ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin nümayəndələri Duq Lamborn, Nensi Meys və Set Multon bazar ertəsi Moldova Respublikasının rəhbərliyi ilə bir sıra görüşlər keçiriblər. Bir gün əvvəl ABŞ nümayəndə heyəti baş nazir Dorin Reçan tərəfindən qəbul edilib. O, milli orduya atıcı silahlar və dronlarla kömək etdiyinə görə ABŞ-a təşəkkür edib. Moldovanın Rusiyadakı keçmiş səfiri Anatol Taranu bildirib ki, “Rusiya ilə münasibətlərin pisləşməsi fonunda və Moldovanın hazırda NATO-ya üzv ola bilməyəcəyini nəzərə alaraq, alyans ölkələrinin hərbi yardımı çox vacibdir”. Mütəxəssislərin fikrincə, “Moldova üçün ən yaxşısı Rumıniyanın təhlükəsizlik sisteminə daxil olmaqdır”.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin nümayəndə heyətinin Moldovaya səfəri davam edir. Birləşmiş Ştatlrın Kişinyovdakı səfirliyindən verilən məlumata görə, konqresmenlər Moldovanın hökumət və parlament rəhbərləri ilə görüşüblər. Bir gün əvvəl onları Moldovanın Baş naziri Dorin Reçan qəbul edib. O, Amerika nümayəndə heyəti ilə milli təhlükəsizlik strategiyasına yenidən baxılması və Moldova hökumətinin islahatlar və ölkənin modernləşdirilməsi proqramını davam etdirmək məsuliyyətindən danışıb. Moldova hökumətinin başçısı son vaxtlar ABŞ hökumətinin müasir texnika və silahlardan ibarət milli orduya göstərdiyi dəstəyi alqışlayıb ki, bu da “məşqlər, təlimlər və sülhməramlı missiyalar zamanı hərbi personalın hazırlanması üçün daha yaxşı şərait deməkdir”.
Amerika nümayəndə heyətinin nümayəndələri öz növbəsində bəyan ediblər ki, ABŞ Konqresi Moldovada aparılan islahat səylərini dəstəkləyir və Vaşinqton Avropaya inteqrasiya yolunda təhlükəsiz və demokratik Moldovanı dəstəkləməyə davam edəcək.
Ötən gün Moldova Müdafiə Nazirliyi ABŞ-ın göstərdiyi hərbi yardımı nümayiş etdirib. Belə ki, Moldova ordusunun aldığı hərbi texnikanın dəyəri 3 milyon dollardan çox olub.Yardım göndərişinə 600 metrə qədər atəş məsafəsi olan snayper tüfəngləri, pulemyotlar və pilotsuz uçuş aparatları daxildir.
Qeyd edək ki, yardım Moldova ordusunun modernləşdirilməsi və ölkənin müdafiə qabiliyyətinin artırılması kontekstində ABŞ tərəfindən təklif edilib. O, Moldova səmasında görünməsi əhali arasında təlaşa səbəb olan Amerika təyyarəsi ilə çatdırılıb. Sonradan ABŞ səfirliyindən verilən məlumatda bildirib ki, “Son 31 il ərzində Birləşmiş Ştatlar hökuməti ABŞ-ın Avropa Komandanlığı vasitəsilə hazırkı Moldova hökumətinin və əvvəlki hökumətlərin müraciəti əsasında 123 milyon dollardan çox hərbi, təlim və humanitar yardım göstərib. İndi təhvil verilən müdafiə təyinatlı malların müntəzəm tədarükü ilə bağlı müqavilə 2019-cu ildə bağlanıb və yardımın göstərilə biləcəyi bir çox yollardan yalnız biridir”.
Bu arada, avqust ayında Moldova Rumıniyadan da hərbi yardım alıb. Belə ki, Moldovanın keçmiş müdafiə naziri Anatoli Salaru televiziyada deyib ki, “Moldovada Rumıniyanın hava hücumundan müdafiə sisteminə inteqrasiya olunmuş müasir radarları yerləşdirməyə başlayıblar ki, bu da ölkəmizə istiqamətlənmiş raketləri vurmağa imkan verir”. “İndi onlar ümumi Rumıniya sisteminə və yəqin ki, Ukrayna sisteminə inteqrasiya olunacaq çox müasir, güclü radarlar quraşdırırlar. Bu radarlar ümumi sistemə inteqrasiya olunarsa və Moldova hökuməti ilə müqavilə imzalansa, Moldova Respublikasına doğru uçacaq bütün raketləri vurmaq mümkün olacaq”, – deyə Moldovanın keçmiş müdafiə naziri bildirib.
Bundan əvvəl Moldovanın müdafiə naziri Anatoli Nosatıy hava məkanına nəzarət sistemi aldığını açıqlamışdı. Məlumdur ki, Moldovanın hərbi idarəsi Fransa istehsalı olan GM 200 radar sisteminin alınması ilə bağlı danışıqlar aparırdı. Onun alınması üçün Avropa Sülh Fondu pul ayırmışdı. Moldova Prezidenti Mayya Sandu Qərb tərəfdaşlarından Ukraynanın onlardan aldığı sistemlərə bənzər hava hücumundan müdafiə sistemləri istəmişdi.
Xatırladaq ki, 2022-ci il iyulun sonunda Avropa İttifaqı Moldova ordusunun modernləşdirilməsi üçün Avropa Sülh Fondundan 40 milyon avro ayrılması qərarını təsdiqləmişdi. Bundan əlavə, 2021-ci ilin dekabrında “Moldova Respublikası Silahlı Qüvvələrinin Hərbi Tibb Xidmətinin və mühəndis batalyonunun potensialının gücləndirilməsi” üçün 7 milyon avronun ayrılması barədə qərar qəbul edilmişdi. ABŞ, həmçinin 2 milyard dollar ayırdığını, bunun 1 milyardının Ukraynaya gedəcəyini, ikinci milyardın isə orduların modernləşdirilməsi üçün 17 ölkə arasında bölünəcəyini açıqlamışdı. Bu dövlətlər arasında Moldovanın da olduğu iddia edilir.
Moldova Müdafiə Nazirliyinin dövlət katibi Valeriu Mija bildirib ki, Aİ-nin pulları ordunun modernləşdirilməsinə yönəldiləcək. Eyni zamanda, dövlət rəsmisi xatırladıb ki, vəsait Aİ-də qalacaq və departamentə getməyəcək, çünki bütün alışlar avropalı ekspertlər vasitəsilə aparılacaq. “Biz lazımi texnika ilə bağlı sorğumuzu göndərəcəyik, tender yolu ilə alınacaq, ondan sonra Milli Orduya veriləcək. Söhbət ölkənin hərbiləşdirilməsindən yox, Milli Ordunun modernləşdirilməsindən gedir”, – deyə dövlət katibi vurğulayıb. Bundan əlavə, Moldova hakimiyyəti logistika, kibermüdafiə, pilotsuz uçuş aparatları və rabitə sahəsinə investisiya qoymaq niyyətindədir. Proqram 36 ay üçün nəzərdə tutulub.
Hazırladı: S.ELAY, “Xalq qəzeti”

