Virtuozların Qəbələ performansı

post-img

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ardıcıl olaraq 13-cü dəfə təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq tarixə qovuşdu. 

Gözəl ənənəyə çevrilən incəsənət bayra­mı bu dəfə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu və yenə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini ölkəmizin dilbər guşəsinə cəlb edə bilib. İyulun 27-dən başlayaraq, 7 gün davam edən festivalda Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya şöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edib­lər.

Festival günlərində musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Bakı Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, Litva Kamera Orkestrinin, gənc muğam ifaçılarının konsertlərini izləmək im­kanı əldə ediblər. Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150, görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90, tanınmış pianoçu Bella Davidoviçin 95, görkəmli alman bəstə­karı İohannes Bramsın 190 illik yubileyləri də xüsusi konsert proqramları ilə qeyd edilib və festivala əlavə rəng qatıb. 

Ulu öndərin adını daşıyan Konqres Mərkəzində növbəti kamera konserti ilə bay­ramın son akkordları vurulub. Musiqi ax­şamında tamaşaçılar Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Gülnaz İsmayılova (sop­rano), respublika və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (piano), Ümidə Abasova (skripka) və Prezident təqaüdçüsü Vurğun Vəkilovun (piano) ifasında məşhur bəstəkarların əsərlərini dinləyiblər. Konsertdə Fərhad Bədəlbəylinin “Şuşa xatirələri”, “Vo­kaliz”, Niyazinin “Rast” simfonik muğamın­dan fraqmentlər, Qara Qarayevin “Sonatina”, Sevda Məmmədlinin “Laçın balladası”, Ser­gey Raxmaninovun “Fuqa re minor”, Emin Sabitoğlunun “Dədə Qorqud” kinofilminin musiqiləri əsasında popurri, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Vasif Adıgözəlovun “Bakı” əsəri alqışlarla qarşıla­nıb. 

Açıq havada keçirilən yekun konserti də hər kəsə unudulmaz təsir bağışlayıb. Xalq ar­tisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instru­mental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqram təqdim edilib. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasın­dan melodiyalar, rejissor Adil İsgəndərovun “Əhməd haradadır?” və Vladimir Kosmanın “Oyuncaq” kinofilmlərinin musiqisi əsasında popurrilər, Astor Pyatsollanın, Cahangir Ca­hangirovun, Tofiq Quliyevin, Ruhəngiz Qa­sımovanın mahnıları, xalq rəqsləri tamaşaçı alqışı qazanıb. 

“Qaytağı” ansamblının üzvləri – Əməkdar artist Ələkbər Ələkbərov (tar), Şakir Davudov (skripka), Orxan Musayev (balaban, klarnet), Xasay Gülməmmədov (saz, ud), Bəhram Mahmudov (qoşa nağara, perkussiya), Elvin Bəşirov (zərb alətləri), Taleh Ağayev (piano), Elmir Əliyev (nağara), Səlim Məmmədov (bas gitara) və Hidayət Sadıqbəyli (piano) virtuoz ifaları ilə könülləri oxşayıblar. Litva Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəy­li, Fikrət Əmirov, Aşıq Veysəl, Çağatay Akel, həmçinin fransız musiqiçiləri Moris Ravel və Marsel Qranjani kimi bəstəkar və xalq aşıq­larının əsərləri unudulmaz təsir bağışlayıb. Dalğa-dalğa yayılan musiqi sədaları dağlarda əks-səda verərək əsrarəngiz bir aura yaradıb.

Beləliklə, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Tədbirlərdən minlərlə tamaşaçı zövq alıb, konsertlər izləyi­cilərdə ən xoş təəssüratlar yaradıb. Onlardan bir neçəsinin ürək sözlərini təqdim edirik.

Nargilə Qafarova, Şəki Regional Mədə­niyyət İdarəsinin rəisi:

– Fəxr edirik ki, məhz bizim bölgə sö­zügedən mötəbər musiqi festivalı üçün ün­van seçilib. Sayca 13-cü olan bu bayramda Azərbaycan sənətçiləri ilə bərabər, dünya­nın ünlü klassik musiqi xadimləri də layiqli performans göstəriblər. Festivalın sayəsində Azərbaycanımızın musiqi mədəniyyəti geniş təbliğ olunur, eyni zamanda qədim Qəbələnin adı bütün dünyanı dolaşır.

Əhməd Qəndiyev, Qəbələ İncəsənət Məktəbinin direktoru: 

– Bildiyimiz kimi, klassik musiqiyə o əsərlər aiddir ki, artıq zamanın sınağından çıxıb, tarix olub. Kökü Qərbdən gələn bu in­cəsənət növü müasir cəmiyyətdə öz auditori­yasını qoruyub saxlayıb, sevilir və dinlənilir. Bizim məktəbin müəllim və şagirdləri də fes­tival çərçivəsində keçirilən tədbirlərdə iştirak etməklə klassik musiqi zövqlərini daha da inkişaf etdirdilər. Buna görə festivalın təşki­latçılarına minnətdarıq.

Malik Ağayev, Qəbələ Mədəniyyət Mərkəzinin direktoru:

– Konsertlərdə klassiklərin əsərlərini, simfonik musiqini və muğam interpretasiya­larını dinlədikcə yadıma şair Məmməd İsma­yılın misraları düşürdü:

Dünən Bethoveni çaldılar sazda,

Hələ yaşamağa dəyər bir az da. 

Doğrudan da, yeni nəsil virtuozlar Qərb və Şərq musiqisini böyük məharətlə sintez edir, heyrət doğururlar. Qəbələ festivalında bir daha əmin olduq ki, çağdaş çağırışlara cavab verən Azərbaycan musiqisi bu kimi tədbirlərin hesabına artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da yayılaraq geniş şöhrət qazanır. Opera, kapriç­çio və romanslarımız bəstəkarlarımızın hüdu­dsuz fantaziyasından soraq verir. Sevinirəm ki, biz hər il Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalına evsahibliyi edirik. 

Bəli, nüfuzu ildən-ilə artan Qəbələ Bey­nəlxalq Musiqi Festivalı Azərbaycanın mə­dəni həyatında çox mühüm əhəmiyyətə ma­likdir. Klassik musiqi vurğunu olan hər kəsin səbirsizliklə gözlədiyi və sevə-sevə izlədiyi bu festival həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir.

Əli NƏCƏFXANLI,
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”



Mədəniyyət