“İstiqlal”ın mübarəkdir, Rasim Balayev!

post-img

Bu gün ekranımızın Nəsimisinin, Babəkinin 75 yaşı tamam olur

Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan hisslərinin gözəlliyinin tərənnümçüsü kimi tanıdığımız İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş “Nəsimi” filmi ekranlara çıxanda mən hələ kənddə yaşayırdım. Amma filmin bir çox epizodlarını artıq əzbər bilirdim. Hətta, filmdə istifadə olunmuş bəzi qəzəlləri kənd mədəniyyət evində məhz Rasim Balayev kimi oxumağa çalışırdım. İrad tuturdular ki, öz səsinlə, özün kimi oxu. Amma bacarmırdım. Çünki Rasim Balayev həmin qəzəllərin oxu tərzinə möhür vurmuşdu. 

...İş elə gətirdi ki, bir neçə ildən sonra ozamankı İncəsənət İnstitutu­nun mədəni-maarif fakültəsinə qəbul olundum və institut illərində gördüm ki, qrupumuzdakı tələbələrin əksəriy­yəti Nəsiminin qəzəllərini məhz Rasim Balayev kimi oxumağa çalışır. Bu ten­densiyanı “sürətləndirən” digər cəhət isə Rasim Balayevin bacısı Təranə Balayevanın da bizimlə eyni qrupda oxuması idi. 

Sonralar mən “Dalğa” qəzetində işləyərkən, dövlət radiosunda çalışdı­ğım dövrdə Rasim Balayevlə çox gö­rüşdüm, dəfələrlə həmsöhbət olduq, ekran, efir, səhnə sənəti haqqında fikirlərini qələmə aldım. Şahidi oldum ki, onun şəxsiyyəti, insanlığı da elə sənətkarlığı kimi ucalarda dayanmağa layiqdir. Bu sənətkarla yaradıcılıqdan, yazı-pozudan kənar olan söhbətlərdə isə onun sadəliyinə, səmimiyyətinə şa­hidlik etdim. 

Xatırladım ki, Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsuda dün­yaya gəlmişdir. Daha doğrusu, Azər­baycan kinosu üçün doğulmuşdur. Onu həmkarları, aktyor və rejissorlar çox sevdilər, tamaşaçılar heyranlıqla, ürəkdən qəbul etdilər, dövlət isə xid­mətlərini yüksək qiymətləndirdi. Onun Xalq artisti, Dövlət Mükafatı laueratı adlarına, Prezidentin fərdi təqaüdünə layiq görülməsi yaradıcılığına verilən qiymətdirsə, uzun illər Azərbaycan Ki­nematoqrafçılar İttifaqının katibi olma­sı, ötən ildən isə sədr vəzifəsinə layiq görülməsi bu sahədəki təşkilatşılığına görə göstərilən etimaddır. 

Bu yaxınlarda isə daha bir xoş xə­bər aldıq. Nəsiminin anadan olmasının 650 və onun haqqında filmin müəlli­fi – görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi müna­sibətilə Ankarada keçirilən təntənəli tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nəsimi obrazı­nın yaradıcısı Rasim Balayevi TÜRK­SOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edib.

Yubilyara ən böyük hədiyyə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəldi. Dövlət başçısının dünən imzaladığı sərəncamda deyilir: “Azərbaycan mə­dəniyyətinin inkişafında böyük xidmət­lərinə görə Rasim Əhməd oğlu Bala­yev “İstiqlal” ordeni ilə təltif edilsin”.

“İstiqlal”ın mübarək, Nəsimi izzətli, Babək qətiyyətli böyük sənətkar! 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Mədəniyyət