Çağdaş səhnə “Qarabağnamə”si

post-img

Azərbaycan Milli Teatrı – 150

 

Bu tamaşa Milli Dram Teatrının vizit kartına çevrilib

Milli səhnə kollektivləri yay tətilindən sonra pərdələrini yenidən açır. Akademik Milli Dram Teatrı 150-ci mövsümə, son illərin ənənəsinə uyğun olaraq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırladığı “Qarabağnamə” tamaşası ilə gəldi.

Mövsümün açılışında milli səhnəmi­zin bayraqdarı olan sənət ocağının bə­dii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşaçıları yeni repertuar və kollektivin yaradıcılıq axta­rışları barədə bilgiləndirdi. O bildirdi ki, “Qarabağnamə” tamaşası bu mövsümdə yeni quruluşda təqdim olunur. İlin sonu­na qədər isə “Dantenin yubileyi”, “Sən­siz” və “Əsrə bərabər gün” tamaşalarının premyerası olacaq.

Sonra pərdələr açıldı, 150 il əvvəl böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin öz yetirmələri ilə bina etdiyi milli teatrımız yeni mövsümə günümüz üçün xüsusi aktuallığı ilə seçilən möv­zuda hazırladığı tamaşanın nümayişi ilə başladı. 2 əsr əvvəl Qarabağ xanlığının timsalında milli dövlətçiliyimizin bəlalı tarixçəsindən bəhs edən pyesin çağdaş faciələrimizlə və Qarabağ zəfərimizlə səsləşən dramatik səhnələri truppanın yüksək peşəkar oyunu ilə salonda yük­sək vətənpərvərlik coşğusu yaratdı. Yad­daşları silkələyən sənət həqiqəti tarixi gerçəyi anlatmaqla dövlətçilik məfkurəsi yaşantısına çevrildi. 

Yeni quruluşun rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov rolları paylaşdığı Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayı­lov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Ka­zım Həsənquliyev, Elxan Quliyev, Aslan Şirin, Elnar Qarayev, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəli­yev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimovla birgə milli dram səhnə­mizə zənginlik və orijinal ifa tərzi gətirən tamaşa qurmağa nail olub.

Səhnə “Qarabağnamə”mizə dekora­tiv quruluşu rəssam İsmayıl Məmmədov verib. Geyim eskizləri rəssam Aygün Mahmudova məxsusdur. İşıq effektlərini Rafael Həsənov, musiqi müşayiətini isə Həmid Kazımzadə qurublar. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Va­sif Adıgözəlovun Qarabağ mövzusunda əsərlərindən istifadə olunub.

Xatırladaq ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri teatrın səhnəsin­də ilk dəfə 1996-cı ildə oynanılıb. Böyük uğur qazanan tamaşaya 1997-ci il sent­yabrın 20-də maraqla baxmış Ümummilli lider Heydər Əliyev yaradıcı heyətlə gö­rüşdə əsəri yüksək qiymətləndirib, ona hər kəsin baxmasının vacibliyini bildirib.

Tahir AYDINOĞLU
XQ

Mədəniyyət