Akif İslamzadə 75
Bu gün özünəməxsus ifası ilə milyonların sevgisini qazanmış tanınmış müğənni və bəstəkar Akif İslamzadənin doğum günüdür. Sənətə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi qədəm qoyan ifaçı daha sonra Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində fəaliyyətə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konserti Birliyinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edib.
İllər öncə boğazında bədxassəli şiş əmələ gələn müğənninin Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatı zamanı səs tellərinin biri götürülüb. 30 ildən çoxdur heç bir mahnı oxumasa da, gözəl ifası ilə möhürünü vurduğu əsərlərlə adını Azərbaycan incəsənət tarixinə qızıl hərflərlə yazdırmağı bacarıb.
Anadan olmasının 75 illiyi ilə əlaqədar onunla həmsöhbət olduq. “Sarı gəlin”, “Bu gecə” “Neyləyim” ifaları ilə yaddaşlarda dərin iz qoyan sənətkarın ömür yoluna nəzər saldıq.
– İndiki dövrdə uşaq olsaydınız, yenə müsiqiyə marağınız yaranardı?
– Bilmirəm. Mənim musiqiyə marağımın yaranmasında özümdən çox yaşadığım mühitin rolu böyük olub. O vaxt “Vətən” kinoteatrının yaxınlığında yaşayırdıq. Ora tez-tez hind filmləri gəlirdi. 5-6 yaşımda filmə bir dəfə baxmaq kifayət edirdi ki, eşitdiyim melodiyaları yadımda saxlayım. Həmin müsiqiləri hərdən özüm üçün zümzümə edirdim. Anam Sara Qədimova bu istedadımı görəndən sonra məni konservatoriyanın nəzdində olan onillik müsiqi məktəbinə apardı. Lakin orada mənim müsiqi istedadımın olmadığını deyib, məni qəbul etmədilər. Sonradan məni skripka dərslərinə yazdırdılar. Mənimsə marağım pianoya idi, ona görə də skripkaya soyuq yanaşdım və yarıda qoydum. Onuncu sinfi bitirəndə artıq muğam sistemini öyrənmişdim. Qısası, həvəsim uşaqlıq illərimdən var idi. Sonrakı illərdə də bu sahədə özümü inkişaf etdirdim.
– O vaxtlar başqa nəyə həvəsiniz var idi?
– Bizim yaşadığımız məhəlləyə universitet həyəti deyirdilər, orada yaşayanların çoxu universitet müəllimləri idi onların təsiri ilə məndə kitab oxumağa böyük maraq yaranmışdı. Çox oxuyurdum və mən tək deyildim. Dostlarımızın çoxunda bu maraq var idi, oxuduğumuz kitabları bir-birimizlə dəyişirdik. Bu gün mənim kitabxanamda iki mindən artıq kitabım var.
– Bakıdan köçməyi, xaricdə yaşamağı heç düşünmüsünüzmü?
– Xarici səfərlərimdə düşünürdüm ki, görəsən bu ölkədə yaşaya bilərəm? İnandırım sizi, bunu düşünmək kifayət edirdi ki, gözlərim yaşarsın. Mənim üçün Bakı o qədər doğmadır ki, özümü buradan uzaqda təsəvvür belə edə bilmirəm.
– Hazırda vaxtınızı nəyə ayırırsınız?
– Kitabxanamda çoxlu mütaliə edirəm, dostlarla görüşürəm. Bütün eniş-yoxuşlarıyla dolğun bir həyat yaşadım. Bu gün özümü xoşbəxt hiss edirəm. Düşünürəm ki, Azərbaycan xalqı məni uutmayacaq, ifalarım daim xatırlanacaq. Təkcə bu, xoşbəxt olmağıma kifayət edir. Arzum budur ki, Allah ağlımızı əlimizdən almasın. Ölkəmizə, xüsusən də, gənclərimizə arzum odur ki, qarşılarına çıxan çətinliklərin öhdəsindən gəlib, sonrakı nəsillərə daha gözəl dünya miras qoysunlar.
– Yüz yaşayın, sənətkar!
Rüfət MƏHƏRRƏMOV

