“Bakı-xəbər” – 20
Nəşr tarixi 2003-cü il sentyabrın 4-dən başlanan “Bakı xəbər” qısa müddətdə mətbuat sıxlığında özünə yer tuta bilən və sayılıb-seçilən kütləvi informasiya vasitəsidir. Bu nəşrin gündəlik ictimai-siyasi, analitik qəzet kimi özünün 20 yaşını ilkin məramına sadiq qalan, zamanın çağırışlarına layiqli cavab verə bilən, xəbər saytları, onlayn formatı, hətta internet televiziyası olan bir media qurumuna çevrilməsi təqdirəlayiqdir.
Qeyd edək ki, təsisçisi və baş redaktoru tanınmış ictimai-siyasi xadim, politoloq Aydın Quliyev olan “Bakı-xəbər” rəsmi şəkildə müstəqil qəzet kimi qeydiyyata alınıb və tezliklə siyasi təmayülsüz müstəqil qəzet mövqeyinə yüksəlib. Bu nəşr Mətbuat Şurasının, baş redaktoru isə Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
“Bakı-xəbər” hər zaman maarifçilik ənənələrini yaşatmağa çalışması, günün nəbzini tutması, reallıqları, siyasi, iqtisadi, mədəniyyət yeniliklərini operativ işıqlandırması ilə seçilir. Bu gün informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq qəzet köşklərinin qarşısında növbələr gözə çarpmasa da, ənənəvi kağız çap mediasının tarix yazmaq, ictimai fikrə təsir etmək, olayları arxivləşdirmək və 50 il, 100 il sonra da əlçatan olmaq kimi gərəkli missiyası var. Bu baxımdan gərəkli sayılan, cəmiyyət arasında müstəqil və demokratik qəzet imici daşıyan mətbu orqanlardan biri də “Bakı-xəbər”dir. Bu nəşr illərdir ki, həftədə 5 dəfə fasiləsiz çap olunan az sayda Azərbaycan qəzetlərindən biridir.
“Bakı-xəbər”ə ilk gündən rəhbərlik edən Aydın Quliyev hələ bu qəzet yaranmazdan öncə müxtəlif mətbuat orqanlarında siyasi-publisustik və analitik məzmunlu məqalələrlə çıxış edib. Aydın müəllim politoloq və siyasi şərhçi kimi də tanınır. Azərbaycanda müstəqillik dövrünün ictimai-siyasi prosesləri barədə bir neçə kitabın və çoxsaylı analitik məqalələrin müəllifidir. Onun bacarıqlı rəhbərliyi ilə “Bakı-Xəbər”in redaksiyasında uzun müddət çalışmış çoxsaylı istedadlı jurnalistlər nəsli yetişib. Hazırda da özlərini qürurla “Bakı-Xəbər” yaradıcılıq məktəbinin yetirmələri sayan bu yaradıcı insanlar müxtəlif media orqanlarına uğurla rəhbərlik edirlər. Qısa tarixi ərzində “Bakı-Xəbər” Azərbaycan Mətbuat Şurasının, ictimai təşkilatların, QHT və siyasi partiyaların xeyli sayda mükafat və təltiflərinə layiq görülüb. 2020-ci ilin payızında böyük qələbə ilə başa çatan “Zəfər Yürüşü”nə qədər “Demokratiya, güclü iqtisadiyyat Dağlıq Qarabağın açarıdır” devizi ana səhifəsində epiqraf kimi başdan yazılan qəzet indi möhtərəm Prezidentimiz, müzəffər Ali baş Komandanımız İlham Əliyevin sərkərdəlik məharəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində azadlığına qovuşmuş əzəli torpaqlarımızın bərpasını, Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərinə dəstək verməyi, başlıcası isə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qabartmağı ümdə vəzifəsi sayır.
Yuxarıda göstərdiyimiz kimi, bir sıra keyfiyyət yenilikləri ilə xarakterizə olunan inkişaf yolu keçən “Bakı-Xəbər” qəzetinin kollektivini 20 illik yubileyi münasibətilə təbrik edir, daha böyük yaradıcılıq uğurları arzulayırıq. Onu da qeyd edək ki, qəzetin baş redaktoru Aydın Quliyevlə müsahibəni bu gün “YouTube” kanalında “XalqTV” vasitəsilə izləyə və yaxın günlərdə qəzetimizdə oxuya bilərsiniz.
XQ