Teatrlarımız yeni mövsümün astanasında

post-img

Azərbaycan Teatrı – 150 


150 illiyini qeyd edən Azərbaycan milli teatrı yeni mövsümə hazırlaşır.  Sənət məbədlərində yeni səhnə ilinin açılışı üçün hazırlıq gedir. Əslində teatrlarda, iş sentyabrın 1-dən başlayıb. Yeni mövsümün açılışı deyəndə isə zalların tamaşaçının üzünə açılması nəzərdə tutulur. Truppalar ötən illərdə oynanılan  və tamaşaçının baxıb, sevdiyi üçün repertuarda saxlanılan  əsərlərin məşqlərini edir, həmçinin yeni tamaşalar üzərində işləyirlər.  İrəli getmək üçün dönüb geriyə baxmaq, keçilən yola nəzər salmaq gərəklidir.  Ötən mövsüm teatrlar pandemiya fəlakətindən silkinib çıxaraq var qüvvə və həvəslə işə başladılar. 

Ölkə teatrlarında bir-birinin ardınca yeni əsərlər səhnəyə qoyuldu, premyeralar keçirildi. Uğurlusu da oldu, zəifi də, amma əsas olan budur ki, teatrların işıqları yandı, zəngləri çalındı, tamaşaçı alqışı eşidildi. 

Akademik Milli Dram Teatrında Cavid Zeynallının eyniadlı pyesi əsasında rejissor Bəhram Osmanovun quruluş verdiyi “Şükriyyə” tamaşası mövsümün ən son və uğurlu tamaşası oldu. 1937–1953-cü illərdə Qazaxıstan ərazisində yerləşən “Vətən xainləri qadınlarının Akmola Düşərgəsi”ndə 17 min qadın günahsız məhkum olub. Onların arasında 44 azərbaycanlı qadın da olub. Tamaşa bütün işgəncə və iztirablara rəğmən, ləyaqətini və Əhməd Cavadın şərəfini qoruyub saxlayan xanımı Şükriyyənin həyatından bəhs edir. Yeni mövsümdə də bu əsər repertuarda olacaq. 

Ötən mövsüm bu teatrın səhnəsində əks-səda yaradan başqa tamaşa olmadı. Hazır tamaşalar oynanıldı, yeniləri üçün hazırlıqlar getdi. 

Teatrın bədii rəhbəri Azərpaşa Nemətov dünyasını dəyişdi. Tamaşaçılar yeni bədii rəhbər Mehriban Ələkbərzadənin kollektivlə birlikdə yeni tamaşalara və uğurlara imza atacağını gözləyir. 

Ötən mövsüm Gənc Tamaşaçılar Teatrında baş rejissor kimi Mehriban xanım bir neçə tamaşaya sənət vəsiqəsi verdi. “Kod adı V.X.A” tamaşasının həm müəllifi, həm rejissoru onun özüdür. Maarifçi-vətənpərvər Əhməd Cavad və onun ləyaqətli xanımı Şükriyyənin taleyi üzərində yoğrulmuş əsər həmin dövrün sənədli-bədii tarixidir.  Tamaşada demək olar ki, Gənc Tamaşaçılar Teatrının bütün truppası rol alıb. 4 saat çəkən tarixi, sənədli drama səhnədə film təsiri bağışlayır. 

Teatrda ötən mövsümün daha bir uğurlu tamaşası İlqar Fəhminin qələmindən çıxan və Nicat Kazımovun quruluş verdiyi “Balaca kişilər”dir. Tamaşa 44 günlük Vətən müharibəsində döyüşən, şəhid, qazi olan igidlərimizdən bəhs edir. 

Dövlət Akademik Musiqili Teatr ötən mövsümdə ölkənin ən fəal teatrı oldu. Həm özü qastrola getdi, həm qastrola gələn digər ölkə teatrlarına qucaq açdı. “4.4. Qısa Tamaşalar festivalı”  çərçivəsində Özbəkistan Səmərqənd vilayətinin Kattakurqan Dram Teatrında Məcid Şamxalovun klassik “Qaynana” komediyası oynanıldı. Səhnəyə yeni tamaşalar da qoyuldu, teatr festivalına da ev sahibliyi edildi. Bu günlər isə teatrda yeni iş mövsümü başlayıb. Ölkənin bütün teatrlarında olduğu kimi, sentyabrın 15-dən qapılarını tamaşaçılara açacaq.

Dövlət Pantomima Teatrı 30-cu mövsümünə  N.Qoqolun “Şinel”,  B.Xanızadənin "Pantomima buketi", "Kişilər və qadınlar",  H.Cavidin “İblis” tamaşaları ilə davam etdi. Yeni mövsümdə isə gənc rejissorların yeni tamaşaları gözlənilir. 

“Yuğ” teatrında yeni mövsümdə Florian Zellerin "Ata" (quruluşçu rejissor Tural Mustafayev), Toyqun Orbayın "21:15 qatarı" (quruluşçu rejissor Mikayıl Mikayılov), Koki Mitaninin "Gülüş Akademiyası" (quruluşçu rejissor Gümrah Ömər) və İlqmar Vilkvistin "Qelverin gecəsi" (quruluşçu rejissor Linas Zaikauskas) əsərləri əsasında tamaşalar hazırlanacaq.  Kollektiv oktyabr ayında Qazaxıstan Respublikasının Taldı-Kurqan şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında da Günay Səttarın “Toy dəsgahı” tamaşası ilə  iştirak edəcək. 

Azərbaycan Dövlət Kukla Teatrı ötən mövsümdə fəallığı ilə fərqlənib. Teatrın repertuarında Ü.Hacıbəylinin “Məşədi İbad”, Anarın “Qaravəlli”, H.X.Andersenin ”Bülbül”, A.Şaiqin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, M.Seyidzadənin  “Cırtdan”, M.F.Axundovun  “Parisi dağıdanlar”, “Xırs quldurbasan”, V.Qaufun  “Yalançı şahzadə”, E.Şayyenin “Od oğlan”, R.Əlizadənin “Keçəlin toyu” və s. tamaşalar oynanılıb. Teatrın yubileyi ilə bağlı müxtəlif  tədbirlər, görüşlər keçirilib. Teatr rəhbərliyinin dediyinə görə yeni mövsümdə balaca tamaşaçıları sürprizlər gözləyir. 

Əyalət teatrlarından Gəncə Dövlət Dram Teatrı fəallığı ilə seçilib. 27 mart –Beynəlxalq Teatr Günündə kollektiv tamaşaçıları Tural Vaqifoğlunun quruluşunda Ejen İoneskonun "Kral ölür" tamaşasının premyerası ilə sevindirdi. Teatr yeni binasında Nüşabə Məmmədlinin “Cavad xan” pyesi əsasında Əsgər Əsgərovun quruluş verdiyi eyniadlı tamaşanı uğurla təqdim etdi. İradə Gözəlovanın quruluşunda C.Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası da sənətsevərlərə töhfə oldu. Gəncə Dram Teatrıda yeni mövsümə yeni tamaşalarla hazırlaşır. 

Artıq 150 ildir ki, Azərbaycan teatrı ötən mövsümə nəzər salıb yeni mövsümə addım atır. Sentyabrın 15-dən bütün teatrlarımız qapılarını tamaşaçıların üzünə açacaq.

Ramilə QURBANLI

 

Mədəniyyət