Son illərdə Azərbaycanın Yaxın Şərq və Körfəz Əməkdaşlıq Ölkələri ilə münasibətlərində yeni mərhələ başlanıb və bunu Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər də təsdiq edir. Buradan aydın görünür ki, ölkəmiz üçün Yaxın Şərq bazarlarına daxil olmaq, enerji resurslarını bu istiqamətdə şaxələndirmək yeni təcrübə olmaqla yanaşı, iqtisadi və siyasi baxımdan mühüm dividendlər vəd edir.
“Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Suriyaya qaz ixracını artıra bilərik və Ərəb Qaz Kəməri vasitəsilə digər ölkələri də qazla təchiz etmək imkanımız var. Biz neft və qaz satmaqla yanaşı, beynəlxalq ticarətçi kimi də fəaliyyət göstəririk. Körfəz Ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindəndir”, – deyə dövlətimizin başçısı müsahibə zamanı bildirib.
Enerji resurslarının müasir beynəlxalq münasibətlər sistemində iqtisadi-siyasi təsir amili kimi çıxış etməsi danılmaz reallıqdır. Praqmatik enerji diplomatiyası yürüdən Azərbaycan bu amildən rasional şəkildə istifadə edərək həm qaz ixracını şaxələndirir, həm də strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirir. Azərbaycanın mavi yanacaq ixracı coğrafiyasının ilk dəfə olaraq Yaxın Şərq istiqamətində genişlənməsi ölkəmizin enerji siyasətində keyfiyyətcə yeni mərhələdir. Coğrafi əhatəlilik və boru kəmərləri ilə qaz nəqli baxımından Azərbaycan hazırda dünyanın aparıcı ölkələri sırasında yer alır. 2030-cu ilə qədər ölkənin qaz hasilatının əlavə 8 milyard kubmetr artırılması hədəflənir. Bu isə Azərbaycanın enerji ixracının hazırkı 25 milyard kubmetrdən təqribən 33 milyard kubmetrə çatdırılması deməkdir. Bu fakt həm də Azərbaycanın dünya qaz bazarında artan nüfuzunun və təsir imkanlarının göstəricisidir. Hazırkı reallıqda Azərbaycanın enerji siyasətində şaxələndirmə xətti xüsusi aktuallıq kəsb edir. Əgər indiyədək karbohidrogen ehtiyatlarının nəqlində əsas diqqət Avropa bazarlarına yönəldilmişdisə, hazırda Yaxın Şərq istiqaməti də aktuallaşıb. Avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə ərazisindən Suriyanın Hələb şəhərinə nəqli siyasi və humanitar baxımdan strateji əhəmiyyət daşıyan addımdır. Ölkəmizin Yaxın Şərq və Körfəz regionunda artan fəallığı diplomatik əlaqələrin intensivləşməsi ilə yanaşı, konkret layihə və əməkdaşlıq təşəbbüslərinin icrası ilə müşayiət olunur. Suriyaya qaz nəqli həcminin artırılması, Ərəb Qaz Kəməri vasitəsilə digər ölkələrin təchizatı planları Azərbaycanın qlobal enerji xəritəsində rolunu dəyişir. Suriyanın müharibədən sonra bərpa prosesində və enerji təminatında Azərbaycanın yaxından iştirakı həm humanitar dəstək, həm də yeni bazara daxilolma baxımından əhəmiyyətli olub.
Prezident İlham Əliyev müsahibə zamanı bununla bağlı deyib: “Bizim Suriyaya təbii qazı elektrik enerjisinə çevirməyə kömək etmək üçün Azərbaycan, Suriya, Türkiyə və Qətər arasında dördtərəfli razılaşmamız oldu. Bu prosesin açılış mərasimi avqustun 2-də keçirildi. Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi. Hələ ki, biz 1,2 milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzrə razılığa gəldik. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə də gələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha az qıtlıq olsun”.
Prezident İlham Əliyevin “Biz beynəlxalq ticarətçi kimi də fəaliyyət göstəririk” fikri isə Azərbaycanın qlobal enerji bazarlarında yeni statusunu müəyyən edir. Əvvəllər daha çox hasilatçı və ixracatçı ölkə kimi tanınan Azərbaycan hazırda enerjinin alışı və satışına, habelə enerji axınlarının idarəçiliyinə iddialıdır. Bu isə ölkəmizin siyasi və iqtisadi nüfuzunu artırır, onu dünyanın enerji təhlükəsizliyində vacib aktorlardan birinə çevirir. Ölkəmizin Körfəz Əməkdaşlıq Ölkələri ilə münasibətləri dostluq və nəticəyönümlü əməkdaşlıq prinsipi üzərində qurulur. Burada əsas diqqət yalnız siyasi dialoqa deyil, konkret investisiya layihələrinə yönəlir.
Suriya ilə yanaşı, Körfəz ölkələrindən Qətərlə də əməkdaşlıq perspektivləri böyükdür. Dünyanın ən iri mayeləşdirilmiş təbii qaz ixracatçılarından olan bu ölkə maliyyə fondları vasitəsilə qlobal enerji layihələrini stimullaşdırır. Azərbaycan-Qətər əməkdaşlığı ölkəmizdə qeyri-neft sektoruna sərmayələrin cəlbinə imkanlar açır. Qətərin sərmayə fondlarının turizm, kənd təsərrüfatı, logistika və infrastruktur layihələrinə maraq göstərməsi ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün yeni təkan ola bilər. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlıq isə, əsasən, ölkənin alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni nəzərdə tutur. Yaşıl enerji gələcəyin əsas enerji mənbəyi hesab olunur və bu sahədə əməkdaşlıq son dərəcə aktualdır. Hər iki ölkənin Azərbaycanda yaşıl enerji istehsalına iri sərmayələr yatırması, inşa edilən külək və günəş elektrik stansiyaları münasibətlərin strateji xarakterini göstərir.
2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsalı hədəfi Azərbaycanın enerji balansında yaşıl enerjinin payını artırmaqla yanaşı, ixrac imkanlarını da genişləndirəcək. Enerji əməkdaşlığı qarşılıqlı investisiya mübadiləsi ilə daha da möhkəmlənir. Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) Xəzərdə Azərbaycanın ən böyük qaz yataqlarından birinə səhmdar olması, SOCAR-ın isə BƏƏ-nin bir sıra layihələrində iştirakı maraqların qarşılıqlı şəkildə təmin edildiyinin göstəricisidir.
Qısası, Azərbaycanın xarici siyasətdə Körfəz ölkələri ilə əməkdaşlığı “başlıca prioritetlərdən biri” kimi dəyərləndirməsi regionun strateji çəkisi ilə bağlıdır. Bu ölkələr təkcə enerji bazarlarında deyil, həm də beynəlxalq siyasətdə mühüm oyunçulardır. Azərbaycan böyük maliyyə imkanları, qlobal iqtisadiyyata təsir gücü və beynəlxalq nüfuzu olan bu ölkələrlə sıx əməkdaşlıq etməklə, qeyd edilən regionlarda nüfuz və mövqelərini gücləndirir.
MTM Analitik Qrupu