Nəğməvari, titrəşən rənglər dünyası

post-img

“Gazelli Art House” dünyanın müxtəlif ölkələrində çoxsaylı rəssamları dəstəkləyir, Londonda və Bakıda geniş müzakirə obyekti olan sərgilər təşkil edir. 

Bakı qalereyasına gələn hər kəs burada ağac və metaldan heykəltəraş­lıq işləri, rəsm əsərləri, fotoşəkillər və müxtəlif instalyasiyalarla tanış ola bilər. 2017-ci ildə təsis olunan bu rəsm qale­reyası 3 mərtəbədən ibarətdir. Qalere­ya fəaliyyət göstərdiyi gündən bir sıra sərgilərə evsahibliyi edib.

Bunlardan 7 görkəmli qadın rəssa­mın əsərlərindən ibarət “Sıxılmış yad­daş”, Azərbaycan Xalq Cümhuriyyəti­nin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “1918” və digərlərini mi­sal göstərmək olar.

Bir neçə gündür ki, "Dalğalar kolleksiyası" adlı sərgi öz işinə başlayıb. Buraya Elnarə Nəsirli “Portal – Duyğuların rəngi”, “Gül”, “Ekspansiv enerji – Ana sevgisi”, “Naminoru(Göy)”, “Namino­ru(Qara)”, Vaqif Mustafazadənin eyni­adlı kompozisiyasından ilham alaraq yaradılmış “Qara qaşın vəsməsi” və digər rəsm nümunələri daxildir. Səs dalğaları və işıq vasitəsilə yayılaraq nümayiş olunan əsərlər imitasiya yolu ilə təqdim olunur. 

Burada əsərlərin üzərində şeirlər də yazılıb. Görmə məhdudiyyətli şəxslər bu şeirlərə toxunaraq rəsmdə əks etdi­rilən cizgiləri hiss edə bilərlər. Ştrix kod vasitəsilə də bu əsərlər haqqında mə­lumat əldə etmək mümkündür. Burada əsas özəlliklərdən biri də hər rəsmin öz musiqisinin olmasıdır. Xüsusi qulaq­lıqlar vasitəsilə bu musiqiləri dinləyə və eyni zamanda rəsmlərdən zövq ala bilərsiniz. 

Hər bir rəsm əsərinin öz mənası var. Məsələn, “Dalğalar kolleksiyası” mövzusunda çəkilmiş rəsmlərdə rəs­sam hər bir fırça toxunuşunu dalğa kimi görür. Əsərlər dalğavari şəkil­də, hərəkətli olaraq nümayiş etdirilir. Diqqətlə baxanda burada əks olunan cizgilər insanın gözündə dəyişməyə və hərəkət etməyə başlayır. 

“Duyğuların rəngi” əsərində rəssam uşaqların hisslərini rənglər vasitəsilə dünyaya çatdırmağa çalışıb. Səs tezlik­lərindən ibarət “Gül” adlı əsər həm də canlıdır. Bitki əsasında qurulmuş səs tezliklərindən ibarətdir. Burada rəssam çəkdiyi rəsmlərdə səs dalğaları, musiqi elementləri, mətnlər və fırça toxunuşla­rı vasitəsilə öz hisslərini ifadə edir. 

Xarici ölkələrdən qonaqlar da sər­giyə baxmağa gəlir. Onlar daha çox Orxan Qarayev, Zöhrab Salamzadə, Aqil Abdullayev, Fərhad Fərzəliyev və digər gənc rəssamların interaktiv işləri­ni bəyənirlər.

Bu rəsm qalereyası Londonda yer­ləşən eyniadlı rəsm qalereyası ilə sıx əməkdaşlıq edir. Burada nümayiş olu­nan əsərləri, həmçinin Dubayda hər il təşkil olunan “Art Dubay” rəsm sərgi­sində də görmək mümkündür. Əsərlər həm də satış məqsədilə nümayiş olu­nur. 

Sərgi sentyabrın 24-dək davam edəcək. 

Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto),
XQ















Mədəniyyət