“Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584 (Cild I); 2025, № 1, maddə 6, № 8, maddə 739) aşağıdakı məzmunda 11.16-1-ci maddə əlavə edilsin:
“11.16-1. Bu Qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan (qurum) tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605 (Cild I); 2024, № 1, maddələr 2, 11, № 7, maddə 764; 2025, № 4 (I kitab), maddələr 312, 318) 4-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 4-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi”;
2.2. 4-1.1-ci maddədən “e-mühasibat” sözləri çıxarılsın və həmin maddəyə “sistemi” sözündən sonra “mühasibat uçotu sahəsində” sözləri əlavə edilsin;
2.3. 4-1.1.1-ci maddəyə “maliyyə hesabatlarının” sözlərindən sonra “, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının” sözləri əlavə edilsin;
2.4. 4-1.1.2-ci maddədən “, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının” sözləri çıxarılsın və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
2.5. aşağıdakı məzmunda 4-1.1.3-cü maddə əlavə edilsin:
“4-1.1.3. mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılmasını və maliyyə hesabatlarının, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini.”.
Maddə 3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1135 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü maddə üzrə:
3.1.1. 3.2-ci maddədə “Qanun” sözü “Qanunun 3.12-ci maddəsi nəzərə alınmaqla, bu Qanun” sözləri ilə əvəz edilsin;
3.1.2. 3.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“3.9. Bu Qanunun 3.8-ci maddəsində göstərilən halda müvafiq satınalmalarla bağlı müqavilə satınalan təşkilat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə imzalandıqdan sonra bu Qanunun 38.11-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar həmin informasiya sistemi tərəfindən avtomatik şəkildə dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində müvafiq məlumatı portalda dərc edir.”;
3.1.3. aşağıdakı məzmunda 3.12-ci maddə əlavə edilsin:
“3.12. Bu Qanunun 15.3-cü maddəsində göstərilən satınalmalar, habelə qalib təchizatçının qeyri-rezident olduğu hallar istisna olmaqla, bu Qanunun şamil edildiyi satınalmalara dair müqavilələr, həmçinin bu Qanunun 3.2.1-ci, 3.2.4-cü, 3.2.8-ci, 3.4-cü və 3.8-ci maddələrində nəzərdə tutulan mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;
3.2. 15-ci maddə üzrə:
3.2.1. 15.1-ci maddədə “15.3-cü maddəsinin” sözləri “3.12-ci və 15.3-cü maddələrinin” sözləri ilə əvəz edilsin;
3.2.2. 15.4-cü maddədə “, bildirişlərin və müqavilələrin” sözləri “və bildirişlərin” sözləri ilə əvəz edilsin;
3.3. 25.1.2-ci maddəyə “yeri,” sözündən sonra “proqnozlaşdırılan icra” sözləri əlavə edilsin;
3.4. 30.2.2-ci maddədə “müəyyən olunmuş” sözləri “bu Qanunla müəyyən olunmuş qaydada və” sözləri ilə əvəz edilsin;
3.5. 34.7-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Satınalmanın nəticələri barədə satınalma komissiyasının yekun protokolunun təsdiq edilməsi barədə nəzarət orqanının qərarı (bu maddənin üçüncü cümləsinə uyğun olaraq nəzarət orqanının bununla bağlı qərarı olmadıqda təsdiq edilmiş hesab olunan yekun protokollar), qalib təchizatçının təklifi (iş həcmləri cədvəli və qiymət təklifi) dərhal informasiya sisteminə ötürülür.”;
3.6. 38-ci maddə üzrə:
3.6.1. 38.1-ci maddədə “tərtib edib təchizatçıya aksept bildirişi ilə birlikdə” sözləri “bu Qanunun 3.12-ci maddəsi nəzərə alınmaqla informasiya sistemi vasitəsilə tərtib edib təchizatçıya portal vasitəsilə təqdim olunan aksept bildirişi ilə eyni vaxtda” sözləri ilə əvəz edilsin;
3.6.2. 38.2-ci maddə üzrə:
3.6.2.1. birinci cümləyə “müqaviləsini” sözündən sonra “informasiya sistemində gücləndirilmiş elektron imza ilə” sözləri əlavə edilsin;
3.6.2.2. ikinci cümləyə “olmayaraq” sözündən sonra “informasiya sistemində gücləndirilmiş elektron imza ilə” sözləri əlavə edilsin;
3.6.3. 38.8-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Satınalma predmetinin həcmi (miqdarı) dəyişdirildiyi təqdirdə satınalan təşkilat bu barədə məlumatı informasiya sisteminə dərhal ötürür.”;
3.6.4. 38.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“38.11. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar informasiya sistemi tərəfindən dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində həmin məlumatları portalda dərc edir.”;
3.7. 42.1-ci maddənin ikinci cümləsinə “baxılır” sözündən sonra “və razılıq əldə edildiyi halda bu dəyişikliklər bu Qanunun 3.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla informasiya sistemi vasitəsilə həyata keçirilir” sözləri əlavə edilsin;
3.8. 44.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Nəzarət orqanı tərəfindən bu maddəyə əsasən verilən razılıqlar informasiya sisteminə dərhal ötürülür.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2026-cı il

