Bədii və sənədli filmlər rejissoru

post-img

Xamis Muradov – 80

Qax rayonunun S.Vurğun adına Mədəniyyət Mərkəzinə toplaşanlar görkəmli kinorejissor və ssenarist Xamis Muradovun şərəfli ömür və sənət yoluna nəzər salıb və yubilyara ən xoş arzularını bildiriblər. 

Mədəniyyət işçilərinin, ziyalıların, həmçinin görkəmli kinorejissorun ailə üzvlərinin iştirak etdikləri yubiley gecə­sini RİH başçısı Musa Şəkiliyev açaraq Xamis Muradova təbriklərini çatdırıb. Qeyd olunub ki, Azərbaycanın kino mədəniyyəti tarixində özünəməxsus yeri olan kinorejissor Xamis Murado­vun yubileyinin onun ata-baba yurdu Qaxda keçirilməsi şəhərin mədəni hə­yatı üçün əlamətdar hadisədir. Xamis Muradov Azərbaycan kinosunun “qızıl fondu”na daxil olan filmləri ilə mədə­niyyət xəzinəmizi zənginləşdirib.

O, 1943-cü il sentyabrın 15-də Qax rayonunun Qaxmuğal kəndində ana­dan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsində təhsil alıb. 1966-cı ildən Cəfər Cabbarlı adı­na “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb. Görkəmli kinorejissorlar Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq. Dəniz. Od. Səma” (1967) və Muxtar Dadaşovun çəkdiyi “Qanun naminə” (1968) filmlə­rində rejissor assistenti kimi çalışıb. O, Ş.Mahmudbəyovun 1969-cu ildə lentə aldığı “Şərikli çörək” filmində də 2-ci rejissor olub. 

Sonrakı 3 ildə Moskvada “Ali rejis­sorlar və ssenaristlər kursu”nda təhsi­lini davam etdirib. Bakıya qayıtdıqdan sonra “Nəsimi” (1971) qısametrajlı tarixi-bioqrafik sənədli filmi ilə rejis­sor debütünü edib. Bu ekran əsərin­dən sonra sənədli kino istiqamətinə yönələn rejissor “Azərbaycanfilm”də tanınmış ədəbiyyat və mədəniyyət xa­dimlərimiz haqqında 50-dən artıq ma­raqlı film lentə alıb. 

Rejissorun “Aşıq Ələsgər”, “Daş­kəsən”, “Həmid Sultanov”, “Bahar günəşi”, “Qarabağ bülbülləri”, “Şənlik bizə yaraşır”, “Dünyaya insan gəlir”, “Üzeyir Hacıbəyov”, “Bakının işıqları”, “Natəvan”, “Abşeron rəngləri” və digər koloritli üslub və priyomlarla lentə al­dığı filmlər görkəmli şəxsiyyətlərimizin tanıdılmasında, yeni nəsillərin tərbiyə­sində, vətəndaşlıq məsuliyyətinin art­masında mühüm rol oynayıb. Müəllifin “Əks-səda” və “Balaban” filmləri Dövlət mükafatına, “9 dəqiqə” filmi isə “Hu­may” və “Qızıl çıraq” mükafatlarına la­yiq görülüb.

Xamis Muradov, eyni zamanda, 20-yə yaxın sənədli filmin ssenari müəllifi, 10-dək bədii ekran işinin pro­düseri kimi çalışıb. “Ovsunçu”, “Yalan”, “Biz qayıdacağıq!”, “Günaydın, mələ­yim!”, “Əlavə təsir”, “Tərsinə çevrilən dünya” və s. bu qəbildəndir.

Rejissor 1988–2001-ci illərdə “Sal­namə” sənədli filmlər studiyasına rəh­bərlik edib. Daha sonra 10 il “Azər­baycanfilm” kinostudiyasının direktoru olub. Hüzn və qürur salnaməsinin ek­rana gətirilməsində fəal iştirak edib. 1990-cı ildə Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı ilə bir­gə yaratdığı “Azadlığa gedən yollar” tammetrajlı, eləcə də “Şəhidlər və qa­zilər” qısametrajlı sənədli filmləri buna misal ola bilər. Bakıda 1990-cı ilin 20 yanvarında sovet ordusu əsgərləri tərəfindən gülləbaran edilmiş şəhər sakinlərinin şəhid olmaları və əlil qal­malarının təsvir edildiyi 2-ci film məhz Xamis Muradovun ssenarisi əsasında ekranlaşdırılıb. “Şəhidlik zirvəsi” qısa­metrajlı sənədli filmində Azərbaycan ərazilərinin Rusiya ilə İran arasında bölüşdürüldüyü 1828-ci ildən müasir dövrədək Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr əksini tapıb. Bu film Xamis Muradovun Eldar Quliyev və Oqtay Mirqasımovla müştərək sse­narisi əsasında çəkilib. 

Ölkə rəhbərliyinin sənət adamları­na göstərdiyi diqqətdən Xamis Mura­dov da kənar qalmayıb, Azərbaycan kinosunun inkişafında xidmətlərinə görə 2000-ci ildə “Əməkdar incəsənət xadimi”, 2005-ci ildə “Xalq artisti” fəx­ri adlarına layiq görülüb. 2012-ci il­dən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Tədbirdə çıxış edən “Xalq qəzeti”­nin bölgə müxbiri İlqar Həsənov Xamis Muradovun Azərbaycan kinosu tarixin­də önəmli mövqeyindən söz açaraq onun sənətkarlıq xüsusiyyətlərindən, insan kimi sadəliyindən, yüksək mədə­niyyətindən bəhs edib.

Yubiley gecəsində, həmçinin Xamis Muradovun sənət dostlarının yubilyara təbrik videomüraciətləri təqdim olunub. Ardınca Mədəniyyət Mərkəzinin nəz­dində fəaliyyət göstərən İ.Dağıstanlı adına Xalq teatrının aktyorları bədii proqramla çıxış ediblər. 

Sonda Xamis Muradov çıxış edərək yaradıcılığına göstərilən yük­sək diqqətə görə rayon rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına öz min­nətdarlığını bildirib.

İ.MUSAOĞLU
XQ



Mədəniyyət