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi.
Əsərin uğuru onun ifaçıları üçün məsuliyyəti daha da artırır. Haqlı olaraq Xalq artisti Yalçın Adıgözəlov dedi: “Bu gün burda əsər üzərində böyük bir heyət – 500-ə yaxın sənətkar çalışdı. Bizim fəxr edəcək bir çox əsərlərimiz var, amma “Məhəbbət əfsanəsi” bütün dünyanı fəth edib. Bu gün hamı üçün həyəcanlı, məsuliyyətli bir gün, eyni zamanda, böyük bir bayram oldu”.
Nisgilli eşq hekayəsi Azərbaycan və Rusiya Opera və Balet teatrlarının solistlərinin möcüzəli ifasında nağıl təsiri bağışlayırdı. Səhnədə Şirinlə Fərhadın sevgisi, Məhmənəbanunun kədəri ecazkar musiqinin sədaları altında insanın qəlbinə süzülürdü. Tamaşa beləcə başa çatdı. Sonu Vətən sevgisi və insanlığın təntənəsi ilə bitən “Məhəbbət əfsanəsi”nin ömrü isə tükənməzdir.
R.Qurbanlı
XQ