Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə ümidlər artır
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiya–Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması məqsədi ilə dünyanın 42 dövlətinin yüksək ranqlı diplomatlarının iştirakı ilə sammit keçirilib. Rusiya tədbirə dəvət almayıb.Payızda müzakirələrin davam etdirilməsi qərara alınıb.
Maraqlıdır ki, toplantıya ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, Türkiyə kimi Ukraynananın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyən böyük dövlətlərlə yanaşı, illər öncə Rusiyanın təşəbbüsü ilə yaradılan BRİKS qrupunun üzvləri – Braziliya, Hindistan, Çin və Cənubi Afrika respublikaları da qatılıb.
Rəsmi Moskva sammiti “Kollektiv Qərb”in “Qlobal Cənubu” (yeri gəlmişkən, yuxarıda adlarını çəkdiyimiz BRİKS-in dörd üzvü və Cənub yarımkürəsində yerləşən bir çox aparıcı dövlətlər bu qrupa daxil edilir-müəllif) Kiyevin arxasında birləşdirmək cəhdi kimi qiymətləndirib və bu addımın münaqişənin taleyinə heç bir təsir göstərməyəcəyini bildirib.
Rəsmi Kiyev isə, əksinə, tədbirin ədalətin bərpa olunması naminə atıldığını və mühüm əhəmiyyət kəsb etdiyini düşünür. Ukrayna Prezidenti Volodimir Zelenski sammit iştirakçılarına videomüraciətində bildirib ki, “böyük dünyanın Ciddədə toplanaraq sülh və ədalət naminə ciddi səylər göstərməsi sayəsində Rusiyanın Ukrayna torpaqlarına aramsız olaraq endirdiyi dağıdıcı bombalara və raketlərə son qoyula bilər!”.
Tədbir iştirakçıları Rusiya–Ukrayna müharibəsinin hər iki xalqa böyük itkilər və məhrumiyyətlər gətirdiyini biildiriblər və mənasız qırğına beynəlxalq hüquq normaları çərçivəsində son qoyulmasını tələb ediblər.
ABŞ-ı sammitdə təmsil edən Prezident Co Baydenin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan çıxışında qeyd edib ki, bir suveren dövlətin başqa bir ölkəyə təcavüzü yolverilməzdir və belə hallara son qoyulmalıdır. Ciddə sammiti məhz bu humanist mərama xidmət edir. Onun sözlərinə görə, tədbirin təşkilatçıları və iştirakçıları böyük tarixi missiya yerinə yetirirlər.
Qeyd etmək lazımdır ki, sammitdə müəyyən dərəcədə Rusiyanın maraqlarını müdafiə edən çıxışlar da olub. Belə ki, Braziliyanın xarici işlər nazirinin müşaviri Celso Amorim qeyd edib ki, sülh danışıqları bütün tərəflərin, eləcə də Rusiyanın iştirakını tələb edir. Ukraynanın, həqiqətən, bu münaqişənin ən böyük qurbanı olmasına baxmayaraq, sülh müzakirələri prosesinə hansısa formada Rusiya da cəlb edilməlidir.
Siyasi təhlilçilər bildirirlər ki, sammitin geniş tərkibdə keçirilməsində, xüsusilə, Çinin iştirakının təmin olunmasında Səudiyyə Ərəbistanın vəliəhdi şahzadə Məhəmməd bin Salmanın böyük rolu olub. Sirr deyil ki, zəngin şahzadə ölkəsini dünyanın aparıcı siyasət mərkəzlərindən birinə çevirməyə çalışır və bu istiqamətdə uğurlu addımlar atır. Ciddə sammitinin uğuru, ilk növbədə, məhz “onun aktivi”nə yazılmalıdır. Əlbəttə, Vaşinqtonun nisbətən kölgədə qalan dirijorluğunu da nəzərdən qaçırmaq olmaz.
Ciddə danışıqları Qərb KİV-inin diqqət mərkəzindədir. Məsələn, Almaniyanın xarici işlər naziri Annalena Berbok “Bild” nəşrinə müsahibəsində bildirib ki, Ciddə sammiti Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi: Ciddədən gələn mesaj belədir: Rusiyanın təcavüzü Afrika, Asiya və Cənubi Amerikadakı insanların da həyatına təsir edir. Çünki bunun Avropadan çox-çox kənarda təsirləri var: beynəlxalq nizamın gələcəyindən tutmuş enerji təhlükəsizliyinə, taxılın qiymətinin artmasına və qlobal ərzaq təchizatındakı böhrana qədər”.
Yeri gəlmişkən, Ciddədə keçirilən müzakirələrdə dəfələrlə Ukrayna taxılının dünya bazarlarına ixracının bərpa olunmasının vacibliyi vurğulanıb. Ekspertlər qeyd edirlər ki, artıq bütün dünyada ərzaq məhsullarının qiymətlərinin artması hiss olunur. Ukrayna taxılının ən böyük idxalçılarından biri isə Çindir. Rəsmi Pekin özü də bu məsələdə strateji tərəfdaşı sayılan Rusiyadan narazıdır.
Səudiyyə Ərəbistanındakı müzakirələrdən ən çox gözləntisi olan dövlət isə, əlbəttə, Ukraynadır. Ukrayna Prezidenti Administrasiyası aparatının rəhbəri Andrey Yermak Ciddədə aparılan danışıqların məhsuldar olduğunu bildirib. Onun sözlərinə görə, müzakirələr zamanı Kiyevin sülh naminə irəli sürdüyü əsas prinsiplərə geniş beynəlxalq dəstək nümayiş olunub.
Lakin Qərb ölkələri Ukraynanı dəstəkləsələr də, bəzi dövlətlər Rusiyanın hərəkətlərini qəti şəkildə pisləməyiblər. Analitiklər belə bir məqama xüsusi diqqət yetiriblər ki, Kopenhagendə danışıqların əvvəlki raundunda iştirak etməyən və Qərbin Rusiyanın müdaxiləsini pisləmək çağırışlarını rədd edən Çinin Ciddə sammitində rəsmi Pekinin mövqeyində əhəmiyyətli olmasa da, mümkün dəyişikliyə işarədir.
Bu arada məlum olub ki, bu ilin avqustunda Türkiyə və Rusiya prezidentlərinin keçirilməsi nəzərdə tutulan görüşündə Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edəcək. Bu barədə Rusiya KİV-i diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, R.T.Ərdoğan növbəti dəfə vasitəçiliyini təklif edəcək: “O, müharibənin qalibinin, sülhün isə məğlubunun olmaması tezisini bir daha təkrarlayacaq. Ankara dəfələrlə bildirib ki, atəşkəs mümkün qədər tez əldə olunmalıdır”.
“Sabah” nəşri bildirib ki, Türkiyə hazırda “taxıl sazişi”ni əvvəlki formatda bərpa etmək üçün fəal səy göstərir və Ukraynadan taxıl ixracı üçün alternativ variantları dəstəkləmir. Nəşr qeyd edir ki, Ankarada mövcud “taxıl dəhlizi”nin fəaliyyətini bərpa etmək ümidi ilə BMT, Rusiya və Ukrayna nümayəndələri arasında diplomatik təmaslar davam edir. Ankaranın mövqeyi ondan ibarətdir ki, “taxıl sazişi”nin bərpası Qara dəniz hövzəsində gərginliyi azaldacaq.
Qeyd edək ki, avqustun 5-də Türkiyə və Ukraynanın xarici işlər nazirləri Hakan Fidan və Dmitri Kuleba arasındakı telefon danışığında “taxıl sazişi”nin bərpası istiqamətində atılacaq addımlar geniş müzakirə edilib. Rəsmi Kiyev Ankaranın bu sahədəki səylərinin uğurla başa çatacağına ümidlər bəsləyir.
Dünya ictimaiyyəti də ümid edir ki, Türkiyə lideri R.T.Ərdoğanın və onun peşəkar komandasının fədakarlığı və qətiyyəti sayəsində planetimizdə millyonlarla insanın rifahına təsir göstərəcək bu sazişin icrasını davam etdirmək mümkün olacaq. Hər halda, bu, bəşəriyyətin xeyrinə atılmış addım ola bilər!
Ceyran CƏFƏRLİ,
politoloq
– Rusiya–Ukrayna müharibəsi artıq on səkkiz aydır ki. davam edir. İlkin mərhələdə, Rusiyanın rəqibi üzərində sürətli qələbə qazanacağı gözlənilirdi. Bu, baş tutmadı. Ukrayna dövləti və xalqı münaqişənin ilk günlərindən başlayaraq, böyük fədakarlıq nümayiş etdirərək öz torpaqlarının müdafiəsinə qalxdı.
Artıq münaqişə uzun çəkən bir mərhələyə daxil olub. Amma hər iki tərəfdən ağır itkilər davam edir. Bu ilin yazında Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı keçirəcəyinə də ümidlər böyük idi. İndi aydın oldu ki, bu dəfə Rusiya Ordusu rəqibinə kifayət qədər güclü müqavimət göstərə bilir.
Rusiya–Ukrayna cəbhəsində köklü dəyişikliklərin olacağına ümid bəsləməyən Qərb dövlətləri müharibənin danışıqlar yolu ilə bitməsi üçün diplomatik addımlar atır. Bu prosesə “Qlobal cənub” deyilən bir çox dövlətlər də cəlb olunub. Fikrimcə, Ciddə danışıqları məhz çağdaş dünyanın müharibənin başa çatmasında maraqlı olduğunu nümayiş etdirir.
Səudiyyə Ərəbistanında iki gün davam edən danışıqlardan böyük dönüş gözləmək sadəlövhlük olardı. Təbii ki, danışıqların sonrakı mərhələləri də olacaq. Bütün hallarda, ən zəif sülh silahların “danışması”ndan yaxşıdır. Ümid etmək istərdik ki. Ukrayna torpağında, nəhayət, sülhü bərqərar etmək mümkün olacaq. Bu, həm Ukrayna, həm də Rusiya xalqlarının xeyrinə ola bilər.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”


