Şəhid qardaşların əkiz qardaş-bacısı

post-img

Allahın möcüzələri saysız-hesabsızdır. Boşuna demirlər ki, sən Allahdan istə, versə nemətdir, verməsə hikmət. Bu günlərdə Yaradanın məsləhəti ilə oğullarını şəhid verən anaya Allahın neməti göndərilib. 

İki oğlunu Vətənə qurban verən Faya Məmmədovanın övladlarını torpağa verəndən sonra gecəsi-gündüzünə qa­rışır. Həmdəmi göz yaşları, övladlarının şəkilləri olur. Günlərini şəkillərlə söhbət etməklə keçirir, suallarına cavab almır. İki il sonra Faya yenidən ana olmaq arzu­sunu dilə gətirir, həkimlərə müraciət edir. Bir çox xəstəxanadan ümidsiz qayıdan anaya Bakı Sağlamlıq Mərkəzində ümid çırağı yandırılır. Mərkəzin Reproduktiv Sağlamlıq Mərkəzinin rəhbəri, uzman mama-ginekoloq Dr. Öndər Tulumbacı onların dərdinə əlac tapır. Yenidən ana ola biləcəyi xəbərini verir. 

Xatırladaq ki, Vətən müharibəsində Şəmkirin Yeniabad kənd sakini İlham və Faya Məmmədovların ailəsinin övladları Çingiz və Cavid şəhid olaraq şəhidlik zir­vəsinə ucalıblar. Azərbaycan Ordusunun giziri olan Çingiz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün baş­lanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən dö­yüşlərdə iştirak edib. Çingiz Məmmədov oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Uzun müddət nəşi ta­pılmayıb. Ata-ana gecə-gündüz Çingizin nəşinin tapılması üçün dualar edib. Nə­hayət 2020-ci il dekabrın 18-də şəhidin nəşi tapılıb və dəfn olunub. Ailənin ikinci oğlu Cavid Məmmədov isə Talış kəndinin azad olunması uğrunda gedən döyüşlər­də iştirak edib. 28 sentyabr 2020-ci ildə kəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. 

Bu gün Şəmkirdə Məmmədovların ailəsində sevinc göz yaşları bir-birinə qarışıb. İtirdikləri iki igidin əvəzi olaraq, Allah onlara bir qız və bir oğlan övladı bəxş edib. Ata-ananın sevinci sonsuzdur. Deyir ki, indiyəcən iki şəhid anası idim. İndi əkizlər anasıyam. Körpələrimizi də Cavid və Çingiz kimi vətənpərvər böyü­dəcəyik. Göz yaşların saxlaya bilməyən ana deyir: “Bu əkiz övladlarımız bizə təsəllidir. Hazırkı təkliyimizə, tənhalı­ğımıza təsəllidir. Körpələrə Hüseyn və Zəhra adı vermişik”. 

Əkizlərin atası İlham Məmmədov bu körpələri də vətənpərvər böyüdəcəklərini deyir. Bakı Sağlamlıq Mərkəzinə, onların yurdunun boş qalmaması – əkizlərin dün­yaya gəlməsi üçün əməyi keçən hər kəsə minnətdarlıq edir. 

Günlər aylara, aylar illərə dönəcək. Hüseyn və Zəhra böyüyüb şəhid qardaş­larının qəhrəmanlığı ilə fəxr edəcəklər. Onlar torpağımızın azadlığı uğrunda can verənlərdən ikisinin də onların ailə üzvü olduğunu qürurla söyləyəcəklər. Biləcək­lər ki, onların qardaşlarının da yeni tarixin yazılmasında əməyi olub. 

Qeyd edək ki, şəhidilik məqamı­na yüksələndən sonra Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, Cavid Məmmədov “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, şəhid Çingiz Məmmə­dov “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüblər. Onların hər birinin iki övladı Vətənə əmanət qalıb.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat