COVID – 19 pandemiyası bitib, koronavirus isə bizimlə qalıb

post-img

Yeni dalğa təhlükədirmi?

Müdhiş pandemiya bitdi. Mütəxəssislər isə bildirirlər ki,onun yadigarı koronavirus bizimlə daimi qalacaq, yeni mutasiyaları ilə növbəti yoluxmalara səbəb olacaq. Beləliklə, ümumi narahatlıq davam edəcək. 

Payızın gəlməsi, havaların dəyişməsi ilə insanlar arasında yeni əlamətlərlə özünü biruzə verən xəstəliklər müşahidə edilir. COVID-19-un yeni variantlarının yayılması bir çox ölkədə koronavirus narahatlığını yenidən gündəmə gətirib. Omikronun mutasiyaya uğramış ştamları səbəbindən yeni yoluxma halları artmaqdadır. Yeni ştamlar sürətlə yayılması və yoluxuculuğunun digər ştamlara nisbətən artıq olması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ciddi narahat edir. Hazırki vəziyyətlə bağlı təşkilat bütün dünya dövlətlərini erkən və ciddi tədbirlər görməyə çağırıb. 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov  koronavirusun yeni ştamları və ölkəmizdə son həftələrdə müşahidə edilən  yoluxmaları barədə qəzetimizə müsahibəsində bildirdi:

– Koronavirusun “EG.5” (“Eris”) variantına yoluxma faktının təsdiqlənməsindən sonra Ümumdünya Səhiyyə Təşkilatı bu barədə geniş açıqlama verib və ölkələri bu məsələni nəzarətdə saxlamağa və lazımı tədbirlər görməyə çağırıb. Mütəxəssis kimi deyə bilərəm ki, digər variantlarla müqayisədə xəstəliyin ötürülmə yolları, klinik əlamətləri və yaxud müalicəyə tabe olmağında heç bir fərq müşahidə olunmur. Lakin digər variantlarla müqayisədə daha yüksək mutasiya qabiliyyətinə malik olduğuna görə yoluxduruculuq qabiliyyəti çoxdur. 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “EQ.5” variantı qlobal ictimai səhiyyə qarşısında aşağı riskli olaraq dəyərləndirilib. Buna baxmayaraq, yüksək risk qrupuna daxil olanlar üçün bu bəyanat qorunma tədbirlərini azaltmaq və diqqətsiz davranmağa əsas olmamalıdır. Hospitalizasiya riski yüksək olanlar hər zaman müvafiq tədbirlərlə özlərini virusa yoluxmaqdan qorumağa davam etməlidirlər.

ÜST tərəfindən COVID-19 virusunun yeni ştamı (EG.5) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxarılaraq “diqqət tələb edən”lər sırasına daxil edilib. Təşkilatın məlumatına görə hazırda virus surətlə yayılmaqda davam edir və iki yeni “Eris” (EG.5) və BA.2.86 ştamları aşkarlanaraq təsdiq edilib.

ÜST, xüsusilə, ABŞ başda olmaqla, Avropa və Asiya ölkələrində geniş yayılan “Eris” ştammı ilə bağlı yeni hesabat dərc edib. Hesabatda bildirilir ki, EG.5 (“Eris”) və BA.2.86 COVID-19-un omikron variantının alt növləridir və bütün dünyada yayılan digər variantlarla sıx bağlıdır.

– Yayılan məlumatlar yenidən həyəcan doğurur: yoluxma, hətta ölüm sayı virus aşkarlanan ölkələrdə artmaqdadır.

– Doğrudur, ÜST-nın məlumatına görə, son ayda dünya üzrə yoluxanların sayı 38 faiz artıb. Statistikaya görə, Avropada yoluxma sayında artım 39 faiz, Sakit okeanın qərbində 52 faiz, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir. Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVID-19-a yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-da gündə 650 mindən artıq amerikalıda koronavirus aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5 faiz artıb.  

Bundan başqa, son həftə ərzində ABŞ-da COVID-19-a görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7 faiz, ölüm halları isə 4,5 faiz artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib. Eyni zamanda Latviyada yayda test nəticələrinin 5–10 faizi pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25 faizə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunub. Rusiyanın Altay vilayətində koronavirusa yoluxma artdığına görə  49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Surqutneftqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur. Bir sözlə, adını çəkdiyimiz ölkələrdə vəziyyət insanlar arasında gərginlik yaradıb.

– Bəs Azərbaycanda vəziyyət necədir? Yeni mutasiyanın ölkəmizə gəlmə təhlükəsi varmı? Səhiyyəmiz  “çağırılmamış qonağın” gəlişinə hazırdırmı? 

– Koronvirusun yeni ştamları immunitetdən yayındığı üçün təhlükəli sayılır. Qonşu ölkələrdə – Rusiya, Türkiyə və Ermənistanda  “Omicron” ştamının alt variantlarına yoluxma halları təsdiqlənib. Hazırda həmin ölkələrdə EG.5-lə yanaşı başqa daha bir təhlükəli variant da BA. 2.86 müşahidə edilməkdədir. Amma yoluxma halları artsa da, xəstəxanalara müraciətlərin sayı hələ ki, təhlükəli həddə deyil. Bu növlərin Azərbaycanda olması ilə bağlı hələlik  rəsmi məlumat yoxdur. Amma qonşu ölkələrdə yoluxma varsa, gələcəkdə ölkəmizdə də aşkarlanma ehtimalı istisna deyil. 

– Yeni ştamları ağırdırmı? 

– Belə deyil. Yeni variantların yaranması təbii prosesdir və virusun təkamülünün bir mərhələsidir. Təcrübə göstərir ki, ən yeni ştam əvvəlkini yoluxdurma qabiliyyətinə və bununla bağlı yayılma sürətinə görə üstələsə də, ağır xəstəlik törətməsi qabiliyyəti xeyli zəifləyir. COVID-19-dan ölüm halları da azalmaqda davam edir. Beləliklə, yeni ştamın daha ağır xəstəliyə səbəb olmasının heç bir sübutu yoxdur. Daha geniş miqyaslı tədqiqatlarda EG.5 ştamının klinik nəticələrə təsirini öyrənmək tələb olunur. 

ÜST tərəfindən tövsiyə olunur ki, dövlətlər bu məsələdə sayıqlığı əldən verməməli, infeksiyanın artımları olan ərazilərdə əhalinin sıxlığı müşahidə edilən qapalı məkanlarda insanların maskadan istifadə etməsi, risk qrupuna daxil olan şəxslərin isə dördüncü buster doza ilə vaksin olunması məqsədəuyğundur. Lakin sərt karantin tədbirlərinın tətbiqinə ehtiyac yoxdur. Azərbaycanda bu məsələ Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının daim diqqət mərkəzindədir.

–  Narahatlığı aradan qaldırmaq üçün neyləyək?

– Hazırda ölkədə epidemioloji durum yoluxma hallarında cüzi, əhəmiyyətsiz artımın olmasına baxmayaraq sabitdir. Koronavirusun bütün növlərindən, o cümlədən sonuncu mutant altnövlərdən qorunmaq tədbirləri eynidir. Yəni pandemiya dönəmində əhalinin riayət etdiyi qaydalara yoluxma halları əhəmiyyətli dərəcədə artdıqca əməl olunmalıdır. Hər kəs, xüsusilə, immun sistemi zəif insanlar sağlamlıqlarına daha ciddi yanaşmalıdırlar. 65-dən yuxarı yaşı olanlar həmişəki kimi risk qrupuna daxildir. 

Verilən məlumatlara görə, xarici ölkələrdə həmin ştama yoluxanlar arasında 65 yaşdan yuxarı olanların sayı daha çoxdur. Bu da immun sisteminin zəif olması ilə bağlıdır. Risk qrupuna daxil olan insanların yoluxma ilə bağlı növbəti profilaktikası, həm aşkarlanması, həm də müalicəsi üçün bütün imkanlar vardır və qeyd etdiyim kimi müvafiq qurumlar epidemioloji prosesləri diqqətlə izləməkdədirlər. Hələlik isə müraciətlərin müayinə nəticələrinə əsasən deyə bilərik ki, yeni variantlara yoluxma ilə bağlı rəsmi məlumat yoxdur.

Zərifə BƏŞİRQIZI 
XQ

 



Müsahibə