Dilimizin saflığını qorumaq hər birimizin borcudur

post-img

Dil hər bir xalqın mənəvi sərvəti, tarixi yaddaşı və milli kimliyinin əsas dayağıdır. Azərbaycan dili isə yalnız ünsiyyət vasitəsi deyil, həm də dövlətçiliyimizin əsas atributlarından biridir. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində mühüm qərarlar qəbul etmiş, onun dövlət dili statusunun möhkəmləndirilməsini prioritet vəzifə kimi müəyyən etmişdir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə uğurla davam etdirilir. Prezidentin çıxışlarında dil məsələsi yalnız mədəniyyət kontekstində deyil, milli təhlükəsizlik və dövlətçilik məsələsi kimi qiymətləndirilir.

Cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlərdə əsas məqam ondan ibarətdir ki, dil xalqı bir araya gətirən və dövlətçiliyin əsas sütunlarını gücləndirən ən vacib amillərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, dil sadəcə ünsiyyət vasitəsi deyil; o, bayraq, gerb və himn kimi dövlət rəmzləri ilə eyni səviyyədə dayanan, milli kimliyi və dövlətçilik düşüncəsini formalaşdıran mühüm dəyərdir. Bu yanaşma göstərir ki, dil məsələsinə yalnız mədəni fenomen kimi deyil, həm də milli təhlükəsizliyin və dövlətçilik strategiyasının ayrılmaz tərkib hissəsi kimi yanaşmaq lazımdır.

 “Azərbaycan dilinin qorunmasını hər dəfə niyə bu qədər təkidlə tapşırırsınız? Nə təhlükə var?” Həqiqətən də, Azərbaycan dili üçün doğrudanmı təhlükə var? Varsa, hansı istiqamətlərdə var?”- sualına ölkə başçısı belə cavab vermişdir: “Xalqımız əsrlər boyu müstəqillik arzusu ilə yaşayıb. Eyni zamanda uzun müddət müxtəlif imperiyaların tərkibində yaşamağa məcbur olub. Adları fərqli olsa da, mahiyyət etibarilə bu dövrlər müstəmləkəçilik xarakteri daşıyıb. İstər qədim dövrlərdə, istər Rusiya imperiyası dövründə, istər fars hakimiyyəti zamanı, istərsə də Sovet dövründə xalqımız tam müstəqil olmayıb”.

Cənab İlham Əliyev tarixi-psixoloji baxımdan Azərbaycanın və Azərbaycan xalqının uzun illər müstəmləkə altında yaşamasını, kənar mədəniyyətin və dilin təsirini önə çəkməklə nəinki mediaya, o cümlədən alimlərə də yeni araşdırma istiqaməti göstərmişdir. Prezident həmçinin Azərbaycan dilinə olan təhlükənin tarixi səbəblərini izah etməklə yanaşı, bugünkü təhlükənin konturlarını da müəyyənləşdirmişdir.

Azərbaycan dilinin saflığı nə deməkdir? Dil saflığı anlayışı heç də başqa dillərlə təmasdan imtina etmək demək deyil. Tarixən bütün dillər qarşılıqlı təsir nəticəsində zənginləşmişdir. Lakin saflıq o deməkdir ki, dilin daxili qanunauyğunluqları qorunsun, süni və ehtiyacsız alınmalar üstünlük təşkil etməsin, ana dilinin ifadə imkanları ikinci plana keçirilməsin. Bu gün qloballaşma və rəqəmsallaşma dövründə xarici dillərin, xüsusilə ingilis dilinin təsiri açıq şəkildə müşahidə olunur. Media, sosial şəbəkələr və reklam məkanında çox vaxt qarşılığı olan Azərbaycan sözləri əvəzinə xarici sözlər işlədilir. Bu isə tədricən dil mühitinin dəyişməsinə səbəb olur.

Tarixən digər dillərin də Azərbaycan dilinin işləkliyinə mənfi təsiri olmuşdur. Amma unutmaq olmaz ki, bu gün Azərbaycan müstəqil dövltdir və bu dövlətin rəsmi dilinin qorunması da hər birimizdən asılıdır. Ölkə başçısı da çıxışında vurğulamışdır ki, əgər müstəqillik illərində dilimizi qoruya bilmişiksə və əcdadlarımız onu bizə əmanət ediblərsə, bu gün onu qorumaq bizim borcumuzdur. Sitat:  “Dilimizə istər bilərəkdən, istərsə də bilməyərəkdən daxil olan xarici sözlər onu zənginləşdirmir və həmin sözləri işlətmək insanı daha savadlı göstərmir”. Müsahibədə, eyni zamanda çox dil bilməyin müsbət hal olduğu və dəstəkləndiyi bildirilsə də, hər dilin öz yerində istifadə edilməsinin vacibliyi də vurğulanmışdır. Ana dilimizin qorunmasının əsas məsuliyyət olduğu qeyd edilmişdir. Xarici sözlərin həddindən artıq istifadəsinin dilə və milli kimliyə mənfi təsir göstərdiyi xüsusilə diqqətə çatdırılmışdır.

Prezident İlham Əliyev dilimizə verdiyi böyük dəyəri öz çıxışında bir daha ifadə edərək demişdir: “Dünyada 50 milyon azərbaycanlı yaşasa da, ədəbi dilin əsas qoruyucusu Azərbaycandır”. O, xaricdə yaşayan soydaşlarımızın dilimizi mükəmməl səviyyədə bilməsinin vacibliyini vurğulamış, bəzi ölkələrdə Azərbaycan məktəblərinin olmamasını ədalətsizlik kimi qiymətləndirmiş və bu məqsədlə onlayn məktəblərin yaradıldığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, xalqımız tarix boyu dilini qoruyub və Azərbaycan dili ulu babalarımızın danışdığı dildən ciddi şəkildə fərqlənmir. Sovet dövründə bəzi sözlər daxil olsa da, müstəqillik illərində dilin təmizlənməsi istiqamətində addımlar atılmışdır. Bu baxımdan, Azərbaycan dilinin saflığının qorunması istiqamətində aşağıdakı vəzifələr prioritet hesab oluna bilər:

1.     Təhsil sistemində dil mədəniyyətinin gücləndirilməsi. Məktəblərdə və ali təhsil müəssisələrində nitq mədəniyyəti və ədəbi dil normaları daha sistemli şəkildə tədris olunmalıdır.

2.     Media üzərində məsuliyyətin artırılması. Televiziya, radio və onlayn media platformalarında ədəbi dil normalarına riayət olunması təmin edilməlidir.

3.     Terminologiyanın sistemləşdirilməsi. Yeni anlayış və texnoloji terminlər üçün Azərbaycan dilində uyğun və işlək qarşılıqlar hazırlanmalıdır.

4.     Rəqəmsal mühitdə dilin qorunması. Sosial şəbəkələr və internet platformalarında düzgün yazı mədəniyyətinin təşviqi üçün maarifləndirici layihələr həyata keçirilməlidir.

5.     Cəmiyyətin dilə münasibətinin dəyişdirilməsi. Dilin saflığı yalnız qanun və qaydalarla deyil, ictimai şüurla qorunur. Hər bir vətəndaş ana dilinə hörmətlə yanaşmalı, onu düzgün işlətməyi şəxsi məsuliyyət kimi qəbul etməlidir.

Bu vəzifələrin həyata keçirilməsi Azərbaycan dilinin həm saflığının, həm də zənginliyinin qorunmasına xidmət edəcəkdir. Çünki dil daim inkişaf edir və dəyişir, lakin bu dəyişikliklər milli dəyərlər çərçivəsində aparılmalıdır.

Dünya qloballaşır. Bu gün böyük dövlətlər digər sahələrdə olduğu kimi dil üzərində də dominantlıqlarını qorumağa çalışırlar. Biz ərazi baxımından kiçik ölkə ola bilərik, lakin millət olaraq böyüklüyümüzün əsas səbəblərindən biri də milli kimliyimizi və dilimizi bu günə qədər qoruyub saxlamağımızdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Amma bütün bu dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili ulu babalarımızın danışdığı dildən fərqlənmir. Buna görə də harada yaşamağımızdan asılı olmayaraq, xalqımızın dili və milli kimliyi üçün mübarizə aparmalıyıq.

Sonda vurğulamaq istərdim ki, Azərbaycan dili sadəcə keçmişimizin yadigarı deyil, gələcəyimizin təminatıdır. Dilimizi qorumaq onu dəyişikliklərdən təcrid etmək deyil, əksinə, onun daxili zənginliyini qoruyaraq müasir dövrə uyğun şəkildə inkişaf etdirməkdir. Onun qorunması yalnız filoloqların və ya dövlət qurumlarının vəzifəsi deyil, ümummilli məsuliyyətdir. Əgər biz ana dilimizin saflığını qoruya bilsək, milli kimliyimizi və mənəvi bütövlüyümüzü də qorumuş olarıq. Çünki dil yalnız sözlər toplusu deyil, düşüncə tərzimiz, dünyagörüşümüz və milli ruhumuzdur. Bu gün üzərimizə düşən vəzifə Azərbaycan dilini gündəlik həyatımızda düzgün, səlis və məsuliyyətlə işlətməkdir. Dilə göstərilən hörmət, əslində, dövlətə və millətə göstərilən hörmətdir. Gəlin ana dilimizi yalnız qorumaqla kifayətlənməyək, onu zənginləşdirək, inkişaf etdirək və gələcək nəsillərə qürurla ötürək.

Ülviyyə ASLANOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Elm