Azərbaycan komandası universiadada 9 medal qazanıb
Çinin Çendu şəhərində 113 ölkədən 6 min 500 tələbənin idmanın 18 növü üzrə 269 medal dəsti uğrunda mübarizə apardığı 31-ci Ümumdünya Yay Universiadası başa çatıb. Azərbaycan komandası yarışı 3-ü gümüş, 6-sı bürünc olmaqla 9 medalla başa vurub. Son universiadalarda komandamız qızıl medal qazansa da, təəssüf ki, budəfəki yarışda idmançılarımız gümüş və bürünc medallarla kifayətləniblər.
20 ali təhsil müəssisəsindən 87 atletin 16 idman növündə təmsil olunduğu Azərbaycan komandasının üzvlərindən ən yaxşı göstərici bədii gimnastikada qeydə alınıb. Yarışda 3 medala (halqa və gürzlərlə gümüş, halqa ilə bürünc) sahib olan Zöhrə Ağamirova jurnalistlərə müsahibəsində turnirin ilk iki günü çıxışının istədiyi kimi alınmadığını, topla səhvlərə yol verdiyini deyib. Üç alətlə finala vəsiqə əldə etdiyini bildirən gimnast finalda özünü toparladığını, halqa və gürzlərlə daha yaxşı çıxış etdiyini diqqətə çatdırıb. Z.Ağamirova universiadanın yüksək səviyyədə təşkil olunduğunu, amma adaptasiya prosesinin bir qədər çətin keçdiyini də qeyd edib.
Cüdo komandamızın da bu nüfuzlu yarışda çıxışını xüsusi vurğulamaq lazımdır. Bütün rəqiblərini məğlub edərək finala yüksələn Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medala sahib olublar. Komanda yarışlarında da yığmamız mükafatsız qalmayıb. Cüdoçularımız bürünc medala layiq görülüblər. Cüdo üzrə yarışlarda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.
Universiadada 8 nəfərlik heyətlə təmsil olunan taekvondo millimizin hazırlığı yüksək qoymətləndirilsə də, dayanq ustalarımızdan yalnız Minayə Əkbərova (48 kq) mükafat qazana bilib. İdmançımız fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.
Son bürünc medalı komandamızın aktivinə avarçəkənimiz yazdırıb. 1 nəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan komandamızın üzvü Bəhmən Nəsiri təsnifat və yarımfinal mərhələsini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququ qazanıb. Həlledici yürüşdə də inamlı çıxış edən idmançımız son ana qədər çempionluq uğrunda mübarizə aparsa da, az fərqlə üçüncü yeri tutub.
“Gənclik” Tələbə İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev “Xalq qəzeti”nə müsahibəsində nəticələrin qənaətbəxş olduğunu bildirib: “Yarışda dünyanın güclü idman ölkələri mübarizə aparırdılar. Tələbə gənclərimiz universiadada yaxşı çıxış etdilər. Son universiadalarda komandamız qızıl medal qazanıblar. Əslində, idmançılarımızın potensialı var idi və qalib ola bilərdilər. Bədii gimnastika üzrə Zöhrə Ağamirovadan da qızıl medal gözləyirdik. Avarçəkmə üzrə idmançımız birinci yerdə gedirdi, 3-cü pilləyə düşdü. Həmçinin cüdoda Rəşid Məmmədəliyev finalda güclü yaponiyalı idmançı ilə bacara bilmədi.
Ümumilikdə, 9 medal pis nəticə deyil. İdmançılarımız medalçılar sırasına düşmək üçün var gücləri ilə çalışdılar. Gələcək yarışlarda daha yüksək nəticələr qazanmaq üçün səylərimizi artırmalıyıq”.
T.Xanəliyev universiadanın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırdı. O qeyd etdi ki, idmançıların nəticələri onlar üçün yaradılan imkanlardan da əhəmiyyətli dərəcədə asılı olur: “Çində bu nüfuzlu yarış, demək olar ki, Olimpiya Oyunları səviyyəsində keçirildi. Yarışın açılış mərasimi möhtəşəmliyi ilə xüsusilə diqqət çəkdi. Universiada kəndində idmançılar üçün hər bir şərait var idi. Komandamızın üzvlərinin hazırlığı, onların yarış yerlərinə getməsi və geri qayıtması, akkreditasiya sistemi, mədəni tədbirlər, muzeyləri ziyarət, qidalanma – hər bir xırda detal belə diqqətdən qaçmamışdı. Universitetlərin nəzdində fəaliyyət göstərən möhtəşəm idman komplekslərini xüsusi vurğulamaq istəyirəm. Eyni zamanda, könüllülərin işi yüksək səviyyədə idi”.
Qeyd edək ki, komandamız 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən universiadada 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışdı.
Leyla QURBANOVA, “Xalq qəzeti”

