Yay fəsli ilə əlaqədar adamlar dincəlmək üçün əsasən fərqli məkanlara - bölgələrə üz tutsalar da, buna imkanı olmayanlar yaşadıqları ünvanın yaxınlığındakı istirahət parklarına gedirlər. Yaşıllıqlar qoynunda – təmiz havada gəzişib söhbət etmək, kafe və restoranlarda əylənmək, sərin su içib, dondurma yemək özü də bir zövqdür.
Belə məkanlardan biri də 4 il əvvəl əsaslı təmirdən sonra ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi “Neftçilər” parkıdır. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən bu istirahət parkı 1982-ci ildə salınıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət guşələri yaradılıb, qalan sahədə isə meşə zolağı salınıb, velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman meydançaları salınıb, trenajorlar, attraksionlar quraşdırılıb. Eyni vaxtda 100-ə yaxın ailə buradakı mövcud imkanlardan yararlana bilər.
Parkda neft buruğu rəmzi olan “Stella” abidəsi quraşdırılıb, Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə qoyulmuş büstü bərpa edilib və ətrafı abadlaşdırılıb. Bundan başqa, parkda “Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.
Biz parka günorta çağı getdiyimiz üçün orada dincələnlər az idi. Ətrafa nəzər saldıq. Yaşıllıq bol idi, müəyyən səliqə-sahman da vardı. Orada olan sakinlərə üz tutaraq, istirahətlərinin ürəklərincə olub-olmadığını soruşduq. Onların dediklərini qələmə aldıq.
Mais Həmidov:
– Parkın vəziyyətindən razıyıq. Dövlətimiz tərəfindən istirahət məkanlarının salınması, mövcud olanların yenilənməsi təqdirəlayiqdir. Lakin biz də gərək bunun qədrini bilək. Məsələn, bəzi vətəndaşlar uşaqlarını skamyanın üzərinə ayaqqabılı çıxarırlar, oturacaqlar bulaşır, sınır və s. attraksionlar və ayaqüstü yeyəcəklər bahadır. Bundan başqa, zibil qutuları da azdır.
Şərif Qurbanəliyev:
– Deyirlər ki, parklar şəhərlərin təbəssümüdür. Doğrudan da, belədir. Amma qazonun üzərinə necə gəldi çıxmaq, şirniyyat kağızlarını, plastik su qablarını, günəbaxan tumunun qabıqlarını hara gəldi, atmaq olmaz. Bu kimi hallar parkın gözəlliyinə xələlə gətirir. Məncə, parkda bir neçə nəzarətçi də olsa, yaxşıdır. Bir də ki, gərək camaat da bunun fərqində olsun, yəni ictimai nəzarət güclənsin və hər kəs öz davranışına fikir versin. Axı, bu da bir mədəniyyətdir.
Oruc Məmmədov:
– Mənim 83 yaşım var. Sərin su bulaqlarının tikilməsi, günvurma hallarının qarşısının alınması üçün də tədbirlər görülməsini vacib sayıram.
Parkda çalışan sosial işçilər də vətəndaşların bəzi davranışlarından şikayətləndilər. Onlardan biri – Mehriban Hüseynova bildirdi ki, bəzi sakinlər onların zəhmətini yerə vururlar. Kimsənin tullantını beş addımlıqdakı zibil qablarına atmağa tənbəllik etməsi heç bir məntiqə sığmır. Təmizlik işçiləri var deyə, kimlərinsə belə davranışları düzgün deyil. Bir vaxtlar parkda yeyib-içdiklərinin qalıqlarını yerə tökənlər üçün “20 manat cərimə olacaqsınız” elanı hər ağacın başına vurulurdu. Təsiri az olsa da, kimlərisə parkı zibilləməkdən çəkindirirdi. Bu cür xəbərdarlıqlara, görünür, yenə də ehtiyac var.
Parkı dolandıqca iradların doğru olduğunu bir daha gördük. Bu, bizim şəhərimizdir. Parklar da bizim rahatlığımız üçün salınıb. Bir kibrit çöpünü belə yerə atmamalıyıq. Həm şəhər sivilizasiyası, həm də, ümumiyyətlə, adi davranış normaları bunu tələb edir.
İmamət İSMAYIL ƏDİLBƏYLİ


