Klassik filmlərimiz kinoteatrlara qayıdır

post-img

Milli kinomuzun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə “CinemaPlus” kinoteatrlar şəbəkəsində avqustun 3-dən 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı”na start verilib.

Mədəniyyət Nazirliyindən “Xalq qəzeti”nə ve­rilən məlumata görə, həftə ərzində artıq klas­sikləşmiş “Arşın mal alan”, “Bəxtiyar”, “O olma­sın, bu olsun”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Əhməd haradadır? ”, “Sehrli xalat”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Əzablı yollar”, “Evlənmək istəyirəm”, “Bəyin oğurlanma­sı”, “Cin mikrorayonda”, “Atları yəhərləyin”, “Süd dişinin ağrısı”, “Yaramaz”, “Ölsəm... bağışla” film­ləri nümayiş etdiriləcək. Milli filmlərimizi izləmək üçün kinoteatrlara giriş ödənişsizdir.

Klassik filmlərimiz ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında da avqustun 9-dək “Azərbaycan kinosu həftəsi” adı altında nümayiş olunacaq. 

Qeyd edək ki, 1898-ci il avqustun 2-də fotoq­raf Aleksandr Mişonun lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişi təşkil olunub. Azərbaycan kinosu günü də həmin tarixə əsasən təsis edilib.

R.MƏHƏRRƏMOV

Mədəniyyət