Mədəniyyət xəbərləri

post-img

Daşkənddəki Özbəkistan Dövlət İncəsənət Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında əməkdaş­lıq haqqında memorandum imzalanıb.

Sənəd Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Özbəkistan Dövlət İncəsənət Muze­yinin direktoru Vasila Fayziyeva tərəfin­dən imzalanıb. Tərəflər dost və qardaş olan iki ölkə arasında mədəni əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edərək, bu sazişin muzeylər arasında gələcək əlaqələrin inkişafına, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcə­yinə əmin olduqlarını qeyd ediblər.

Sənədə əsasən, 5 il müddətində muzeylər arasında elmi-tədqiqat və bərpa-konservasiya işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsi, konfrans, seminar və treninqlərin keçi­rilməsi, birgə sərgilərin təşkili, elektron kataloqların yaradılması kimi məsələlər reallaşdırılacaq. 

***

Azərbaycanda bir həftəlik “Se­vilfest-2023” IV Beynəlxalq Qadın Sənədli Film Festivalı start götürüb. Filmlər Bakı, Şəki və Lənkəran şəhər­lərində nümayiş olunur 

Azərbaycanda müstəqil sənədli film festivalı olan “Sevilfest” qadınların prob­lemlərinə həsr olunub və 2020-ci ildən keçirilir. Builki festival “Bu, sizin ölkə­nizdə yoxdur” devizi altında və təcrübə mübadiləsi şəraitində təşkil olunub. Yerli və beynəlxalq kinematoqrafçıların qatıl­dığı “Sevilfest” qadınların və marginal qrupların həyat hadisələrini paylaşmaq və diqqəti onların sosial problemlərinə yönəltmək məqsədilə kinematoqrafçı­ları və kino həvəskarlarını öz ətrafında birləşdirir. Bu tədbir çərçivəsində dörd il ərzində ölkənin müxtəlif regionlarında çoxsaylı film nümayişləri təşkil olunub. Ümumilikdə, Azərbaycanın 8 şəhərində 2600-dən çox iştirakçının cəlb edildiyi 125 nümayiş keçirilib.

Festivalın münsiflər heyətinin üzvləri arasında rejissor və jurnalist Atanur Nə­biyeva, sənədli filmlərin rejissoru Kete­van Vaşaqaşvili, ictimai xadim və qadın hüquqları müdafiəçisi Ülviyyə Babasoy, rejissor və kinoşünas Şarofat Arabova, fotoqraf Rəna Əfəndi, prodüser, “Qızlar kinoda” platformasının nümayəndəsi Re­bekka Reyni var.

Festivalın adı Cəfər Cabbarlının qa­dın azadlığı mövzusunda qələmə aldığı “Sevil” pyesindən götürülüb.

***

Milli Musiqi Günü münasibətilə sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılıb və uşaqlar üçün kon­sert proqramı təşkil olunub.

Sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli zəngin kom­pozisiyalı portret və süjetli xalçalar, qo­belenlər nümayiş etdirilir. Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mika­yılzadənin görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şos­takoviçə həsr olunmuş portret xalçala­rı, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun xalça es­kizlərindən ibarət əsərləridir.

Miniatür və realizm üslubunda bə­dii-texniki cəhətdən mükəmməl işlənmiş bu əsərlərdə klassik və xalq musiqisi, muğam və milli rəqs sənəti, musiqi alət­lərimiz xalça naxışlarında öz əksini tapıb.

Yüksək bədii-estetik dəyəri olan müəllif əsərlərindən ibarət sərgi sentyab­rın 28-dək davam edəcək.

Sərgi ilə tanışlıq Milli Musiqi Gününə həsr edilən konsert proqramı ilə davam edib. H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında klassik və müasir musiqi nümunələri təq­dim edilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

***

Sentyabrın 17-də Lənkəran Dövlət Dram Teatrı rejissor Abdulla Elşad­lının Mixail Bulqakovla Səbuhi İma­novun mətnlərindən istifadə etməklə Əbdürrəhim bəy Haqverdiyevin “Kim­dir müqəssir?” pyesi əsasında quru­luş verdiyi “The Müqəssir” tamaşası ilə özünün 133-cü mövsümünə başla­yacaq. 

Teatrdan XQ-yə verilən məlumata görə, mistik komediya janrında olan səh­nə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Azər Hacıəs­gərlidir. Bildirilib ki, kollektiv bu mövsüm­də Çingiz Aytmatovun “Cəmilə” (rejissor: İmran Əli Qurbanlı), Piter Turininin “Bu da axırı” (monotamaşa; rejissor: Abdul­la Elşadlı) tamaşalarını tamamlamaq­la yanaşı, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İki 23 arasında” (müəllif: Qəşəm Nəcəfzadə, rejissor:Emil Əs­kərov) səhnə işini də teatrsevərlərin ixti­yarına verəcək.

Ə.DOSTƏLİ ,
F.SALMANOVA
XQ

Mədəniyyət