Qardaşlığın ekran təcəssümü

post-img

Məlum olduğu kimi, Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını “Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizlədikdən iki gün sonra – sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədən Bakıya köçüb və Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib. Bu gün həmin tarixi hadisədən düz 105 il ötür. Haqqında söhbət açdığımız nadir filmdə isə Azərbaycan öz istiqlalını 1920-ci ildə itirdikdən sonra mühacirlərimiz fəaliyyətlərini əsasən qardaş Türkiyədə davam etdirməsindən bəhs olunur. 

Həmin dövrlərdə M.Ə.Rəsulzadə, N.B.Şeyxzamanlı, Ş.B. Rüstəmbəyli və digərləri xaricdə Azərbaycanın milli müstəqilliyi uğrunda mübarizə aparıb­lar. 1935-ci ildə Məhəmməd Altunbay da Vətəni tərk etməyə məcbur qalmış, öz təyyarəsində Tükiyəyə pənah aparmışdı. O, bu barədə xatirələrini ”Azadlığa uçan türk” kitabında qələmə alıb. 

1967-ci ildə Azərbaycanla Türkiyə arasında sıx münasibət olmasa da, qar­daş ölkədə istiqlal mücahidi Məhəmməd Altunbay və silahdaşları barədə film mey­dana çıxdı. “501 nömrəli hücrə” adlanan həmin filmin rejissoru Nüsrət Əraslan­dır. Məhəmməd Altunbay öz xatirələrini ssenari halına salaraq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahına təhvil vermişdi. Filmin çəkilməsinə türk ordusu komandanlığı kömək etmişdi. Bu, ilk növ­bədə qardaşlıq yardımı idi. 

Film müstəqil Azərbaycanın himninin müşayiəti ilə başlanır. Soydaşlarımızın sovet sürgünü və qətliamlarına məruz qalması əks olunur. Həmin səhnələri izlədikdə Məhəmməd Altunbayın (Cü­neyid Gökçer) səsini eşidirik. Sovetlərin tərkibində olan Azərbaycanda hürriyyətin olmamasının diqqətə çatıdırılması filmin ana xəttindən xəbər verir. O Türkiyəni ana Vətənin parçası kmi görür. Sovet cəza orqanları Azərbaycan mühacirlərini qarabaqara izləyirlər. Repressiv fəaliyyə­tin başında isə General Mixailov (Şahab Akalın) durur. Sovet çekistləri insanları ələ almaq üçün “Qırmızı Şeytan” ka­fe-barından istifadə edirlər. Bura rəmzi məkandır, rus imperiyanın siyasətinə uy­ğun olaraq belə adlanır. 

Mixailov Məhəmməd Altunbay və di­gər mücahidlərin izlənməsi üçün qadın­lardan istifadə etmək istəyir. Bu məqsəd­lə gözəllik yarışmasının qalibi olan Tildanı (Aytən Gökçer) yanına çağırır. General Tildana öz gözəlliyi sayəsində Azərbaycan kişilərini ələ almağı tapşırır. 

Tildan 6 yaşında olanda qardaşları bolşeviklər tərəfindən güllələnib. Buna görə də Tildanın da içində sovetlərə qar­şı nifrət var və o, üçrəngli bayrağın üs­tündə Qurani-Kərimə and içərək milli sa­vaşa sədaqətli olacağını bildirir. Beləliklə də Tilda özünü zahirən sovetlərə yaxın göstərir, amma onların kəşfiyyat planları­nı pozmağa çalışır. 

Filmdə azadlıq uğrunda aparılan mü­barizə zülmlə savaş kontekstində əks olunur. Kəşfiyyat komissarı Şişkov (İlyas Avcı) Məhəmməd Altunbayı şərləmək üçün təyyarələri qəsdən xarab edir. Nə­ticədə, rus zabitlərin sürdüyü təyyarələr partlayır. Məhəmməd Altunbay rusla­ra düşmənçilik ittihamıyla həbs olunur. Filmdə hadisələr tam xronoloji ardıcıllıqla yox, irəli-geri istiqamətdə cərəyan edir. Biz Məhəmməd Altunbayı gah mühacir­lərin başçısı, gah da sovet təyyarəçisi kimi görürük. Lakin bu filmin ideya xəttinə ziyan vurmur. 

Daha bir vacib məqam Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski ilə bağlıdır. Düzdür, kadrlarda Düdəngiski görünmür, lakin onun Rusiya müsəlmanlarına mü­raciəti səslənir. Radio vasitəsilə o, Azər­baycan xalqının azadlıq uğrunda savaşı barədə məlumat verir. Bununla da Alma­niyadakı milli legion dəstələrimizin azad­lıq uğrunda savaşı barədə tamaşaçılara məlumat verilir. Düdənginskinin daha bir hünəri Stalinə qarşı vuruşan rus əsgər­ləri ilə saziş bağlamasıdır. Rus profes­sor Karpatkin də Azərbaycanın azadlıq mübarizəsinə hörmətlə yanaşır. Bununla da imperiyanın xalqlar arasındakı nifaq siyasətinə mənəvi zərbə vurulur.

Mixailova ən böyük zərbə qızı Nad­yadan (Gülşən Alnıaçıq) gəlir. Çünki o da millət fərqi qoymadan azadlıq savaşına qoşulur, özünü, ilk növbədə, azadlığın övladı kimi görür. Nadya Məhəmməd Altunbayın həyatını xilas edir. Nadyanın Bununla da Mixailovun timsalında sovet totalitarizminə güclü etirazın təmsilçisi olur. 

Məhəmməd Altunbay Azərbaycan­dan qaçarkən Təbriz həbsxanasında 8 ay saxlanılmışdı. Filmdə bu məqam dramatik boyalarla əksini tapıb. Rza şah Pəhləvi hakimiyyəti sovetlərdən qorxdu­ğu üçün onu təhvil vermək istəyir. Gizli yolla Türkiyəyə keçmək istəyən müca­hidlər İraqda yaxalanaraq yenidən həbs olunurlar. İngiltərənin nəzarətindəki İraq­da onları Almaniya xüsusi xidmət orqan­larının adamları kimi qəbul edirlər. Tür­kiyənin onları darda qoymacağını bilən komandan həbsxanada kömək ala bilir. Anası ərzurumlu olan Əhməd onlara ve­rilən çörəyin arasına kağız-qələm qoyur. Bununla da Məhəmməd Altunbay Bağ­daddakı türk səfirliyinə vəziyyətlə bağlı məlumat verir və dostu Oktayla birlikdə ölümün bir addımlığında ikən türk qar­daşlığının köməyi ilə xilas olur. Film Azər­baycan–Türkiyə qardaşlığının daimiliyi fikri ilə yekunlaşır. 

Bir çox tamaşaçının bu film barədə məlumatı yoxdur. Türkiyə kinosunun elə də inkişaf etmədiyi 60-cı illərdə “501 nöm­rəli hücrə”nin çəkilməsi qardaşlıq duyğu­sunun əbədi olmasından xəbər verir. 

Ceyhun MİRZƏLİ

Mədəniyyət