“Sosiolinqvistika” - ali məktəblər üçün dərslik

post-img

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribovanın “Sosiolinqvistika” adlı dərsliyi çap olunub.

Universitetdən aldığımız məlumata görə, nəşrin elmi redaktoru akademik Kamal Abdulla, rəyçiləri akademik Nizami Cəfərov, professor Fikrət Cahangirov və dosent Əsgər Quliyevdir. Azərbaycan Dillər Universiteti Elmi şurasının qərarı ilə işıq üzü görmüş dərslik ali təhsil müəssisələrində bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Yeni nəşrdə sosiolinqvistika elminin əsas istiqamətləri, dilin sosial mühitlə qarşılıqlı əlaqələri, dil və kimlik, çoxdillilik, regional və sosial dialektlər, kod keçidi, süni dillər, dil siyasəti və dil ekolojisi kimi aktual mövzular geniş şəkildə təhlil olunub. Müəllif mövzulara müasir elmi yanaşmalar əsasında baxıb və sosiolinqvistikanın interdisiplinar əlaqələri nəzərə alınıb.

Dərslik Azərbaycan dilçiliyində sosiolinqvistika fənninin elmi-metodik bazasının zənginləşdirilməsinə, tələbələrin nəzəri biliklərinin dərinləşdirilməsinə və mövzunun qlobal elmi kontekstdə araşdırılmasına mühüm töhfədir.

Jalə Qəribova kitabın “Ön söz”ündə qeyd edib ki, dərsliyin yazılmasının əsas məqsədi Azərbaycanda sosiolinqvistika sahəsində araşdırmalara az da olsa töhfə vermək, universitetlərin proqramlarında yer alan bu fənnin tədrisi üçün ana dilində müasir tələblərə cavab verməyə cəhd edən bir dərslik ərsəyə gətirməkdir: “Qeyd etməliyəm ki, bu dərslikdən əvvəl Azərbaycan dilində Əbülfəz Rəcəblinin “Sosiolinqvistika” (2004) və Fəxrəddin Veysəllinin “Sosiodilçilik” (2022) əsərləri nəşr olunub. Hər iki müəllifdən faydalanmaqla yanaşı, bu dərslikdə əvvəlki mənbələrdə yer verilməyən bir çox yeni mövzulara işıq salmağa, problemlərə yeni bucaqlardan baxmağa, araşdırılan məsələlərə yeni metodoloji yanaşma tətbiq etməyə çalışmışıq. Onu da qeyd etmək istərdim ki, sosiolinqvistik araşdırmalarda ilk addımları “Azerbaijan International” jurnalının redaktoru Betti Bleyer ilə birlikdə həmin jurnalda “Sosiolinguistically Speaking” (“Sosiolinqvistik etiketlər”) rubrikası çərçivəsində yazdığımız yazılarla atmağa başlamışdıq”.

Kitab sosiolinqvistikanın əsas anlayışlarını, nəzəri müddəalarını və metodlarını öyrənmək və araşdırmaq istəyən tələbələr, tədqiqatçılar, eləcə də dil-cəmiyyət əlaqələri ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabda dilin sosial faktorlarla əlaqəsi haqqında müfəssəl nəzəri müddəalar təqdim edilib və dilin həm ümumilikdə cəmiyyət, həm də cəmiyyətdəki müxtəlif təbəqələr, sosial şəbəkələr və fərdi kimliklər ilə əlaqəsinə çeşidli yönlərdən nəzər salınıb. Dərslikdə dil variantlaşmasının təbiəti, regional dialektlər, sosial dialektlər, çoxdillilik, kod keçidi, təmas dilləri, dil siyasəti, eləcə də dil və kimlik əlaqələri kimi geniş mövzular əhatə olunub. Bundan başqa, nəşrdə sosial dilçiliyin çoxyönlü tədqiqat metodlarının təsvirinə və izahına yer verilib. Qeyd olunan mövzulara mikrososiolinqvistik və makrososiolinqvistik məsələləri əhatə edən müxtəlif nəzəri çərçivələr daxilində baxılıb. Dərslikdə nəzəri müzakirələrdən başqa, empirik yolla toplanılan nümunələrin təhlilinə, müqayisələrə, reflektiv və müşahidə əsaslı praktik tapşırıqlara da yer ayrılıb.

Elm